|
|
|
|

Azərbaycan-Fransa münasibətlərində xeyli müddətdir ki, soyuqluq hökm sürür. Münasibətlərin bu həddə gəlməsinin səbəbkarı elə Parisin özüdür. Fransanın ermənipərəst dövlət olduğu məlumdur. Ancaq bu ölkənin Azərbaycana qarşı davranışları, bəyanatları onun həm də öz dəyərlərinə arxa çevirdiyini göstərir. Belə ki, xüsusilə, İkinci Qarabağ müharibəsinin gedişində və ondan sonrakı dönəmdə rəsmi Parisin tutduğu mövqe, Azərbaycan ərazisindəki separatçılara açıq dəstək verməsi, ərazi bütövlüyümüzə və suverenliyimizə kölgə salan bəyanatları bu ölkənin öz dəyərlərini, beynəlxalq hüququn əsas prinsiplərini tapdaladığını nümayiş etdirdi. Fransa Senatının Azərbaycan əleyhinə qərəzli qətnamələri, Xarici İşlər Nazirliyinin əsassız bəyanatları da qeyd olunanların təsdiqidir. Fransa Senatı bu qətnamələri qəbul etməklə Azərbaycanla münasibətlərə sarsıdıcı zərbə vurmuş oldu.
Fransa XİN-nin 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsini yaratması ilə bağlı bəyanatı da bu sıraya aiddir. Çünki Azərbaycan öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edib ki, bu da hər bir ölkənin, o cümlədən, Azərbaycanın suveren və legitim hüququdur.
Aprelin 27-də Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ölkəmizdə səfərdə oldu və rəsmi Bakının mövqeyi bir daha onun diqqətinə çatdırıldı.
XİN rəhbəri Ceyhun Bayramov bildirdi ki, bu illər ərzində Fransa bir dəfə də olsun Ermənistana çağırış etməyib. Eyni zamanda o, Laçın yolunun hər zaman açıq olduğunu bir daha diqqətə çatdıdıb.
Kolonnanın səfərinin məqsədi nə idi? Bundan sonra Azərbaycan-Fransa münasibətlərində müsbətə doğru dəyişiklik baş verəcək?
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə şərhində bildirib ki, Fransa uzun illər boyu Avropanın aparıcı gücü olub. Ötən əsrin ortalarından etibarən Fransa birinci sıradakı güc rolunu itirib: "Yəni Fransa dünya siyasətinə müdaxilə etmək statusunu itirib, daha birinci dərəcəli dövlətlər sırasında yer almır, ancaq iddiaları qalıb. Ona görə də hər yerdə olmaq istəyir, lakin biabırcasına da uğursuzluqla qarşılaşır. Liviyada heç nə edə bilmədi, Afrikada böyük təpki ilə qarşılanıb və Fransanı oradan qovurlar, Livana getdi soxuldu, heç nə bacarmadı, Suriyaya girməyə cəhd göstərdi, gördü ki, onluq deyil. Orada Rusiya, Türkiyə, ABŞ və İrandır. İndi Cənubi Qafqazda da quyruq bulayır. Baxmayaraq ki, ürəkləri ermənilərlə bir döyünür, lakin təkcə məqsədləri ermənilərə kömək etmək yox, eyni zamanda guya ermənilərlə bizi barışdırmaqdır. Soruşan lazımdır, səni bura çağıran var? Ona görə yenə də deyirəm ki, boş-boş işlərlə məşğul olmasınlar. Bu gəlişlə Fransa hansısa fayda əldə edəsi deyil. Sadəcə olaraq özləri hay-küy qaldırıblar, parlamentləri əleyhimizə qərarlar qəbul edib, indi Xarici İşlər Nazirliyi məcburdur ki, bir cəhd etsin və desin ki, bəli, biz cəhd etdik, amma alınmadı. Necə gəldi, elə də getdi".
