|
|
|
|

Məlum olduğu kimi, ABŞ administrasiyası 120 ölkə liderini demokratiya sammitinə dəvət edib. Ötən il olduğu kimi, Azərbaycan bu il də sammitə dəvət almayıb. Əslində, dəvətlilər siyahısına nəzər salanda, ABŞ-ın seçim prosesində necə "ədalətli" olduğunu görmək çətin deyil. Demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin tədbirə çağırılması, Azərbaycanla yanaşı, Türkiyənin, Avropa İttifaqının üzvü olan Macarıstanın kənarda qalmasının izahı nədir?
Məsələn, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya və digər bu kimi dövlətlər siyahıda var. Bu məqamı qeyd etməkdə məqsəd hansısa ölkənin demokratiya səviyyəsini ölçmək deyil, ABŞ-ın qərəzini, ikili standartlardan çıxış etməsini, demokratiya anlayışını göstərməkdir. Ermənistanın sammitə dəvəti isə dediyimizi bir daha sübut edir. Hansı demokratiya? Ümumiyyətlə, demokratiya adı altında keçirilən bu sammitin mənasız bir tədbir olması və Amerikanın qlobal səviyyədə rəqiblərinə qarşı yönəldiyi artıq bütün dünyaya məlumdur. Bu cür münasibətin əsas yaranma səbəbi, qeyd etdiyimiz kimi, sammitə dəvət olunan dövlətlərin qərəzli, ədalətsiz və qeyri-sağlam məntiqlə seçilməsidir.
Ermənistan kimi işğalçı, terroru dəstəkləyən, anti-demokratik dövlətin sammitə dəvət edilməsi sözün əsl mənasında fiaskodur. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bütün siyasi rəqiblərinə qarşı açıq şəkildə repressiya həyata keçirdi. Onların bir qismi həbs edildi, digər qismi isə zor gücü ilə susduruldu. Ermənistanda elementar insan hüquqlarından, söz azadlığından söhbət belə gedə bilməz. Belə olan halda, Paşinyanın "demokratiya sammiti"nə dəvət edilməsi, Ermənistan üçün zorla demokrat imici yaratmaq cəhdindən başqa bir şey deyil. Paşinyan isə əvəzində ikili oyununu davam etdirir. Ukraynadakı müharibə ilə bağlı yekun sənədə imza atmaqdan boyun qaçırmaqla, rəsmi Vaşinqtona bir daha göstərdi ki, o, Rusiyanın yanındadır.
Elə Fransa da Ermənistandan geri qalmır. Özünü demokratiyanın "beşiyi" sayan bu ölkədə etirazçılara qarşı dünyanın heç yerində görünməmiş şəkildə zorakılıq tətbiq edilir, gücdən istifadə olunur.
Milli Məclisin deputatı Vüqar İskəndərov hesab edir ki, ABŞ-ın demokratiya sammitinə dəvət etdiyi ölkələr arasında Azərbaycanın yer almaması, bunun əvəzində Ermənistana dəvət göndərilməsi növbəti ikili standartların nəticəsidir: "Sammit rəhbərliyinin ermənipərəst mövqeyi bu dəfə də özünü göstərdi. ABŞ-ın Cənubi Qafqazda ayrı-seçkilik etməsi regionda müəyyən qarışıqlıq yaratmaqdan başqa bir şey deyil. Çünki Cənubi Qafqazın 3 dövlətindən Azərbaycan dəvət almır, Ermənistan alır, Gürcüstandan isə Baş nazir yox, prezident dəvət edilir. Bu, Cənubi Qafqazı bölmək və ayırıcı xətlər çəkmək siyasətidir. Əlbəttə, ABŞ kimi super güc dövlətlərin həmişə parçalama, bölücü siyasəti Cənubi Qafqazda da özünü göstərir. Bu regiona bu cür yanaşma, həmçinin dini ayrı-seçkiliyin də nəticəsidir".
O bildirib ki, ABŞ-ın Ermənistanı demokratik ölkə hesab etməsi olduqca gülünc mənzərədir: "Maraqlıdır, Ermənistan hansı əsasla demokratik ölkə hesab edilir? Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun Ermənistanda insan hüquq və azadlıqlarının pozulması faktları ilə bağlı ötən həftə açıqladığı faktlar da bunun əyani sübutudur. Təkcə onu göstərmək kifayətdir ki, 2022-ci ilin aprel-iyul aylarında Ermənistanda keçirilən etiraz aksiyaları qəddarlıqla dağıdılıb, ümumilikdə 2100-dən çox etirazçı saxlanılıb. Həmçinin siyasi səbəblərdən bir sıra vətəndaşların Ermənistana girişinə qadağa qoyulub. Bu baxımdan demokratiya sammitinin özünə də bir demokratik baxış lazımdır. Çünki bu cür yanaşma ilə demokratiya sammitinin təşkilinin özü də ikili standart toplusudur. Qardaş Türkiyənin də sammitə dəvət almaması fikirlərdə növbəti suallar yaradır. Seçki prosesi öncəsi ABŞ-ın belə bir addımı görünür düşünülmüş və iqtidara zərbə məqsədi ilə atılmış addımdır. Son illərdə dünyada beynəlxalq norma və prinsiplərin pozulması, bu cür təşkilatların da funksionallığını aşağı salıb. Çünki artıq dünyada ədalətli mövqe deyə bir mövqe demək olar ki, qalmayıb".



