|
|
|
|

Ötən əsrin neft milyonçusu Bəşir bəy Aşurbəyovun həyatından, fəaliyyətindən və dövründən bəhs edən "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabının müzakirəsinə həsr olunmuş tədbir keçirilib. Bakıdakı 21 nömrəli orta məktəbdə təşkil olunan tədbirdə məktəbin direktoru vəzifəsini icra edən Gülnarə Süleymanova Əməkdar jurnalist İradə Əliyevanın "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı haqqında geniş məlumat verib. Bakının nüfuzlu neft sahibkarlarından biri, xeyriyyəçi, maarif və mədəniyyət hamisi B.Aşurbəyovun ömür yolundan, ictimai xadim kimi fəaliyyətindən söz açıb. Kitabın əhəmiyyətindən və xalqımızın yaddaşına qanla yazılmış 1937-ci ildən, həmin çağlarda ziyalıların günahsızcasına həbs olunaraq güllələnmələrindən, soyuq Sibir çöllərinə sürgün olunmalarından ağrı hissilə danışıb. Bildirib ki, o çətin illərin ağrı-acılarını səhifələrində yaşadan "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı tarix baxımından çox dəyərlidir, ona görə də belə kitablar oxucular tərəfindən böyük maraqla qarşılanır.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Maral Quliyeva da "Bəşir Aşurbəyov və zəmanəsi", repressiya qurbanları barədə ətraflı danışıb, kitabın müəllifinə minnətdarlığını bildirib.
Bəşir bəyin nəvəsi Nəzakət Aşurbəyova haqqında anasının ona danışdığı xatirələri dilə gətirib. Xüsusi vurğulayıb ki, kitabda bu nüfuzlu neft sahibkarının ömür yolu vərəqləndikcə XX əsr Bakısının qaynar mənzərəsi, tarixi həqiqətləri, insan taleləri göz önündə canlanır.
Sonra N.Aşurbəyova babasının həyatı, fəaliyyəti ilə bağlı məktəblilərin verdiyi sualları cavablandırıb.
Məktəblilər Azərbaycanın istiqlal şairləri Almas İldırımın və Xəlil Rza Ulutürkün şeirlərini səsləndirib, B.Aşurbəyovun həyat və faəliyyətini əks etdirən səhnəciklər göstəriblər. 11-ci sinif şagirdi Mirzə Əzizov B.Aşurbəyovun obrazını istedadla canlandırıb.
Maraqlı keçən müzakirədən sonra tədbir iştirakçılarına "Bəşir bəy Aşurbəyov və zəmanəsi" kitabı hədiyyə olunub.
Vahid MƏHƏRRƏMOV



