|
|
|
|

Ermənistanın son təxribatları, vandal hərəkətləri bu ölkənin nəinki sülhə hazır olduğunu, eyni zamanda bütün səylərinin normallaşma prosesini əngəlləməyə, gərginliyi artırmağa yönəldiyini göstərdi. İrəvan bir tərəfdən şərti sərhəddə təxribata əl atdı, bu təxribat hər iki tərəfin itki verməsi ilə nəticələndi. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş iki əsgərimizi əsir götürərək, heç bir səbəb olmadan onlara cinayət işi açaraq həbs edir. Ən dəhşətlisi isə budur ki, bütün beynəlxalq konvensiyaları, müvafiq hüquqi sənədləri kobudcasına pozaraq Azərbaycan əsgərinə qarşı qeyri-insani rəftar yol verib, fiziki güc və işgəncə tətbiq edilib. Bu, 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır. Cenevrə konvensiyasında əsirlərlə, girovlarla necə davranmaq qaydaları əksini tapıb. Belə ki, əsirlərə və girovlara qarşı insani və layiqli rəftar hüququ təmin olunmalıdır. Əgər hansısa silahlı müqavimət imkanı mövcud deyilsə, güc tətbiq olunması halı da istisnadır. Belə olan halda, əlləri bağlı olan əsgərimiz hansı təhlükəni törədə bilərdi?! Digər tərəfdən Azərbaycan əsgərinin ilk olaraq mülki ermənilər tərəfindən vəhşicəsinə döyülməsi etnik zəmində zorakılığın növbəti nümunəsi olmaqla yanaşı, erməni cəmiyyətində azərbaycanlılara qarşı nifrətin hansı həddə olduğunu göstərir. Görünən odur ki, Ermənistan rəhbərliyi ötən müddət ərzində öz cəmiyyətini sülhə hazırlamaq üçün hər hansı addımı atmayıb. Bunun başqa bir nümunəsi isə beynəlxalq idman yarışında əvvəlcə Azərbaycanın bayrağının yandırılması, ardınca həm Azərbaycanın, həm də Türkiyənin bayrağına qarşı vandallıq aktının törədilməsidir. Baxmayaraq ki, 30 ilə yaxın məhz bizim torpaqlarımız işğal altında qalıb, Ermənistan tərəfindən dəhşətli müharibə cinayətlərinə məruz qalmışıq, Xocalı kimi amansız bir soyqırımı törədilib, 44 günlük müharibədə mülki yaşayış məntəqələrimiz vurulub, bununla belə Azərbaycan cəmiyyəti daha humanist, insani rəftar nümayiş etdirir. 44 günlük müharibədə qələbə çalan Azərbaycan dərhal qarşı tərəfə sülh təklif etdi. Həmçinin, bu istiqamətdə Bakı əməli addımlarını atır. İndiyədək saxlanılan heç bir erməni əsirə, girova qarşı hansısa qeyri-insani rəftara, işgəncəyə yol verilməyib. Onlarla bütün beynəlxalq konvensiyalara uyğun davranılıb. Ailələri ilə telefonla danışmaq imkanı yaradılıb, müvafiq tibbi xidmət göstərilib. Yaralı erməni əsgərinə məhz Azərbaycan əsgəri ilk tibbi yardımı göstərib. Hətta 44 günlük müharibədə Azərbaycan Ordusu hər hansı müharibə cinayətinə yol vermədi, mülki insanları hədəf almadı. Ləyaqətlə müharibə apardı. Ermənistan isə bunun əksini sərgiləməkdə davam edir. Ən acınacaqlısı isə budur ki, əsgərlərimizə baş çəkən Ermənistan ombudsmanı onların işgəncə və ya pis rəftarla əlaqədar şikayətlərinin olmadığını açıqlayıb. Azərbaycanlı əsgərin zorakılığa məruz qalması görüntüsünü bütün dünyanın gördüyü bir halda erməni ombudsmanın bu açıqlaması təbii ki, faktı gizlədə bilməyəcək. Qeyd etdiyimiz kimi, Ermənistanın Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb. Əvvəlcə onların guya gözətçini öldürdüyünü desələr də, sonra özləri bunu təkzib etdilər. Cinayət işi cəfəng maddələr əsasında açılıb. Əsgərlərimiz Aqşin Bəbirov və Hüseyn Axundov bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzunu "525"ə şərh edərkən deyib: "Ermənistan döyüş meydanında, siyasi sahədə və psixoloji baxımdan Azərbaycana məğlub olub. Bu məğlubiyyətdən sonra 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atdı. Amma necə ki, 1994-cü ildə atəşkəs haqqında Bişkek anlaşmasını imzaladıqdan sonra 28 il ərzində arxasında dayanan güclər tərəfindən barış masasına oturdulmadısa, 10 noyabr sazişindən də 30 ay keçməsinə rəğmən sülh prosesindən yayınmaqdadır. Ermənistanın son təxribatları, o cümlədən, şərti sərhəddəki terror fəaliyyəti, əsgərlərimizə qarşı qeyri-insani davranışı, İrəvandakı beynəlxalq yarışda öncə Azərbaycan bayrağının yandırılması, sonra həm Azərbaycan, həm Türkiyə bayraqlarına qarşı etdikləri hörmətsizlik, tərbiyəsizlik beynəlxalq hüququn, Cenevrə konvensiyasının kobud şəkildə pozulmasıdır. Bu davranışlar birmənalı şəkildə Ermənistanın sülh sazişi imzalamaq istəmədiyini, sadəcə vaxt uzatmaqla məşğul olduğunu göstərir. Təbii ki, bütün bunlar barışı, sülhü, regionda sabitliyi, hüzuru gecikdirən, "3+3" platforması çərçivəsində başladılan prosesə əngəl yaradan davranışlardır. Eyni zamanda Ermənistan dövlətinin və onun arxasında duran güclərin niyyətini əks etdirir. Buna görə Azərbaycan dövləti və Türkiyə Cümhuriyyəti qarşı tərəfin keçmişdə sərgilədiyi bütün davranış nümunələrini, hərəkətlərini nəzərə alaraq böyük gözləntiləri olmadan beynəlxalq hüquq çərçivəsində lazım olan addımları atmalıdırlar. Azərbaycan əsgərinə, torpaq bütünlüyünə qarşı edilən hər bir əmələ beynəlxalq hüququdan irəli gələn haqqımız çərçivəsində misli ilə qarşılıq verilməlidir".
Generala görə, Azərbaycan qalib dövlət olaraq bir yandan sülh üçün əlini uzadıb, bu məqsədlə lazım olanı edir: "Əgər Ermənistan müharibədən sonrakı 30 aya yaxın zaman ərzində sülh üçün heç bir addım atmırsa, əksinə, torpaqlarımıza, əsgərlərimizə qarşı təxribat törətməkdə davam edirsə, təbii ki, bütün bunlar sabitliyin pozulmasına, sülh sazişinin imzalanmasının zorlaşdırılmasına gətirib çıxarır. Həmçinin, qarşılıqlı olaraq etimad mühütini zədələyir. Azərbaycan əlbəttə ki, daha 28 il gözləməyəcək. Bunu bütün tərəflər bilməlidirlər. Eyni zamanda onu da unutmasınlar ki, beynəlxalq hüquqdan irəli gələrək Azərbaycan öz ərazisində antiterror əməliyyatlarına başlamaq haqqına sahibdir".



