"Bir rəsmin dedikləri" rublikasının budəfəki qonağı sənətşünas Cəmilə Məmmədovadır.
Onunla Xalq rəssamı Maral Rəhmanzadənin "Lənkəran qızlarının rəqsi" əsərindən danışmışıq.
Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M.F.Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Babası şüşəçi, atası zərgər, nənəsi xalçaçı olan M.Rəhmanzadə 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) oxuyub, 1934-1940-cı illərdə təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. Azərbaycan qadınlarına həsr etdiyi "Azərbaycan qadını keçmişdə və bu gün" adlı diplom işini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rektoru, tanınmış rəssam və sənətşünas İqor Qrabarın yüksək dəyərləndirib.
- Cəmilə xanım, əsərin yaranma tarixçəsi haqqında nə deyə bilərik?
- "Lənkəran qızlarının rəqsi" əsəri "Azərbaycan qadınları" silsiləsinə daxil olan əsərlərdən biridir. Bu əsər ilk qadın rəssamımız, professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın, qrafika ustası, milli qadın obrazının kamil yaradıcısı Maral Rəhmanzadə tərəfindən 1970-ci ildə yaradılıb. Burada rəssam Azərbaycanın adət-ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən bəhs edir. Əsərdə rəqs edən qızların incəliyi və zərifliyi canlanır. Tabloda rəqs edən üç qız təsvir olunub. Qızlar əllərini yuxarı qaldıraraq rəqs edirlər. Onların geyim eskizləri Maral Rəhmanzadənin möhtəşəm fırça ustası olduğunu sübut edir.
- Rəssamın yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərirdi?
- Maral Rəhmanzadə əsərində sənətimizin zəngin adət-ənənələrini özündə birləşdirmişdi. Dinamika, mimika və jestlər, naxışların ritmik təkrarlanması əsərə canlılıq gətirir. Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən idi.
- Əsərin rəng koloriti necədir?
- Əsərin rəg koloriti həllində axromatik rənglərdən istifadə olunub. Rənglərin uğurlu seçimi nəticəsində əsər tamaşaçını yormur. Sanki rənglər də qızların zərifliyi ilə səsləşir.
- Əsərdə daha çox qara rəng görünür.
- Qara geyimlərin üzərində müxtəlif naxışların göstərilməsində isə ağ rəngin rolu çoxdur.
- Sizcə, bu əsər bizə nə deyir?
- Rəsmdə rəqs edən qızlar təsvir edilir, Lənkəran rayonuna aid geyim eskizləri göstərilir. Geyimlərin də üzərində müxtəlif naxışlar var ki, onlar Azərbaycanda adət-ənənələrin qorunub saxlanılmasının göstəricisidir. Ümumiyyətlə, Azərbaycan qadınları Maral Rəhmanzadənin əsərlərində çinar qamətli, məğrur, azad, əzəmətli qadınlar kimi təsvir olunub. Rəssamın yaradıcılığının erkən dövründə çəkdiyi dəzgah rəsmləri silsiləsindən olan "Azərbaycan qadını keçmişdə və bu gün", "Qadınlar müharibə illərində" və başqa əsərlərində qoçaq, ağıllı, gözəl, mərd Azərbaycan qadınlarının həyatı, məişəti, qəhrəmanlığı öz əksini tapıb.
Aytac SAHƏD