|
|
|
|

Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqət doğuran hadisədir. Sovetlər Birliyinin süqutundan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə yaxın əlaqələr qurub. Son illər ərzində bu əlaqələrin daha da inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün yox, həm də bütün Türk dünyası üçün önəmlidir.
Politoloq İlqar Vəlizadə "525"ə açıqlamasında bu səfərlərin təkcə ikitərəfli münasibətlərə yox, regionlar arasındakı münasibətlərin inkişafına da təkan verdiyini bildirib: "Bu səfərlər rəsmi səfərlər olduğuna görə çox vacib və önəmlidir. Adətən dövlət səfərləri işgüzar səfərlərdən ona görə fərqlənir ki, dövlət səfərləri çərçivəsində vacib sənədlər imzalanır. Son vaxtlar Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə rəsmi səfərləri çərçivəsində imzalanmış sənədlər və institutsional baza xeyli yenilənib. Bu da ondan xəbər verir ki, həqiqətən də münasibətlər yeni mərhələyə keçir. Həmçinin, bu səfərlər təkcə ikitərəfli münasibətlərə yox, həm də regionlar arasındakı münasibətlərin inkişafına təkan verir. Bu münasibətlər Mərkəzi Asiyanı Cənubi Qafqazla bağlayan münasibətlərdir".
Bu səfərlərin doğurduğu iqtisadi faktorlara toxunan politoloqun sözlərinə görə, son illər Azərbaycanın regionda və dünyada tranzit ölkə kimi əhəmiyyəti xeyli dərəcədə artıb və son səfərlər çərçivəsində imzalanmış sənədlər əsasən iqtisadi mühitin yaxşılaşdırılması və investisiya layihələrinin həyata keçirilməsi ilə bağlıdır: "Bu səfərlər zamanı imzalanmış sənədlərə nəzər yetirsək, görərik ki, bunların əksəriyyəti məhz iqtisadi məsələlərə həsr olunub. Burada söhbət təkcə sırf ticarət dövriyyəsinin artırılmasından yox, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsindən gedir. Bu addımlar Azərbaycan iqtisadiyyatı ilə Mərkəzi Asiya dövlətlərinin iqtisadiyyatı arasında daha sıx bağlılığı təmin edir".
Mərkəzi Asiya ölkələrinə səfərlərin son ilyarımda daha müntəzəm xarakter almasına toxunan İ.Vəlizadə bildirib ki, bu müddət ərzində Azərbaycan Prezidenti demək olar ki, bütün Mərkəzi Asiya ölkələrinə rəsmi səfər edib və Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin də böyük bir qismi Azərbaycanda rəsmi səfərdə olublar: "Bu da ondan xəbər verir ki, doğurdan da Azərbaycan-Mərkəzi Asiya münasibətləri xüsusi önəm kəsb edir. Dünyada gedən proseslərlə bu proseslər çox sıx uzlaşır. Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra demək olar ki, Azərbaycandan Mərkəzi Asiyaya keçən dəhlizlər, yollar Avropanı Mərkəzi Asiyaya birləşdirən, alternativi olmayan yollara çevrilib. Əvvəllər Avropadan Mərkəzi Asiyaya bu yollar Rusiya vasitəsilə keçirdi və indi həmin yollar demək olar ki, işləmir. Nəticədə yeganə alternativ yol Azərbaycandan keçir. Digər tərəfdən, Mərkəzi Asiya ölkələri ilə Avropanı birləşdirən kommunikasiyalar yenə də Azərbaycandan keçir. Eləcə də Çini Avropa ilə birləşdirən kommunikasiyalar Mərkəzi Asiya və Cənubi Qafqazdan, yəni Azərbaycandan keçir. Bu da həm Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin nüfuzunu artırır, onların həm geosiyasi, həm də iqtisadi baxımdan dayanıqlığını möhkəmləndirir. Bu səfərlər də təsadüfi deyil. Digər tərəfdən, həm zərbaycan. Həm də Mərkəzi Asiya ölkələri çalışır ki, dünya səhnəsində daha müstəqil rol oynasınlar, fövqəldövlətlərdən asılı olmasınlar. Bunu təmin etmək üçün əlbəttə, biz bir-birimizlə münasibətləri möhkəmləndirməliyik, öz resurslarımıza, potensialımıza güvənməliyik. Bu prizmadan yanaşdıqda isə münasibətlərin sıx olması təbii ki, zəruridir. Ona görə də bunun fonunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq güclənir. Burada Türkiyənin Mərkəzi Asiya dövlətlərinə olan münasibətini də nəzərə almaq lazımdır. Bu əlaqələr də son vaxtlar sürətlə genişlənir. Türkiyəni Mərkəsi Asiya ilə birləşdirən rabitə və nəqliyyat infrastukturu isə Azərbaycandan keçir. Bu da əlbəttə, Azərbaycanın Mərkəzi Asiya ölkələri üçün önəmli rol oynamasına səbəb olur".
Fərid SANÇAR



