|
|
|
|

Son bir neçə gün ərzində azad edilmiş ərazilərdə ermənilərin basdırdığı minaların partlaması nəticəsində 4 nəfər həyatını itirib və yaralananlar olub. Aprelin 28-də Tərtərin Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində tank əleyhinə minanın partlayışı nəticəsində "RPS Energy Ltd." şirkətinin üç əməkdaşı həlak olub. Ardınca mayın 1-də Cəbrayıl rayonu Cocuq Mərcanlı ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı nəticəsində maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu, at ilə hərəkətdə olarkən tank əleyhinə mina partlayışı nəticəsində həlak olub. Daha sonra Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Xəzər Tarıyel oğlu Babaşov bədən xəsarətləri alıb.
Bir neçə günü əhatə edən bu faktlar ərazilərimizin minalarla çirkləndirilməsinin miqyasını göstərməklə yanaşı, bunun bu gün Azərbaycanın qarşılaşdığı ən ağır və ən aktual problemlərdən biri olduğunu göstərir. Ermənistan təkcə 30 ilə yaxın davam edən işğal dövründə ərazilərimizi kütləvi şəkildə minalarla çirkləndirməyib, eyni zamanda 44 günlük müharibədə kapitulyasiya aktına imza atdıqdan sonra Laçın və Kəlbəcərdən çıxmaq üçün Azərbaycanın humanist davranaraq verdiyi əlavə vaxtdan sui- istifadə edərək öz çirkin niyyətini həyata keçirdi. Belə ki, ermənilər ərazilərimizi tərk etməzdən əvvəl bacardıqları qədər minalar basdırdılar. Bundan başqa, Laçın yolundan da bu məqsədlə istifadə etdilər. Həmin yolda ekofəalların aksiyaya başlamasından sonra isə Ermənistandan silah-sursatla yanaşı minalar torpaq yolları ilə daşınmağa başladı. Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi təsis etməsindən sonra bu kimi qanunsuz, cinayətkar əməllərin qarşısı alınmış oldu. İndi Azərbaycan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlər ilə yanaşı, minalardan da təmizləməni həyata keçirir. Amma qeyd etdiyimiz kimi bunun miqyası elə böyükdür ki, - söhbət 1 milyondan çox minadan gedir- , əlbəttə ki, Azərbaycanın təkbaşına bunun öhdəsindən gəlməsi olduqca çətindir. Azərbaycan bu gün dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır.
Onu da vurğulayaq ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxslər olmaqla ümumilikdə 300 nəfərdən çox insan həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azərbaycan Prezidenti İlham Əliyev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı sosial şəbəkə paylaşımında qeyd edib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb. Dövlət başçısı vurğulayıb ki, 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. "Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Azərbaycan humanitar minatəmizləməni milli Dayanıqlı İnkişaf Məqsədi kimi elan edəcək. Azərbaycan həm də Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır".
Təəssüf ki, hələ də dünya birliyi Ermənistanın mina terroruna lazımi reaksiya vermir, beynəlxalq təşkilatlar adekvat addımlar atmırlar. İnsanların minalara görə öz həyatlarına itirməsinə seyrçi qalırlar. Doğrudur, bəzi ölkələr və qurumlar bu istiqamətdə müəyyən yardımlar göstərirlər. Amma dediyimiz kimi, problem olduqca dərindir və bu yardımlar kifayət etmir. Ermənistana mina xəritələrini Azərbaycana təqdim etməsinə görə də heç bir təzyiq göstərilmir. Qarşı tərəf iki dəfə mina xəritələri təqdim etsə də onların reallığı əks etdirmədiyi bəlli oldu. Belə ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Amma bu xəritələr gözləntiləri doğrultmadı. Bundan əlavə, Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri də 2021-ci il iyulun 3-də Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycana verdi. Lakin bu xəritələrin də dəqiqliyi çox aşağı oldu.
Başqa bir məqam budur ki, ərazilərimizə basdırılan minlar həm də Ermənistan istehsalıdır. Hələ sovet dövründə Ermənistanda iki mina zavodu fəaliyyət göstərib. Vətən müharibəsi zamanı hər iki zavodun istehsal gücü artırıldı və həmin minalar Azərbaycan ərazilərinə daşındı. Bu gün Ermənistanın mina istehsal etmədiyi və basdırmadığı barədə açıqlamaları əsassızdır. Bu, Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələr zamanı da öz təsdiqini tapıb.
Azərbaycan minatəmizləmə işlərinə külli-miqdarda vəsait sərf edir. 2021-ci ildə bu məqsədlə 98 milyon manata yaxın vəsait sərf olunub. Ötən ilin oktyabrında Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin altıncı Zirvə Toplantısının plenar iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Faktlar onu göstərir ki, Azərbaycanın mina terrorundan daha tez xilas olması, dinc insanların həyatlarının qorunması, köçkünlərimizin öz yurdlarına daha tez qayıdışı üçün dünya birliyi bu məsələdə Azərbaycanla həmrəy olub, dəstəyini və yardımlarını artırmalıdır.



