|
|
|
|

Martın 28-da Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı bir sıra suallar doğurdu. Terror aktının sifarişçisi, səbəblər barədə müxtəlif versiyalar irəli sürülməkdədir. Qeyd edək ki, deputat evinin qarşısında terrora məruz qalıb və iki güllə yarası alıb. Hazırda xəstəxanada müalicəsi davam edən F.Mustafanın durumu yaxşılaşmağa doğru gedir. Baş vermiş hadisə dövlət başçısının xüsusi nəzarətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı dövlət başçısı tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib. Hadisə ilə bağlı cinayət işi də açılıb.
Terror aktı ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda Azərbaycanın hüquq mühafizə orqanları cinayətkarları aşkarlamaq üçün zəruri addımlar atırlar. Hadisələrin gedişini analiz etdikdə bu terror aktının arxasında İranın dayandığı şübhəsi artır. Birincisi, silahlı hücumun törədildiyi tarixə nəzər salanda, aydın olur ki, Fazil Mustafaya qarşı hücumun vaxtı heç də təsadüfi seçilməyib. Bu tarix bir çox önəmli hadisələrin baş verdiyi zamanla üst-üstə düşür. Azərbaycan bir gün sonra, martın 29-da İsraildə səfirlik açır, xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti bu məqsədlə İsrailə səfər edir. Eyni zamanda, ordumuz Qarabağa qanunsuz yollarla silah-sursat daşınmasının qarşısının alınması üçün əməliyyat keçirir. Terror aktının Azərbaycanın xüsusi xidmət orqanlarının yaradılmasının 104-cü ildönümü günü baş verməsi onu göstərdi ki, xüsusi xidmət orqanlarımızın ölkədə sabitliyi və təhlükəsizliyi peşəkar səviyyədə təmin etməsi İranın xoşuna gəlmir.
Bundan əlavə, F.Mustafa öz çıxışlarında İranın Azərbaycana yönəlik mənfur siyasətini, dini fəaliyyət sahəsindəki bir sıra xoşagəlməz prosesləri hər zaman sərt tənqid edib. Başqa bir məqam, terror dövləti olan İran uzun müddətdir ki, Azərbaycana qarşı düşmənçilik siyasəti aparır, ölkəmizin zərər çəkməsi üçün var qüvvəsi ilə çalışır, bu məqsədlə Ermənistanla yaxından əməkdaşlıq edir.
Bu, son dövrlərdə İranın, Azərbaycana qarşı törətdiyi ikinci terror əməlidir. Bundan əvvəl rejim Tehrandakı səfirliyimizə terror hücumu təşkil edib, hadisə nəticəsində təəssüf ki, səfirliyimizin bir əməkdaşı qətlə yetirildi. Səfirliyimizə qarşı hücuma görə heç kəsin cəzalandırılmaması bir daha göstərir ki, İran terrorçu mahiyyətə malik dövlətdir və bu ölkədə terror törətmək cinayət sayılmır. İranın Azərbaycana qarşı terror siyasəti bu iki hadisə ilə bitmir. Tarixdən də İran xüsusi xidmət orqanlarının Azərbaycanda törətdiyi terror faktları hər kəsə məlumdur. Akademik Ziya Bünyadovun, yazıçı-jurnalist Rafiq Tağının qətli, Bakıda "Avroviziya" mahnı müsabiqəsi keçirilən zaman İranın ölkəmizdə planlaşdırdığı terror həmlələri haqqında çoxsaylı məlumatlar var idi.
Ümumilikdə, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi bütün çətinliklərdə, ağır vəziyyətlərdə İranın şər barmağı olub. Bu baxımdan İranın Azərbaycana münasibəti işğalçı Ermənistanın münasibətindən heç nə ilə fərqlənməyib. Faktlar isə bir daha onu göstərir ki, molla rejimi Azərbaycana qarşı patoloji kin və nifrət bəsləyir. Səbəb də elə Azərbaycan dövlətinin varlığı, getdikcə daha da güclənməsi, torpaqlarını azad etməsidir. Qeyd etdiyimiz kimi, İran mahiyyət etibarı ilə terrorçu dövlətdir. İranın terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir. Dünyada terrorçu kimi tanınan bu dövlət bu gün öz adını Azərbaycana qoymağa çalışır. Belə ki, İran ordusunun Quru Qoşunlarının komandanı Kiomərs Heydəri bir neçə gün əvvəl ölkəmiz əleyhinə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirərək, Azərbaycanda guya "sionist" qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edib. O, eyni zamanda, İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyib. Ancaq Azərbaycanın Müdafiə Nazirliyi terrorçu dövlətə layiq olduğu cavabı verib. MN bəyan edib ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. "44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan Ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək Zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülüş doğurur".
Terroru dövlət siyasətinə, mübarizə vasitəsinə çevirən İran bütün dünya üçün təhlükə olaraq qalmaqdadır. Molla rejimi Cənubi Qafqazda gərginlik ocaqları yaratmağa çalışır. Azərbaycan İranın təhdidlərinə cavab vermək, özünü təhlükələrdən qorumaq gücündədir. Amma dünyanın artıq İran adlı təhlükəni, terrorçunu daha açıq gözlə görməsinin zamanı çoxdan çatıb. Əks halda, şeytan xislətli terror dövlətinin əli çox uzanacaq.



