|
|
|
|

Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi Qərbin və Avropanın gündəmindədir. Vaşinqtonun ev sahibliyi etdiyi xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında keçiriən dörd günlük görüşün ardınca Brüsseldə və Kişnyovda iki ölkənin liderləri səviyyəsində görüşlər nəzərdə tutulub. ABŞ-dakı müzakirələrdə əsas tezislər üzrə razılaşma əldə olunmasa da, bəzi maddələr üzrə qarşılıqlı razılığa gəlmək mümkün olub. Amma təbii ki, sülh sazişinin imzalanması üçün əsas müddəalar razılaşdırılmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl "iyunun 1-də, Kişinyovda Azərbaycanla sülh müqaviləsi imzalansa, çox sevinərəm" açıqlamasını verib. Qeyd edək ki, iki ölkənin liderlərinin iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşü nəzərdə tutulur. Bu görüş dördtərəfli formatda - Azərbaycan və Ermənistan liderləri, Fransa prezidenti və Almaniya kanslerinin iştirakı ilə baş tutacaq. Format fərqlidir, bəs gözləntilər nədən ibarətdir?
Politoloq Elşən Məcidov "525"ə şərhində bildirib ki, ABŞ-da keçirilən görüşlərdə bəzi məsələlər üzrə razılığa gəlinsə də, əsas məsələlər üzrə razılıq əldə edilmədi. O hesab edir ki, razılaşdırılan məsələlər ehtimal ki, kommunikasiyaların açılması ilə bağlıdır: "Burda vacib məsələ odur ki, əgər biz Laçında nəzarət-buraxılış məntəqəsi (NBM - red.) qurmasaydıq, bu müddəlar ətrafında da razılıq əldə edilməyəcəkdi. Məntəqənin qurulması Ermənistanı dillema qarşısında qoyur. Ya gərək Laçında olduğu statusda Zəngəzurda nəzarət buraxılış məntəqəsi qursun, yaxud heç nə etməmək və nəticə etibarilə Rusiyanın təzyiqləri ilə qarşı-qarşıya qalmaq. Çünki Rusiya Zəngəzurda eksterritoriallığa malik dəhlizin qurulmasının tərəfdarıdır. İkinci variant, Ermənistanın maraqlarına zidd olduğuna görə, ehtimal ki, ABŞ-da Azərbaycan və Qərb Zəngəzurda NBM-in qurulmasını razılaşdırıb. Qarabağ məsələsi və anklavlarla bağlı razılıq əldə edilməyib. Çünki Azərbaycan Qarabağ dedikdə təkcə istəmir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın, biz həmçinin tələb edirik ki, Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanısın. Azərbaycan Qarabağı Ermənistanla, ABŞ-la, Fransa, Avropa, Rusiya, bir sözlə, heç kimlə müzakirə etmək fikrində deyil. Bu istiqamətdə çox ciddi ziddiyyət vardır. Ermənistan istəyir ki, Bakı ilə Xankəndi arasında dialoq məhz beynəlxalq formatda həyata keçirilsin. Bununla da separatizm siyasətini artıq öz əli ilə deyil, vasitəçilərin əli ilə davam etdirsin".

