|
|
|
|
Dekabrın 13-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvin Nurəliyevanın "Mən öləndə, ağlama" əsərinin əsasında quruluş verilmiş tamaşanın premyerası baş tutub.
525.az xəbər verir ki, psixoloji dram janrında olan tamaşanın süjet xəttini Leyla adlı bir xanımın həyat hekayəsi təşkil edir. Keçirdiyi sarsıntılardan xəstəxana divarları arasına düşmüş Leyla öz yaşantılarını təsirli bir dillə ifadə edir. Və bütün bu tarixçənin içərisində bu gün üçün aktual olan sosial problemlər yer alıb.
Premyera anşlaqla keçib və Gürcüstanın müxtəlif bölgələrindən gələn Azərbaycanlı tamaşaçılar əsəri böyük maraqla qarşılayıblar.
Tamaşanın sonunda yaradıcı heyət səhnəyə dəvət olunub. Əsərin müəllifi Pərvin Nurəliyeva deyib ki, dünyanın hər bir yerində qadın problemləri aktual olaraq qalır: "Qadınların həyatda üzləşdiyi problemlər, keçirdiyi çətinliklər olduqca vacib məsələlərdir. Hər gün sosial şəbəkədən, mediadan bu bəlaları ifadə edən xəbərləri oxuyuruq və bir daha anlayırıq ki, belə mövzularda əsərlər tamaşaçılara daha çox təqdim edilməlidir".
P.Nurəliyeva gürcü və Azərbaycan xalqları arasındakı mədəni əlaqələrdən də söz açıb: "İki gündür ki, Tbilisidəyəm və burdakı Azərbaycanlıların necə vətənə bağlı olduqlarını, mədəniyyətimizin təbliğatı üçün çalışdıqlarını görürəm. Dünən Mirzə Fətəli Axundzadənin Ev-Muzeyində, Nəriman Nərimanovun Xatirə muzeyində olanda, burda uyuyan dörd böyük Azərbaycanlının – Mirzə Fətəli, Mirzə Şəfi Vazeh, Fətəli XanXoyski və Həsən bəy Ağayevin qəbirlərini ziyrət edəndə də Tiflis ədəbi-mədəni mühitinin qaymaqları olan həmyerlilərimiz haqqında düşündüm. Və bu günki tamaşanı bu mədəni əlaqələrimiz, burdakı həmyerlilərimizin vətənlə emosional bağlarının qırılmaması istiqamətində iş, addım hesab edirəm. Quruluşçu rejissor başda olmaqla bütün yaradıcı heyətə təşəkkürlərimi bildirirəm. Gürcüstanın müxtəlif bölgələrindən tamaşaya baxmağa gələn Azərbaycanlılara xüsusi minnətdarlığım var".
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, kollektiv tamaşanın hazırlanmasına 2 ay sərf edib: "Əsərlə mən çoxdan tanış idim və oxuduğum andan diqqətimi cəlb etmişdi. Uzun müddət üzərində işlədim, amma çox qısa müddətdə quruluş verildi. Biz bu tamaşanı qastrol səfərlərinə də, festivallara da aparmağı düşünürük. Hazırda aktyorlarla tamaşanı gürcü və rus dillərində də hazırlayırıq..."
Qeyd edək ki, tamaşada Heydər Əliyev adına Tbilisi qeyd Dövlət Peşəkar Azərbaycan Dram Teatrının aktyor və aktrisaları - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova və Fuad İsfahanlı, Turqay Vəlizadə rol alıblar. Tamaşanın rəssamı isə Nino Kitiadır.