Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin yaydığı xəbərə görə, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb. Ölkədə problemli kreditlərin məbləği isə ilin əvvəlinə nisbətən 16,7 faiz, son 1 ildə isə 25,3 faiz azalıb.
Cari ildə banklarda əmanətlərin artması nə ilə bağlıdır? Problemli kreditlərin həcminin 25 faiz azalmasının səbəbi nədir?
İqtisadçı ekspert Xalid Kərimlinin dediyinə görə, ilin əvvəlində belə bir yanaşma vardı ki, əmanətlərin gəlir vergisindən azad edilməsi ilə bağlı güzəştlərin dayandırılması əmanətlərin azalmasına gətirib çıxaracaq. Lakin o vaxt da belə bir ehtimalın olmadığını demişdim. Çünki iqtisadiyyatda alternativ investisiya istiqamətləri yoxdur. Vergi güzəştinin uzadılmaması səbəbindən vətəndaşlar əmanətlərini çəkib nə edəcəklər!? Ölkəmizdə nə kapital, nə də səhm bazarı var. İstiqraz bazarı isə çox zəif inkişaf edib. Bizim vətəndaşlar pulunu ya daşınmaz əmlak sahəsinə qoyur, ya da banka. Son illər isə daşınmaz əmlak bazarında risklər artıb: "Amma pis-yaxşı ölkədə bank sektoruna nəzarət var, dövlət 100000 manata qədər olan əmanətləri sığortaladığına görə vətəndaşlar bu bazarda loyal olaraq qalırlar".
Ekspert bildirib ki, banklarda əmanətlərin artmasının bir səbəbi də manatın qarşıdakı bir il ərzində dollara görə fikse edilmiş rejimdə saxlanılacağına dair gözləntilər, enerji qiymətlərinin yüksək olmasıdır: "Əgər dünya bazarında neftin qiyməti düşsə, manata etibar azalsa, vətəndaşlar da manat depozitindən qaçacaqlar".
Problemli kreditlərin xüsusi çəkisinin azalmasına gəldikdə isə ekspert bunun müsbət tendensiya olduğunu deyib. Səbəb isə iqtisadiyyatın proqnozlaşdırılması, manatın fikse edilmiş rejimdə qalması, kreditlərin daha məhsuldar şəkildə verilməsi, iqtisadiyyatda şəffaflaşmasının artmasıdır: "Amma biz bilmirik ki, problemli kreditlər hansı formada qaytarılır. Kiminsə banka 12 faizlik 2000 manat kredit borcu varsa, daha sonra başqa bir bankdan 11 faizlə 3000 manat kredit götürüb əvvəlki borcunu bağlaya bilər. Bu təcrübə geniş yayıldığı üçün açıqlanan rəqəmlərin nə dərəcədə etibarlı olduğunu demək çətindir. Amma istənilən halda 2015-ci ildən bu yana ölkə müşahidə olunan maliyyə stabilliyi də imkan verir ki, problemli kreditlərin payı azalsın".
Hüquqşünas Əkrəm Həsənovun dediyinə görə, problemli kreditlər 2 səbəbdən azala bilər: "Birincisi, kreditlər qaytarılanda. Bu proses ya könüllü, ya bankın səyi, kollektorların təzyiqi, bəzən hətta hüquq-mühafizə orqanlarının məsələyə qarışması ilə olur. İkinci yol budur ki, problemli kredit batır, qayıtmır və bankın balansından silinir. Bu hal problemli kreditlərin statistikasında görünmür. Birinci variant bankların xeyrinədir. Amma ikinci variant o deməkdir ki, bank o pulu tamamilə itirib. Banklarda bunların hər ikisi olur. Yəni pulun bir hissəsi qayıdır, bir hissəsi isə batır". Ekspert deyib ki, bank statistikasında heç vaxt açıqlamırlar ki, problemli kreditlərin nə qədəri qayıdıb, nə qədəri isə batıb: "Bu da onu deməyə əsas verir ki, əksər hissəsi batıb. Çünki qayıtsaydı, onu da deyərdilər. Sual yaranır ki, bəs bank niyə gizlədir? Birinci səbəb odur ki, banklar pis vəziyyətdə olduqlarını göstərmək istəmirlər. Bu o deməkdir ki, bankın idarəetməsində problem var. İkinci səbəb odur ki, bunun açıqlanması banka borcu olanları şirnikləndirər. Onlar düşünərlər ki, bankın pulunu qaytarmamaq da olar".
