|
|
|
|

Türkiyədə rus dramaturqu Aleksey Arbuzovun yazdığı “Söz verirəm” tamaşası Kemal Başarın rejissorluğu ilə səhnələşdirilib. Tamaşa aktual mövzusu, təsirli məzmunu ilə ədalətsiz müharibələrin dağıdıcılığına qarşı insanlığa, sevgiyə, məsumiyyətə çağırış kimi alınıb.
Bombardman altındakı kəndlərdən birində, qəzalı vəziyyətə düşmüş evdə yolları kəsişən və bir-birilərindən başqa kimsəsi qalmayan, həyat üçün savaşan üç gəncin hekayəsi seyrçiyə müxtəlif duyğuları bir arada yaşamaq və anlamaq imkanı verir.
Əsərin qəhrəmanları Lika, Marat və Leonidikin dağıntılar arasında filizlənən sevgiləri, məyusluqları, sevincləri, ümidsizlikləri, mübahisələri və ağrıları ölümsüz bir dostluğun təməlini qoyur.

Premyerası Türkiyənin İstanbul şəhərində 16 dekabrda baş tutan tamaşada Leonidik rolunu canlandıran gənc aktyor Efe Can Karakaya həyat verdiyi obraz haqqında bunları bildirib: “Leonidik, həyatda çətinliklər yaşamasına baxmayaraq həmişə istədiklərinin arxasınca gedən və nə olursa olsun ailəsindən, dostlarından vaz keçməyən bir qəhrəmandır. Özümü azad ifadə edə bildiyim teatr səhnələri həyatımın ilk sıralarındadır. Fikirlərini və öyüdlərini dinləməkdən hər zaman məmnun olduğum rejissor Kemal Başarın öndərliyində çalışmaqbu sahədə məni bir addım da irəli daşıdığına əminəm.“Söz verirəm” tamaşası savaşlara, acılara rəğmən bir ailə olmağın mesajını verir insanlara. Günahsızların məzlum olduğu savaşlarda qazanan yoxdur. Düşünürəm ki, ailə olmaq bu həyatda hər şeydən daha önəmlidir”.
“Bilirsiniz ki, Azərbaycanda ikinci Qarabağ savaşı oldu və Azərbaycan öz haqlı savaşında zəfər qazandı. Türkiyə ölkəmizin siyasi və mənəvi dəstəkçisi olaraq Azərbaycanın yanında yer aldı. Hər iki qardaş ölkənin işğalla və terrorla mücadiləsini ifadə edən ortaq tamaşa, film layihələri hazırlanarsa, özünüzü həmin layihələrin bir parçası olaraq görürsünüzmü” sualına gənc aktyor belə cavab verib: “Əlbəttə, belə layihlərdə məmnuniyyətlə yer almaq istəyərəm. Tarixdə yaşananları günümüzdə bir çox insana təkrar anlatmaq və eyni duyğuları hiss etdirmək hadisələrin yaddaşlardan silinməməsi üçün çox önəmlidir”.
Qeyd edək ki, gənc aktyorların ifasındakı tamaşa Türkiyədəki sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
Arzu Həsənzadə



