|
|
|
|

Dekabrın 15-dən Muzey Mərkəzində tanınmış rəssam və heykəltəraş İbrahim Həsənov və gənc rəssam Ruhulla Həsənzadənin “Metamorfik bağlar: 70/30”sərgisi keçirilir.
525.az xəbər verir ki, əsərlər Muzey Mərkəzinin 4-cü mərtəbəsində sərgilənir. Sərgi keçiriləcək məkana ən tez gələn iştirakçılardan biri də mən idim. Tez gəlməyimin səbəbi təşkilatçılığı həyata keçirən komandanın üzvü olmağım idi.
Musiqiçi xanımların ifası salonda fərqli ab-hava yaradır. Uzun dəqiqələrlə əsərləri seyr eləyən, rəssamın nə demək istədiyini anlamağa çalışan iştirakçılar rəsmlərdə dərin çalarlara toxunduğunu bildirirlər.
Rəsmlərdən başqa burada müxtəlif növlü heykəlciklər də yer alır. Bir müddətdə isə iştirakçılar sakitcə dayanıb əsərləri müzakirə edirlər. Ən çox diqqətimi çəkən isə rəsmlərin rəng çalarları idi. Sərgidə müxtəlif sahələrdən olan adamlar iştirak edir, lakin rəssamlar çoxluq təşkil edirdi. Onlardan biri də rəssam Pəri Miniatürdür. O, sərginin yadda qalan olduğunu qeyd edir: "Çox maraqlı və fərqli ab-hava var burda. İndiyə kimi getdiyim sərgilərdən ən maraqlısı idi. Ata-oğulun əsərlərinin birlikdə sərgilənməsi gələnlərin marağını artırır. Hər iki rəssama uğurlar arzulayıram".
Sərgiyə gələn qonaqlardan biri də Milli Məclisin deputatı Fazil Mustafa idi. Onun sözlərinə görə, hər iki rəssam Azərbaycan sənətində böyük rol oynamış sənət adamlarıdır: "Ata və oğlunun çox maraqlı əsərlərin nümayişi baş tutdu. Böyük zövq aldım. Azərbaycanda belə gözəl əsərlər az hallarda sərgilənir. Post-modern üslubunda bir çox heykəllərinin yaradılması sevindirici idi. Xüsusilə burda Qafqaz İslam ordusu ilə bağlı orjinal heykəl kompleks yaradılıb. Bütövlükdə son illərdə ən çox zövq aldığım sənət əsərləri ilə tanış olduq".
Bol və parlaq rənglərlə zəngin olan sənət nümunələri fərqliliyi ilə göz oxşayır. Sərgidə iştirak edən yazıçı Svetlana Turan hər iki rəssamın işlərindən, xüsusilə kompozisiyalar arasındakı rənglərdən zövq aldığını bildirir: "İlk növbədə onu deyim ki, sərginin təşkilatı tərəfi çox xoşuma gəldi. Konfrans zalda rəssamların çıxışı, sonra da ekspozisiyaların nümayiş etdirildiyi zala keçməyimiz xoş təsir bağışladı. Hər iki rəssama uğurlar arzulayıram".

Burda iştirak edən yaradıcı adamlardan biri də şair, ssenarist Elvin Paşa idi. Şair sərginin çox yüksək səviyyədə olduğunu deyir. O, Ruhulla Həsənzadə ilə yeni tanış olduğunu qeyd edərək, əsərlərdən böyük zövq aldığını vurğulayır: "Maraqlı yadda qalan əsərlərdir, xeyli rəsmin şəkilini çəkdim. Onları xatirə olaraq özümdə saxlayacağam".
Addım-addım heyranlıqla zalı gəzirəm. Xeyli iştirakçı gəldiyindən əsərlərə növbə ilə tamaşa edirdilər. Sərgidə iştirak edən əməkdar müəllim Zabul Əhmədov gənclərin estetik zövqünün formalaşmasında belə sərgilərin böyük rol oynadığını bildirir: "Halbuki hazırda sərgilər az təşkil olunur və bunun da müəyyən səbəbləri olduğunu qeyd etmək istəyərdim. Sərgi təşkil etmək üçün müəyyən məbləğ tələb edir. İstəyərdim belə sərgilər çox olsun".
Daha bir istedadlı gənc rəssam Güləbətin Hüseynova ilə həmsöhbət oluram. Gənc rəssam sərgidə iştirak elədiyi üçünü özünü xoşbəxt hiss edir: "Həqiqətən çox gözəl əsərlərə qarşılaşdım. Əsərlərdə rənglərin tonları, heykəlləri çox bəyəndim. İnsanın gözünü oxşayır. Bir həmkarının bu cür əsərlərini seyr eləmək çox zövq verici idi".
İtirakçıların get-gedə artması sərgiyə marağın böyük olduğunu deməyə əsas verir.
İştirakçılardan olan jurnalist Günay Elşadqızı sərgidə çox gözəl rəsm əsərlərinin nümayiş olunduğunu və böyük əməyin olduğunu bildirir: "Rəsm əsərləri insana pozitiv enerji verir, rəsmlərdəki rənglər insanın qəlbini isidir, yaşamağa ümidləndirir. Həm heykəltəraş-rəssam İbrahim Həsənov, həm də rəssam Ruhulla Həsənzadəni belə gözəl sərgi üçün təbrik edirəm və daha böyük auditoriyalarda, daha böyük sərgilər keçirməyi, neçə-neçə yeni gözəl rəsm əsərləri yaratmağı diləyirəm".
Dekabr ayının 19-a kimi davam edəcək sərgidə yaradıcı adamların, rəsmsevərlərin axını davam edir.
Qeyd edək ki, sərginin təşkilatçısı "Azplusaz" şirkətinin həmtəsisçisi Aynurə Azayeva və Cəlil Cavanşirdir.

Havar ŞƏFİYEVA