Ə.Həsənovun sözlərinə əsasən, problemli kreditlər qaytarılsaydı, bunun bank sektoruna xeyri dəyərdi: "Yəni banka qayıdan pul yenidən kredit kimi verilər və bank qazanardı. Əgər qayıtmayıb batıbsa, bu, bank sistemi üçün itkidir. Banklar hesabatlarını şəffaf şəkildə vermirlər deyə, biz də dəqiq qiymət verə bilmirik ki, azalma bankların xeyrinədir, yoxsa ziyanına. Əgər problemli kreditlər qaytarılmayıbsa, bu, istehlakçıların da ziyanınadır. Çünki kreditlərin çox hissəsi batıbsa, deməli, artıq bankların kredit vermək üçün pulu azdır. Həm də bu o deməkdir ki, bankların gözü qorxub və kredit götürmək əvvəlki kimi asan olmayacaq".
Hüquqşünas qeyd edib ki, problemli kreditlərdən qaçmaq olmur, onlar istənilən bank sistemində var, amma bizdə daha çoxdur: "Azaltmaq üçün, birincisi, iqtisadiyyat daha şəffaf olmalıdır. Çünki vətəndaşların gəlirinin xeyli hissəsi qeyri-rəsmidir. Bank vətəndaşın maaşına baxır, görür rəsmi əməkhaqqı azdır. Amma vətəndaş deyir ki, qeyri-rəsmi gəliri var. Bank isə həmin gəliri tam dəqiq yoxlaya bilmir. Yəni vətəndaşın əsl gəliri haqqında bankda tam məlumat olmur. Əgər kölgə iqtisadiyyatı az olsa, banklar da borc verdiyi şəxsin maliyyə vəziyyəti haqqında daha məlumatlı olar və bu da problemli kreditlərin artmasının qarşısını alar".
Ə.Həsənovun fikrincə, problemli kreditləri yaradan digər səbəb ölkədəki iqtisadi vəziyyətdir. Qiymət artımı gəlirlərə uyğun deyil. Bu da problemli kreditləri artırır. Qiymət artdıqda vətəndaş maaşını daha çox xərcləyir, artıq krediti ödəyə bilmir. O baxımdan problemli kreditlərin qarşısını almağın ən yaxşı yolu iqtisadi inkişafa nail olmaqdır. Yəni insanların gəlirləri qiymətlərdən daha sürətlə artmalıdır. Amma yaxın dövrdə buna nail olmaq mümkün deyil".
O əlavə edib ki, qarşıdakı dövrdə problemli kreditlərin artma ehtimalı daha çoxdur: "Bu da bazardakı bahalaşma ilə bağlıdır. İndiki şəraitdə problemli kreditlər yalnız o halda artmayacaq ki, kredit verilməsi azalacaq. Bu yaxınlarda Mərkəzi Bank kreditlərin verilməsi qaydalarında dəyişiklik etdi ki, banklar daha çox istehlak krediti verməsin. Çünki Mərkəzi Bank qorxur ki, banklar daha çox istehlak krediti versələr, insanların maddi vəziyyəti pisləşər və problemli kreditlər artar. Banklar yeni qaydaya riayət etsələr, problemli kreditlər elə də çox artmaz".
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, problemli kreditlərin artmaması, həcminin azaldılması üçün təşviqedici addımlar atılmalıdır. Kreditini vaxtında ödəyən şəxslər müəyyən üstünlüklər qazanmalıdır, onlara müəyyən güzəştlər olmalıdır ki, növbəti dəfə krediti daha sərfəli götürə bilsin. Belə təşviqedici addımların atılması da problemli kreditlərin həcminin azalmasına səbəb ola bilər. Belə olan halda bank müştərisi biləcək ki, kredit portfeli uğurlu olsa, növbəti dəfə daha sərfəli kredit əldə edə biləcək. İqtisadiyyatda özəl sektorun inkişafına şərait yaradılmalıdır ki, banklar daha çox kredit verə bilsin: "Regionlarda iqtisadi fürsətlər olmadığından kreditlər Bakı və Abşeronda cəmləşib".
İqtisadçı deyib ki, istehlak kreditləri artdıqca, problemli kreditlər də artacaq: "İnsanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən bu kreditlərin faizləri yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür".
Ekspertin söylədiyinə görə, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditləri olsun - hər biri çox yüksək faizlidir: "Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük faizlər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Məsələn, Mərkəzi Bank uçot dərəcəsini azalda, kreditləri ucuzlaşdıra bilər. Bank sferasında rəqabətli mühitin artırılması üçün xarici bankların birbaşa bazara daxil olmasına daha geniş şərait yaradılmalıdır. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma atılan addım yoxdur. Yalnız pandemiya ilə əlaqəli deyil, ümumiyyətlə Azərbaycanda bank sferasına, kredit siyasətinə diqqət ayırmaq lazımdır. Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik. Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Necə ki, bir müddət öncə kreditlərlə bağlı devalivasiyalardan sonra gecikmiş də olsa, müdaxilə etmək məcburiyyəti yarandı. İndi də eyni ssenari davam edir, problemli kreditlər artır. Bir müddətdən sonra bank sektoru üçün bu, çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq".
Sevinc QARAYEVA