|
|
|
|

Türkiyənin son illərdəki inkişafı, xarici siyasət, təhlükəsizlik və digər sahələrində qazandığı uğurlar qardaş ölkəni regional və qlobal gücə çevrib. Ümumiyyətlə, son 20 ilin xronologiyasına nəzər salanda, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin indiki mövqeyə çatması üçün bir çox istiqamətlərdə atdığı inqilabi xarakterli addımlar göz önünə gəlir. Əlbəttə ki, hazırkı mövqedə olmaq asan başa gəlməyib, amma qardaş ölkə bunu bacarıb. Türkiyənin müdafiə sənayesi və texnologiyalar sahəsində əldə etdiyi uğurlar, bütün dünyada cərəyan edən böhrana baxmayaraq, iqtisadiyyatının artması qardaş ölkənin gücünün, aparılan siyasətin nəticəsidir. Türkiyənin güclənməsi isə təbii ki, həm də Azərbaycanın güclənməsi, türk dünyasının birliyinin möhkəmlənməsi deməkdir.
2023-cü il aprelin 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının fövqəladə Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev bu məqama toxunaraq deyib: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir".
Ümumiyyətlə, son 20 ildə Azərbaycan-Türkiyə münasibətlərində çox ciddi uğurlar əldə olunub. Şuşa bəyannaməsinin imzalanması ilə ölkələrimizin münasibətləri müttəfiqlik səviyyəsinə çatıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı "525"ə bildirib: "Azərbaycan və Türkiyə müasir siyasi tariximizdə yeni geosiyasi reallıqlara imza ataraq regional coğrafi xəritədə nüfuz sərhədlərini genişləndirməkdədir. Qardaş ölkələr arasında möhkəmlənən əməkdaşlığın əbədi və sarsılmazlığı bu gün bütün dünyaya nümayiş olunur. Bu gün dünyanın ən qlobal layihələri olan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP, TAP kəmərlərinin reallığa çevrilməsi məhz 2 qardaş ölkənin əməyinin nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatlarda, dünya siyasətinin qlobal problemlərinin həll olunduğu müstəvidə eyni mövqedən çıxış edən Azərbaycanla Türkiyəni birləşdirən iqtisadi münasibətlər, qlobal enerji, nəqliyyat layihələri bütünlükdə Avropa ölkələri üçün həyati zərurətə çevrilib".
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü A.Hüseynov əlavə edib ki, Azərbaycan və Türkiyənin iqtisadi gücü də örnəyə çevrilib: "Hazırda 5 milyard dollara yaxın ticarət əməliyyatları aparan 2 ölkə hədəfi 15 milyarda çatdırmağı seçib. Bu, həm də Türk dövlətləri arasında birgə iqtisadi inteqrasiya üçün yaşıl işıq yandırır. Türk Dövlətləri Təşkilatı arasında gömrük zonasının yaradılması, ən mühüm trans-qlobal iqtisadi layihə olan Çindən Avropaya uzanan "Bir kəmər, bir yol" layihəsinin Orta Dəhlizi üzərində bu ölkələrin yerləşməsi bölgədə yeni iqtisadi xəritə formalaşdırır.
Millət vəkli bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanla son günədək çiyin-çiyinə olan qardaş ölkənin ədalətsiz mövqe sərgiləyən qlobal güclərə yerini göstərməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa bəyannaməsini imzalaması və hazırda regionda yaranmış yeni reallıqlara uyğun proseslərdə daha ön planda dayanması yeni Türkiyənin bölgənin siyasi nəbzini ölçən lider ölkə olmasını təsdiqləyir: "Cənab Ərdoğanın Şuşaya, Füzuli və Zəngilana səfərləri, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışına qatılması da yeni siyasi nüfuz mərkəzinin formalaşdığını təsdiqləyir. Bu, Ankara hökumətinin bölgədə xüsusi fəal gücünün göstəricisi olmaqla yanaşı, qlobal səviyyədə sülhə geniş yol açdığını göstərir".
Aydın Hüseynov bildirib ki, bölgədə yerləşən ölkələr, dünya gücləri Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Azərbaycanın və Türkiyənin regionda birgə nizamlama proseslərində fəaliyyəti məlumdur. Hazırda Azərbaycan və Türkiyənin yaratdığı yeni reallıqların bir hissəsi olan Zəngəzur dəhlizi də məhz "Bir kəmər, bir yol" layihəsinin Orta xəttində yer alacaq. Beləliklə, Orta Asiyanın türk dövlətlərinin də bağlandığı bu siyasi marşrutda Ankara və Bakı geosiyasi olaraq böyük qitə coğrafiyasının əsas mərkəzinə çevriləcək. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Ona görə də qardaş ölkənin iqtisadi və siyasi qüdrətinin artması qarşıdakı illərdə bizim üçün də geosiyasi əhəmiyyət kəsb edir".
Millət vəkili Vüqar Bayramov: "Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə müttəfiqlik bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmasa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq. Digər tərəfdən, Türkiyə 20 il öncə daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur".
Deputat əlavə edib ki, bir ay sonra qardaş Türkiyədə seçki baş tutacaq. Türkiyə vətəndaşları öz prezidentlərini və millət vəkillərini seçəcəklər. Bu seçki son 100 ilin ən vacib seçimlərindən hesab olunur. 2023-cü ildə Türkiyə vətəndaşlarının seçimi uzun illər üçün qardaş dövlətin strategiyasını müəyyənləşdirəcək. Təbii ki, seçmək hüququ Türkiyə vətəndaşlarınındır. İnanırıq ki, qardaş dövlətin vətəndaşları öz doğru seçimləri ilə ölkələrinin inkişafını dəstəkləyəcəklər. Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətlidir. İnanırıq ki, nəticələr mövcud düzənin möhkəmlənməsinə xidmət edəcək".



