|
|
|
|

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başa çatdı. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə idi ki, sülh prosesi ilə bağlı belə uzun müddət davam edən müzakirələr keçirilirdi. Belə ki, 1-4 may tarixlərində may ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Azərbaycan XİN-in məlumatında deyilir ki, nazirlər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
ABŞ dövlət katibi Entoni Blinken isə Azərbaycan və Ermənistanın ABŞ-də keçirilən danışıqlarda davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini açıqlayıb.
"Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz həqiqətən də sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik", - Blinken əlavə edib.
Baxmayaraq ki, Amerika danışıqlarında sülh sazişi ilə bağlı gözləntilər böyük idi, amma bu, baş vermədi. Amerika görüşünü "525"ə şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib ki, sülh sazişi üzərində iş gedir: "Orda bəzi maddələr var ki, onlar razılaşdırılmalıdır. Yəni Ermənistan tərəfindən konstruktiv mövqe nümayiş etdirilməlidir. Onda biz sülhə nail ola bilərik". F.Şəfiyev əlavə edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir: "Bu və ya digər formada. Çünki rəsmən deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırıq, amma eyni zamanda çalışırlar hələ də sənədə "Dağlıq Qarabağ" dedikləri ilə bağlı hansısa maddələr daxil etsinlər. Nəzərə almaq lazımdır ki, sonuncu danışıqlar ABŞ-da keçirilib və Vaşinqton bir yer kimi digər oyunçular, o cümlədən, Rusiya tərəfindən çox mənfi qarşılanır. Cənab Prezident Şuşada çıxışında dedi ki, Ermənistanla birbaşa danışıqlar aparılması yaxşı olardı. Yəni hər hansı digər görüş vasitəçisiz olsun. Burda kimin vasitəçilik etməsinə görə qısqanclıq da yaranmır. Şərq, Qərb, Cənub, yaxud Şimal olsun. Ona görə mənim fikrimcə, bu proses davam edəcək. Hər hansı daha neytral şəhərdə, ola bilsin ki, nəyəsə nail olmaq mümkün olsun. Ermənistan sülhə məcburdur. Baş verənlər onu sülhə vadar edir. Yəni təhlükəsizlik sistemi təmin edilməlidir. Amma problem budur ki, Ermənistan rəhbərlərinin, o cümlədən, Paşinyanın siyasəti heç vaxt ardıcıl olmur. Bir gün bir bəyanat, səhəri gün başqa bəyanat verirlər".
Politoloq Zaur Məmmədov isə "525"ə deyib ki, bu görüş gözlənildiyi kimi Azərbaycan və Ermənistan arasında ciddi müzakirələrə səbəb oldu: "Müzakirələrdə Ermənistan son nöqtəni qoymalı idi, lakin qoymadı. Əlbəttə ki, bunun səbəbi də onunla bağlıdır ki, Ararat Mirzoyan və Nikol Paşinyan əslində imitasiya edirlər və vaxtı uzatmaqla məşğuldurlar. Çox yaxşı oldu ki, bu dəfə ABŞ Dövlət Departmentinin rəhbəri Entoni Blinken özü əyani şəkildə Mirzoyanın və Paşinyanın əməllərinə şahid oldu. Çünki ABŞ-ın da, Azərbaycanın da istəyi bu idi ki, sülh müqaviləsinə qədər Azərbaycan və Ermənistan arasında normallaşmaya dair çərçivə sazişi imzalansın və tərəflər bir-birinin ərazi bütövlüyünü tanısınlar. Konkret olaraq ərazi bütövlüyünün tanınmasında və sərhəd toxunulmazlığı məsələsində heç bir fərqi interpretasiyaya yol verilməsin. Buna baxmayaraq Ermənistan bir tərəfdən ərazi bütövlüyünün tanınmasında problem olmadığını qeyd etdi, amma digər tərəfdən Qarabağdakı ermənilərlə mərkəzi hakimiyyət arasında danışıqlarla bağlı öz fikirlərini bildirdilər ki, bu, əlbəttə ki, Azərbaycanın daxili işlərinə qarışmaqdır. Biz heç bir beynəlxalq qurumu yenidən Qarabağdakı ermənilər və rəsmi Bakı arasında münasibətlərə qarışmağa, onların danışıqlarda iştirak etməsini hüquqi müstəviyə salınmasına yol verməyəcək. Bu, Minsk qrupunu fərqli adla yenidən dirçəltmək olardı. Bu, əlbəttə ki, yolverilməzdir. İrəvanın yanaşması bir daha onu göstərir ki, sözdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, əslində separatizmi dəstəkləyir. Yox, əgər separatizmi dəstəkləmirdilərsə, o zaman Azərbaycanın təklifi dəstəklənməli, separatizmi pisləyən bir bəyanat Nikol Paşinyan tərəfindən verilməli idi, bunu da etmədilər. Digər məsələ beynəlxalq təminatçılar məsələsi ilə bağlıdır. Ermənistan bu məsələdə də fərqli oyun oynayır. Əvəzində istəyir ki, Azərbaycan Ermənistanın bugünkü ərazi vahidini tanısın, özü də rəqəmlərdə tanısın, belə olan təqdirdə özü də əlbəttə ki, eyni mövqeni Azərbaycana qarşı nümayiş etdirməli idi. Yəni, bir sıra məsələlərdə fikirlər toqquşub, ortaq məxrəcə gəlinməyib. Bu da əlbəttə ki, gözlənilən idi. Çünki bundan əvvəlki görüşlərdə də hər dəfə Azərbaycanla Ermənistan arasında masa üzərində bəlli sənəd olarkən Ermənistan tərəfi yeni interpretasiyalar, yeni ifadələrlə masaya gəlirdi və onları Azərbaycanla müzakirə edirdi".
Politoloq deyib ki, Prezident Şuşada beynəlxalq konfransda çox maraqlı məqamlara toxunub: "Konkret olaraq bu dəfə də Azərbaycan Ermənistan tərəfinə mesaj göndərdi ki, əgər sülh müqaviləsi imzalamayacaqlarsa, imzalamasınlar. Bu kimin ziyanına olacaq? Bu, regionda qeyri-sabitliyə gətirib çıxaracaq, nəticə etibarilə hər kəs, o cümlədən, Ermənistanda da yaxşı bilirlər ki, sülh müqaviləsinin imzalanmaması Ermənistan dövlətçiliyini sual altında qoyur. Əgər ermənilər Azərbaycanın sərhədlərini, ərazi bütövlüyünü tanımırlarsa, Qarabağı Azərbaycan ərazisi kimi tanımırlarsa, o zaman buyursunlar, Azərbaycan da Göyçəni, Qərbi Zəngəzuru Ermənistan ərazisi kimi tanımayacaq. Biz öz tarixi torpaqlarımıza olan marağımızı daha da yüksəldib və bunu rəsmi şəkildə bildirəcəyik. Ermənistan belə dilemma qarşısında qalıb.Paşinyan ya əslində erməni xalqını xilas edəcək, ya da xalqını, dövlətini süquta uğratmaq üçün əlindən gələni edəcək".



