|
|
|
|

Dünən AMEA-nın Mərkəzi Elmi Kitabxanasında "Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003" kitabının təqdimatı olub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli başa çatmaqda olan "Heydər Əliyev İli" çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. O, gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb: "Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, eləcə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub".
AMEA-da "Heydər Əliyev İli" çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran akademik İsa Həbibbəyli Elmlər Akademiyasında Ulu öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu, il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən, Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 46 kitab və monoqrafiyanın işıq üzü gördüyünü qeyd edib.
Çıxışının sonunda AMEA prezidenti vurğulayıb ki, Prezident İlham Əliyevin 2023-cü il 7 dekabr tarixli sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi də ölkəmizin yeni epoxaya qədəm qoymasının bəyannaməsidir. O, Azərbaycan alimlərinin mütəşəkkil qaydada İlham Əliyevin namizədliyini dəstəkləndiyini və qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirib.
Kitabın ideya müəllifi və tərtibçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli çıxış edərək müxbirlik fəaliyyətindən, Ulu öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən danışıb. A.Bəşirli "Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003" kitabını 11 il əvvəl tamamlasa da, onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Vurğulayıb ki, bu nəşr müstəqil Azərbaycanın dövlətçilik tarixinin iki həlledici gününü bir-biri ilə bağlayan mürəkkəb, ümid, inam və zəhmət dolu 10 ilin - Ümummilli lider Heydər Əliyevin prezidentlik xronikasıdır.
Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər Ulu öndərin həyatının ən çətin və mübarizə dolu illərindən bəhs edən kitabı "Heydər Əliyev İli"nə ən böyük töhfə kimi dəyərləndiriblər.




