|
|
|
|

2016-cı ilin Aprel döyüşlərinin Azərbaycanın tarixində, Vətən müharibəsinə aparan yolda və böyük zəfərimizdə mühüm rolu oldu. Dördgünlük müharibə zamanı təkcə Ermənistan deyil, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Hər şey ondan başladı ki, 7 il əvvəl, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində ardıcıl təxribatlara əl atdı. Buna cavab olaraq ordumuz əks-əməliyyat həyata keçirdi. Döyüşlər nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mühüm və strateji əhəmiyyətli mövqelər azad olundu. Aprelin 4-də Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, o zaman mövcud olan təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma hərbçilərimiz bu hücumun qarşısını şücaətlə alaraq, Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı və qarşı tərəf öz məqsədinə nail ola bilmədi.
Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş idi. Həmin döyüşlər eyni zamanda Ermənistan ordusunun gücü barədə yayılan mifi də darmadağın etdi. Məlum oldu ki, Ermənistan ordusu heç də təbliğ etdikləri qədər deyil. Dörd il sonra, Vətən mühaibəsində bu mif ümumiyyətlə, yerlə bir oldu. Döyüşlər Ermənistanın xahişləri, yalvarışları ilə Rusiyanın vasitəçiliyi ilə 2016-cı il aprelin 5-də dayandırıldı. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində qarşı tərəfin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldü, 500-dən artıq döyüşçüsü yaralandı. Eyni zamanda döyüşlərdəki ağır məğlubiyyət Ermənistanın siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Ermənistan silahlı qüvvələrində istefalar baş verdi, həbslər oldu.
Bu döyüşlər Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi. Aprel şəhidləri isə xalqımızın qüdrətini, qələbə əzmini bir daha sübut etdi.
Prezident İlham Əliyev aprel döyüşlərində əldə edilmiş qələbə ilə bağlı deyib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir... Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu".
Uğurlu aprel qələbəsindən iki il sonra ordumuz daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.
2018-ci il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi. Həmin paradda 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğaldan azad olunmuş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları nümayiş etdirildi. Paradda çıxış edən Prezident İlham Əliyev demişdir ki, gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.
Və o gün gəldi, azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi.
Vurğuladığımız kimi, Aprel döyüşləri Vətən müharibəsində böyük qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Bu, döyüşdə qazanılan təcrübə İkinci Qarabağ müharibəsində uğurla tətbiq olundu.
Prezidentin dediyi kimi, Böyük Qayıdışımız məhz Cəbrayıldan, Aprel döyüşlərində azad olunmuş Cocuq Mərcanlı kəndindən başladı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.
Aprel döyüşlərində göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.



