|
|
|
|

Həftə sonu Brüsseldə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair iki ölkə liderləri Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti dəfə danışıqlar apardılar. Bu, eyni zamanda 2022-ci ilin 6 oktyabr tarixində Praqada keçirilmiş görüşdən sonra demək olar ki, dondurulmuş Brüssel formatının bərpası idi. Yada salmaq lazımdır ki, Praqa görüşündə iştirak edən Fransa prezidenti Emmanuel Makronun məqsədli şəkildə prosesi pozmağa yönəlmiş cəhdləri ötən il dekabrında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün baş tutmamasına səbəb oldu. Bu gün normallaşma üzrə ən effektiv format məhz Brüssel platforması hesab olunur. Fransanın bu formatda yer almağa çalışması əlbəttə ki, prosesə müdaxilə etmək, pozuculuq niyyətini reallaşdırmaq məqsədi daşıyır. Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabr görüşünə yalnız Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyi şərti ilə çıxış etməsi də dediyimizin təsdiqidir. Amma Azərbaycanın bu məsələdə qətiyyətli mövqeyi Parisin sülhə zərər vurmaq planlarının qarşısını aldı. Şarl Mişelin 14 may görüşündən sonra mətbuat bəyanatından gəlinən qənaət ondan ibarətdir ki, danışıqlarda müəyyən irəliləyiş olub. Azərbaycan XİN də sayca beşinci görüşü iki ölkə arasında normallaşma gündəliyinin irəlilədilməsi baxımından faydalı və nəticəyönümlü adlandırıb. Eyni zamanda növbəti danışıqların iyul ayında Brüsseldə keçirilməsi barədə razılıq əldə olunub.
Danışıqlar zamanı Ermənistan tərəfinin 1975-ci ilin xəritələri ilə bağlı iddialarına baxmayaraq, bu, qəbul olunmayıb. Mişelin yekun bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu ifadə edən "Alma-Ata bəyannaməsi"nə istinad var. Mühüm məqamlardan biri də Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etdiyinin vurğulanmasıdır. Bu o deməkdir ki, Paşinyan və Ermənistan Azərbaycanın ən azı 86.6 min kvadrat kilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə tanıyıb. Həmçinin, Azərbaycan da Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə hörmətini təsdiqləyib. Aİ liderinin bəyanatında Laçın yolu ilə bağlı da heç bir ifadə yer almayıb və bu amil Azərbaycanın öz suveren ərazilərində tətbiq etdiyi hüquqi prosedurlar nəticəsində yaranan reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu göstərir.
Aİ prezidentinin bəyanatından aydın olur ki, Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş var. O bəyan etdi ki, kommunikasiyalarla bağlı tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrində aydın irəliləyiş əldə ediblər: "İndi bu mövzuda mövqelər bir-birinə çox yaxınlaşıb, xüsusən də Naxçıvana və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması ilə bağlı. Liderlər komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin, bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər".
Görüşün yekunlarını "525"ə şərh edən politoloq Zaur Məmmədov deyib: "Azərbaycan, Ermənistan, Aİ formatında növbəti görüş bundan əvvəlki üçtərəfli dialoqda olduğu kimi rəsmi Bakının xeyrinə başa çatdı. Xoş haldır ki, son iki görüşdə, həm Blinken, həm də Mişel Azərbaycanın tələblərini məqbul hesab edib və barışmalı olublar. Söhbət nədən gedir? Birincisi, Qarabağ Azərbaycanın daxili işidir. Şarl Mişelin bəyanatında deyilir: "Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələsinə dair fikir mübadiləmizi davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq yolu ilə bu əhalinin hüquq və təhlükəsizliyini təmin etmək üçün müsbət gündəliyin işlənib hazırlanmasında iştirak etməyə təşviq etdim".
İkincisi, keçmiş Dağlıq Qarabağ vilayəti ifadəsindən istifadə edən Mişel beləcə separatçıların istəklərini gözlərində qoydu. Bununla da, Şarl Mişel Qarabağın Azərbaycanın daxilində inzibati rayon olduğunu təsdiqləmiş oldu.
Eyni zamanda, Ermənistanın danışıqlarda Qarabağla bağlı əsas istəyi - beynəlxalq təşkilat və ya aktorların Bakı - Xankəndi arasında danışıqlarda iştirakını leqallaşdırmaq (hüquqi sənədlə təsdiqləməkdir) idi. Lakin 14 may danışıqlarında bir daha Azərbaycan prinsipiallıq nümayiş etdirərək bu tələbi rədd edib. Rəsmi Bakı öz ərazisindəki ermənilərlə dialoqda üçüncü tərəfə tribuna təqdim edilməsinə etiraz etmir. Lakin Bakı ATƏT-in Minsk qrupu təcrübəsini nəzərə alaraq kiminsə danışıqlarda iştirakını kağızda həkk etməyəcək".
Politoloq əlavə edib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır: "Bu dəfə məhz rəqəmlərdən istifadə edilməsi Ermənistanın ərazi bütövlüyü ilə bağlı bugünə qədər apardığı manipulyasiyaya son qoyur. Qeyd edilir ki, Ermənistan Azərbaycanın 86.6 min kv km ərazini tanıyır. Vəssalam. Beləcə, bizim üçün ən əsas iki məsələ ilə bağlı Paşinyan razılaşıb. Paşinyan Qarabağ ermənilərinin Azərbaycanın tərkibində hüquq və təhlükəsizliklərinə təminatı istəyir. Delimitasiya-demarkasiya ilə bağlı baxış bucaqları tam olaraq oturuşmayıb. Görüşdə Paşinyan 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin müəyyənləşməsi və dəqiqləşdirilməsində israr edib. Lakin rədd cavabı alıb. Bu ifadə qəbul olunmayıb. Əlavə edim ki, delimitasiya-demarkasiya məsələsi indiki halda o qədər də təcili mövzu deyil, bu, Ermənistanın daha çox narahat olduğu mövzudur. Məlum məsələdir ki, hətta münasibətləri əla vəziyyətdə olduğu dövlətlər arasında belə delimitasiya-demarkasiya uzunmüddətli proses kimi müəyyən vaxt tələb edir".
Zəngəzur dəhlizinə gəlincə, Z.Məmmədov bildirib ki, dəmiryolu ilə bağlı nəhayət, Paşinyanla müsbət dialoq baş tutub. Avtomobil yolu ilə bağlı Aİ, ABŞ, İran və Rusiya arasında baxışların toqquşmasını və yerdəki reallıqları nəzərə alsaq, yaxın perspektivdə dəmiryolu xəttinin açılmasının müzakirəsi daha rasionaldır: "Elə buna görə də, dəmiryolunun açılması ilə bağlı ilkin razılaşma var. Mişel Laçın yolu, Laçın rayonu və Azərbaycanın aprel ayında Laçın - Ermənistan sərhədində keçid məntəqəsinin qoyması ilə bağlı məsələyə toxunmayıb. Bu, onun göstəricisidir ki, separatçıların və Ermənistandakı bəzi dairələrinin ah-naləsinə baxmayaraq, beynəlxalq ictimaiyyət Azərbaycanın Laçın rayonunun girişinə keçid məntəqəsi qoymasını tam qanunauyğun sayır. Beləliklə, Brüsseldə bağlı qapılar arxasında Paşinyan Azərbaycanın şərtləri ilə razılaşıb, bu dəfə daha konkret nəticələr əldə edilib. Lakin gözlənilən odur ki, Paşinyan daha bir müddət vaxtın uzadılması ilə məşğul olacaq".



