Dekabrın 7-də Beynəlxalq Mahmud Kaşğari Hekayə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Onlayn şəkildə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlumun moderatorluğu ilə baş tutan mərasimdə TÜRKSOY-un təmsilçisi Sayit Yusuf, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Balkan Yazarlar Birliyinin sədri Mürtəza Sulooca, münsiflər heyətinin sədri Osman Çeviksoy, yazıçılar və qaliblər iştirak ediblər.
Qeyd edilib ki, 2008-ci ildə ilk dəfə keçirilən və zamanla Türk dünyasının ortaq ədəbi müsabiqəsinə çevrilən və 7-cisi keçirilən Beynəlxalq Mahmud Kaşğarlı Hekayə yarışı bu il Türkiyə Cümhuriyyətinin quruluşunun 100 və TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunub.
Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un nəzdindəki Yazarlar birliyinin keçirdiyi müsabiqəyə bu il UNESCO da dəstək verib.
Daha sonra müsabiqənin qalibləri elan olunub.
Birinci yerə Qırğızıstandan Elmira Acukanova, ikinci yerə türkiyəli yazar Neslihan Aksoycuk, üçüncü yerə isə Özbəkistan təmsilçisi Shahodat Uluq layiq görülüblər.
Həvəsləndirici mükafatları Burcu Aliyi (Şimali Makedoniya), Məhəbbət Alımbekqızı (Qırğızıstan), Hakan Yaşar (Türkiyə), Rəna İmanova (Azərbaycan) qazanıblar.
Münsiflər heyətinin xüsusi mükafatlarını isə Ayşə Göktürk Tunceroğlu (Türkiyə), Sakçıbek Mamaticaev (Qırğızıstan), Joltay Jumat (Qazaxıstan), İsmail Baytuganov (Qaraçay-Malkar) qazanıblar.
ŞAHANƏ