Deputat hesab edir ki, xanım nazirin bəyanatlarından Fransanın mövqeyinin eyni olduğu, hansısa dəyişikliyin baş vermədyi aydın oldu: "Mövqe eynidir, hə, biz Fransayıq, biz Azərbaycanla da çox sıx əməkdaşlıq etmək niyyətindəyik. Bəli, beynəlxalq hüquq var, ancaq ermənilər üçün bir az yumşaqlıq nümayiş etdirin. Nəyə görə? Sərhədimiz nəzarətsiz qalmalı idi? Gedin, öz sərhədinizi nəzarətsiz saxlayın, görək nə baş verəcək? Əgər bu, yaxşı haldırsa, niyə Fransa öz sərhədini nəzarətsiz saxlamır? Bu ölkəyə daxil olmaq üçün viza tələb olunur, onu da almaq çox çətindir, ciddi yoxlamalar həyata keçirilir. Əli silahlı kimsə gedib Fransaya soxula bilər? Əlbəttə ki, yox. Nəyə görə Azərbaycan ermənilər üçün öz ərazisində belə bir şərait yaratmalı, onların silah-sursat daşımasına göz yummalıdır. Bu suala cavab tapa bilmirlər. Nazir deyir ki, tarix belə gəlib, get o tarixini özün üçün danış. İndi XİN rəhbəri xanımdır, nəzakət göstərildi, qəbul olundu, dinlənildi və dedik ki, yaxşı yol, vəssalam".
R.Musabəyov Fransanın bundan sonra Azərbaycana qarşı hər hansı mümkün təzyiqinə də aydınlıq gətirib: "Fransanın Azərbaycana təzyiq etmək imkanı yoxdur. Avropada Azərbaycanı sanksiyalarla hədələmək məsələsində dəstək ala bilmir. Fransa Azərbaycandan neft, qaz almır, Avropa ölkələrinə deyir ki, siz də Azərbaycandan heç nə almayın. Buna isə cavab verirlər ki, ağlını başına yığ, Azərbaycanın indiki şəraitdə qazı, neft məhsulları Avropa üçün su, hava kimi lazımdır. Ona görə də Fransanı heç dinləmək istəmirlər. Eyni mövqeni ABŞ da sərgiləyir. Birləşmiş Ştatlar Fransaya deyir ki, get, öz işinlə məşğul ol. Fransa anlayır ki, təkbaşına Azərbaycana sanksiyalar elan etsə, bunun elə bir təsiri olmayacaq. Halbuki əksi olaraq, Azərbaycanın Fransaya daha ağır olan sanksiyaları təsdiq oluna bilər".
Münasibətlərin perspektivinə də toxunan deputat deyib ki, Azərbaycanın Fransada investisiyaları var, Fransanın da Azərbaycanda investisiyaları mövcuddur: "Bütün bu münasibətləri qırmazdan əvvəl düşünmək lazımdır ki, fayda Azərbaycandan gəlib, Ermənistandan, Gürcüstandan deyil. Fransa biznesi həmin o Makron hökumətinin gözünü çıxarar".
Fransa həqiqətən Azərbaycanla münasibətlərin düzəlməsini istəyir, yoxsa sadəcə Cənubi Qafqazda yer almağa çalışır?
R.Musabəyova görə, Fransa Cənubi Qafqazda yer almaq istəyir: "Lakin onu da vurğulamaq istəyirəm ki, iqtisadi, energetika və digər sahələrdə, həmçinin nüfuzuna görə Azərbaycan bölgədə Fransa üçün vacib bir dövlətdir. Fransa Azərbaycanla münasibətlərin onun istədiyi şəkildə olmasında təkid edir. Ona başa salırlar ki, xeyr, sən deyən kimi olmayacaq. Papaqlarını qarşılarına qoyub, düşünsünlər. Elə bir məhsul yoxdur ki, Fransa onu bizə verməsə, Avropanın başqa ölkələrindən - Almaniya, İtaliya, Böyük Britaniyadan ala bilməyək. Biz də Fransasız yaşaya bilərik, Fransa da bizsiz yaşaya bilər. Bu, Parisin seçimidsirsə, bizə xudahafiz demək qalır".