Anklavlar məsələsinə toxunan politoloq bildirib ki, Ermənistan öz ərazi bütövlüyü deyəndə, həmçinin, Azərbaycanın anklavlarını - Qazaxın 7 kəndini və Naxçıvanın Kərki kəndini də nəzərdə tutur: "Azərbaycan ərazi bütövlüyü deyəndə həmçinin də o 8 kəndin də geri qaytarılmasını nəzərdən keçirir. Ermənistan isə bu kəndləri qaytarmaq istəmir. Səbəb çox sadədir. Paşinyan başa düşür ki, həmin kəndlər Azərbaycana qaytarılsa, onun hakimiyyətinin və siyasi karyerasının sonu olacaq. Çünki Qarabağdakı məsələləri Rusiyanın üstünə ata bilir. Ancaq 8 kənd məsələsində Rusiyanın üzərinə nəsə yıxmalı olmayacaq. Qərb də Paşinyanın hakimiyyətdən getməsini istəmədiyi üçün Azərbaycana anklavlar məsələsində müəyyən təsir etmək və güzəşt əldə etməyə çalışır. Ancaq Azərbaycan da başa düşdüyümüz kimi haqlı olaraq güzəştə getmir. Ona görə də bu məsələ üzrə ABŞ-da razılıq əldə edilmədi. Bu qaldı 14 may Brüssel görüşünə. Brüssel görüşü elə bir tarixdədir ki, həm də Türkiyədə seçkilər keçiriləcək. Ermənistanın və Qərbin bu seçkilərə çox böyük ümidləri var. Onlar ehtimal edirlər ki, müxalif partiyanın namizədi - Kılıcdaroğlu qalib gələcək, Azərbaycan və Türkiyənin Ermənistana qarşı vahid cəbhə təşkil etməsi dağılacaq. Artıq Türkiyə öz mövqeyindən çıxış edəcək, Bakı da həmçinin. Beləliklə, ehtimal edirlər ki, heç olmasa bunlar Türkiyə ilə sərhədi Azərbaycanla münasibətləri normallaşdırmadan aça biləcəklər. Bu, həyata keçirilsə, artıq Azərbaycanın Ermənistana qarşı təzyiqi zəifləmiş olacaq. Ona görə də 14 may tarixi düşünürəm ki, təsadüfi seçilmiş tarix deyil. 14 may tarixindən sonra 1 iyunda sülh sazişinin imzalanmasına fərqli amillər təsir göstərə bilər. Bu amillərdən biri Ərdoğanın yenidən prezident seçilməsi ola bilər. Ərdoğan yenidən prezident seçilsə, Ermənistanda olan - "müxalifət gələcək, Bakı və Ankara arasında müəyyən siyasi məsələrdə fikir ayrılıqları olacaq" - , xülyalar yoxa çıxacaq. İkincisi, may ayında Aİ Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul etməlidir və ehtimal olunur ki, bu paketdə Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı məhdudiyyətlər həyata keçiriləcək. Əgər Ermənistan şirkətlərinə qarşı sanksiyalar bu paketdə qəbul olunsa, bu, Qərbin Ermənistana çox güclü bir təzyiq vasitəsi olacaq. Bu kontekstdə biz artıq müəyyən razılığın əldə edilməsi barədə danışa bilərik. Çünki sanksiyalara məruz qalsa, bu, birincisi Ermənistanın iqtisadi imkanlarını zəiflədəcək. Ermənistanın Rusiya-Ukrayna müharibəsi başlayandan bəri göstərdiyi iqtisadi bum onun təbii iqtisadi inkişafının göstəricisi deyil. Bu, sadəcə olaraq sanksiyalardan yayınmağa kömək etmək və Rusiyadan öz kapitallarını xilas etmək naminə qaçmış rusiyalı biznesmenlərin Ermənistana gətirdikləri pullar hesabınadır. Sanksiyalar qəbul edilsə, Ermənistanın maliyyə imkanları zəifləyəcək, onun hərbi büdcəsinə, Qarabağa ayırdığı pullara təsir göstərəcək ki, ona görə də bu ölkə müəyyən dərəcədə öz siyasətini daha konstruktiv aparmağa məcbur olacaq".
E.Məcidov hesab edir ki, daha bir faktor Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların nə dərəcədə effektiv olmasıdır. Çünki 10 paketin effektivlik dərəcəsi lazımi səviyyədə deyil. 11-ci paket daha təsirli olarsa, bu Rusiyanın iqtisadi boğulmasını daha da gücləndirəcək, onun Cənubi Qafqaza və Ermənistana təsir vasitələrini məhdudlaşdırmış olacaq. Və artıq Ermənistana Rusiyaya istinad edib, onu bəhanə gətirib sülh razılaşmasından qaçmasına imkan verməyəcək: "Bunu etsələr, hamı başa düşəcək ki, Ermənistan sülh istəmir prosesi uzatmaq istəyir. Belə bir şəraitdə Qərb Ermənista təsir göstərməsə belə Azərbaycan birtərəfli sürətdə həm Qarabağda, həm şərti sərhəddə addımlar atacaq, bütün problemləri özü həll edəcək. Prezident demişkən, əgər onlar sülh istəmirlərsə, sülh olmayacaq. Yəni, Ərdoğanın yenidən seçilməsi, 11-ci sanksiya paketi, Ermənistana təzyiqlərin göstərilməsi və Rusiyanın sanksiyalardan yayınma imkanları məhdudlaşarsa, 1 iyun tarixində həqiqətən sülh sazişinin imzalamasının şahidi ola bilərik".



