|
|
|
|

Türkiyə Cümhuriyyəti son 20 ildə böyük bir inkişaf yolu keçib, siyasi müstəvidə çox mühüm üstünlüklər əldə edib. Eyni zamanda, güclü iqtisadiyyata, müdafiə sənayesinə malik olan qardaş ölkə beynəlxalq arenada böyük nüfuz sahibidir. İyirmi il öncədən fərqli olaraq bu gün Türkiyə qlobal hərbi-siyasi güclər arasında vasitəçilik missiyası həyata keçirir. Əlbəttə ki, 20 ildə əldə edilən bütün uğurlar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın siyasəti sayəsində mümkün olub. Türkiyə Cümhuriyyətinin 100 illik tarixində hazırkı hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlər, tez-tez hakimiyyət dəyişiklikləri, Türkiyənin hansısa güclərin diqtəsi ilə hərəkət etməsi qardaş ölkənin inkişafının, güclənməsinin qarşısını alırdı. Ərdoğanın dövründə isə Türkiyə müstəqil aktor mövqeyinə yüksələrək, özü diqtə etməyə, gündəliyini formalaşdırmağa başladı. Artıq hansısa güc Türkiyəyə nə etməli olduğunu diktə edə bilmir. Türkiyənin maraqları üçün lazımi qərarlar kənar masalarda deyil, Ankarada qəbul edilir. 21 il ərzində Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə regional gücdən qlobal söz sahibinə çevrilib. Türkiyə ordusuna, ümumi hərbi potensialına görə ABŞ-dan sonra NATO-da ikinci dövlət, "Böyük iyirmilik"də əsas üzvlərdən biridir. Belə ki, Türkiyə G20 daxilində ÜDM-nin artım tempinə görə ilk beşliyə daxildir. Türkiyə güclü iqtisadiyyata malik ölkə olaraq ÜDM-nin səviyyəsinə görə dünyada 18-ci yeri tutur. Son 20 ildə yüksək inflyasiya dərəcələri və onu müşayiət edən yüksək volatillik sürətlə azaldılıb və 2003-cü ildən sonrakı dövrdə inflyasiya nəzarətdə saxlanılıb.
Son 20 ildə böyük hədəflərə çatan, güclənən Türkiyənin və onun liderinin səyləri nəticəsində həm də Türk dünyası birləşir, Türkdilli dövlətlər arasında həmrəylik artır. Türkiyə ən yaxın müttəfiqi olan Azərbaycanla bu istiqamətdə səylə çalışır və artıq bir sıra nəticələrə nail olunub.
Milli Məclisin deputatı Musa Qasımlı mövzu ilə bağlı "525"ə deyib ki, qardaş Türkiyənin son 20 ildə uğurlarının təməlində yürüdülən düzgün siyasət dayanır. Türkiyədə uzun illər boyu mövcud olan koalisiyalı hökumətlər zamanında ölkə həmişə geri gedib. Tək partiya hakimiyyətdə olanda isə bütün məsuliyyəti öz üzərinə götürüb, ölkənin inkişaf strategiyasını müəyyənləşdirib və həyata keçirib".
Deputat deyib ki, Türkiyə bir zamanlar müdafiə sənayesi üçün lazım olan silah-sursat və avadanlığı xaricdən almağa möhtac idi: "2003-cü ildən sonra Türkiyə müasir müdafiə sənayesi yaratdı və onun məhsulları dünya bazarlarına çıxarılıb. Türkiyə bu gün dünyanın G20 dövlətlərindən biridr. Özünün müstəqil xarici siyasəti ilə qarşısına qoyduğu hədəflərə doğru gedir. Son 20 ildə Türkiyənin ən böyük uğuru terroru çökdürməsi oldu. İlk dəfə olaraq Türkiyə bu oyunu pozdu və ölkə sərhədlərindən kənarda təhlükəsizliyinin müdafiə edilməsi istiqamətində addımlar atdı".
M.Qasımlı qardaş ölkənin Türk dünyasının birliyi istiqamətində atdığı addımlara da toxunub: "Heç şübhəsiz ki, Türkiyənin güclü olması, Azərbaycanla bərabər hərəkət etməsi Türk dünyası qarşısında yeni üfüqlər açdı. Bunlardan da ən vacibi Türk Dövlətləri Təşkilatının yaradılması oldu. Buna qədər keçirilən müxtəlif səviyyədə toplantılar artıq böyük bir yol keçərək Türk Dövlətləri Təşkilatının yaradılmasına gətirib çıxardı. Açıq şəkildə söyləmək lazımdır ki, Türkiyənin güclü, qüdrətli dövlət olmasının səbəblərindən biri də Azərbaycanla uğurlu əməkdaşlıq etməsi oldu. Azərbaycanın bütün neft və qaz boru kəmərlərinin qardaş Türkiyə ərazisindən keçməsi Türkiyənin dünya siyasətində rolunu artırdı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli ölkəyə çevirdi".



