|
|
|
|

Folklor, ədəbiyyat tarixi, türkologiya və publisistika sahəsində tədqiqatları ilə tanınan Əli Şamilin yaradıcılığına həsr edilmiş "Turan sevdalısı" adlı məqalələr toplusu yayımlanıb. Kitabın elmi redaktoru və tərtibçisi professor Almaz Həsənqızı, rəyçiləri professor Bədirxan Əhmədli və dosent Sürəyya Sultanovadır. Kitaba Əli Şamilin yaradıcılığı ilə bağlı aparılan tədqiqatlar və xatirələr daxil edilib.
Ə.Şamil elmi-publisistik yaradıcılığı ilə yalnız Azərbaycanda deyil, bütün Türk Dünyasında tanınan və sevilən alimlərdən biridir. Belə ki, o, Türk xalqlarının yaşadığı əraziləri qarış-qarış gəzmiş, zəngin materiallar toplamış, bu da onun tədqiqatlarının məzmununa ciddi təsir göstərib.
Kitaba "Turan yolçusu" adlı ön söz yazmış professor Vaqif Sultanlı Ə.Şamilin yaradıcılığını belə qiymətləndirir: "Tarixin və taleyin axarında dünyaya səpələnmiş türk toplumunun yurd saldığı elə bir yer yoxdur ki, Əli Şamil ora baş çəkməsin. Getdiyi, gəzdiyi, qonaq olduğu yerləri Böyük Vətənin bir hücrəsi kimi sevdiyi, bağlandığı və tanıtdığından araşdırmaları elmi yönü ilə yanaşı, milli mahiyyət daşıyır. Bu səpkili yazılarının ən mühüm özəlliyi isə uzun illər yad güclərin əlilə ayrı salınmış, müxtəlif adlarla parçalanmış, biri-birinə qarşı qoyulmuş Türk xalqlarını Türk Dünyasının ayrılmaz bir parçası kimi təqdim etməyə çalışmasıdır".
Sadəcə araşdırmalarının kiçik bir qisminin adlarına nəzər salmaqla - "Türkçülüyün qurbanları", "Quzey Kıbrıs", "Uyğur, qaqauz, Quzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı", "Colan türkmanları", "Qaşqaylar və onların folkloru", "Parçalanmış Türküstanı gəzərkən", "Qırım sevgisi" - Əli Şamil yaradıcılığının istiqamətləri haqqında aydın təsəvvür yaratmaq mümkündür.



