|
|
|
|

44 günlük Vətən müharibəsindən təxminən iki ildən çox vaxt keçib. Müharibə Ermənistan və Qarabağdakı qondarma dövlətin silahlı birliklərinin məğlubiyyəti ilə başa çatsa da, Ermənistan bu günə qədər Azərbaycanın təklifləri ilə razılaşmayaraq, sülhün təmin olunmasına əngəl törədir. Ermənistanın Zəngəzur dəhlizi, Qarabağın Azərbaycan ərazisi kimi tanınması və sərhədlərin müəyyən edilməsi kimi məsələlərdə həlledici addım atmaması bölgədə gərginliyi daha da artırır.
Son dönəmlər Ermənistan Baş naziri Nikol Paşinyan sülhlə bağlı açıqlamalar verib və Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını dilə gətirib. Paşinyan, habelə, Ermənistan və Azərbaycan arasında hərbi balansı bərpa etmək üçün ciddi planlarının olduğunu da söyləmişdi, lakin Paşinyanın bu açıqlamalarını reallaşdıracağı şübhəlidir. O zaman Paşinyan bu açıqlamaları ilə sadəcə olaraq üzərinə düşən məsuliyyətdən qurtulmaqmı istəyir?
Politoloq Tural İsmayılov "525"ə açıqlamasında bildirib ki, bu, Ermənistanın sərhəddə təxribatlara son qoyması ilə mümkün ola bilər: "Əgər Ermənistan Azərbaycanla sülh məsələsində həqiqətən səmimidirsə, o zaman konkret addımlar atmalıdır. Amma hələ də nə Paşinyan, nə də onun komandasının dilindən hər hansı bir konkret mesaj yoxdur. Sülhlə bağlı səmimi davranış o zaman mümkün ola bilər ki, Ermənistan şərti sərhədlərdə təxribatlar törətməkdən əl çəksin və bu təxribatlara birdəfəlik son qoysun. Bu zaman irəliləyişə nail olmaq mümkündür. Əks təqdirdə isə Ermənistanın sülh üçün təməl prinsipləri olan bir çox məsələlərdə vaxt uzatmağa çalışdığını yenə müşahidə edəcəyik. Məsələn, sülh üçün mütləq şəkildə sərhədlərin delimitasiya və demarkasiyası olmalıdır, amma Ermənistan bu prosesdən yayınır. Azərbaycanın sülhlə bağlı sabit mövqeyi var, beş maddəlik təklif irəli sürüb. Ermənistan bunu qəbul etdiyini söyləyir, lakin Ermənistanın xarici güc faktorlarından asılılığı Azərbaycanla sülh məsələsində vahid bir nöqtəyə gəlməyə imkan vermir. Ona görə düşünürəm ki, sülhlə bağlı məsələdə Ermənistan konkret addım atmalıdır".
Politoloq onu da bildirib ki, Ermənistandan maşa kimi istifadə edən qüvvələr real sülhü sabotaj edirlər: "Ermənistan tarixində ilk dəfə həqiqi müstəqil dövlət kimi davranaraq Azərbaycan və Türkiyə ilə real sülhə doğru addımlar atmalıdır. Azərbaycanla sülh həm də Ermənistan dövlətçiliyinin xilası demək olacaq. Lakin Ermənistandan maşa kimi istifadə edənlər real sülhü sabotaj edirlər. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın da yanaşması adekvat olmalıdır. Nəzərə alınmalıdır ki, sülhə məcburetmə məsələsi aktualdır və nəticə əldə olunana qədər müharibənin bərpası istisna deyil. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. Siyasi-diplomatik üsulların nəticə verməyəcəyi təqdirdə, müharibənin bərpası qaçılmaz ola bilər. Bu isə İrəvanın seçimindən asılıdır".
Fərid SANÇAR



