|
|
|
|

ABŞ-nin son davranışları bu ölkənin Azərbaycanla bağlı qərəzli siyasətini davam etdirdiyini göstərir. Söhbət ondan gedir ki, Vaşinqtonun 2023-cü il üzrə dini azadlıqlarla bağlı dərc etdiyi hesabatın Azərbaycana aid hissəsi tamamilə cəfəngiyyatdır. Eyni zamanda, ABŞ Dövlət Departamentinin ölkəmizin xüsusi "izləmə" siyahısına daxil olan dövlət kimi müəyyən edilməsi ilə bağlı yaydığı bəyanat da eyni xəttin davamıdır. ABŞ-də yaxşı bilirlər ki, Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, bütün dinlərin, millətlərin nümayəndələri ölkəmizdə vahid bir ailə kimi mehriban şəkildə yaşayırlar. Ermənistan bütün azərbaycanlıları öz ərazisindən qovsa da, bu gün Azərbaycanda 30 mindən çox erməni sülh, əmin-amanlıq şəraitində həyatlarını sürür və onlara qarşı heç bir ayrı-seçkilik baş vermir. Ümumiyyətlə, tarix boyu Azərbaycanda dini və etnik zəmində hər hansı qarşıdurma, gərginlik yaşanmayıb. Bu amildən istifadə etməyə çalışan bütün qüvvələrin mənfur planları iflasa uğrayıb.
Azərbaycan əbəs yerə dünyada tolerantlıq nümunəsi adlandırılmır. Bu gün Bakının mərkəzində məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr fəaliyyət göstərir. Pravoslav və katoliklər, yəhudilər dini ayinlərini rahat şəkildə həyata keçirirlər. Hətta erməni kilsəsi də qorunub saxlanılır. Baxmayaraq ki, işğal müddətində ermənilər 60-dan çox məscidimizi yerlə bir edib, dini məkanlarımızı təhqir edərək, orda donuz saxlayıblar.
Belə olan halda, Vaşinqton başdan-ayağa yalan, faktsız hesabat hazırlamaqla, necə qərəzli olduğunu ortaya qoymuş olur. Heç kimə sirr deyil ki, bu gün məhz ABŞ-də insanlar dini mənsubiyyətinə, hətta dərilərinin rənginə görə ayrı-seçkiliyə məruz qalırlar. Qaradərili vətəndaşlar heç bir səbəb olmadan polis tərəfindən güllələnərək qətlə yetirilir. Və bu cinayətlər heç araşdırılmır da. Belə faktlar ABŞ-da saysız-hesabsızdır. Başqa ölkələrin daxili işlərinə müdaxiləyə başı qarışan rəsmi Vaşinqton öz daxilində baş verən qətlləri görmək istəmir.
Azərbaycana qərəzli yanaşmada məqsəd aydındır - ölkəmizin apardığı müstəqil xarici siyasət kursu ABŞ-nin yumşaq desək, "xoşuna gəlmir". Amma Bakı öz siyasətini hansısa dövlətin maraqları əsasında deyil, öz dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək müəyyənləşdirir və həyata keçirir.
Hesabatın müəllifinin kimliyi də Vaşinqtonun qeyri-obyektivliyini, erməni maraqlarından çıxış etdiyini göstərir. Belə ki, hesabatın Azərbaycana aid hissəsi dövlət komissiyasının rəhbəri Daniella Aşbaxyan tərəfindən hazırlanıb. Livan ermənisi olan bu adam Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. "Foreign influence laws"ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirakı özü qeyri-qanunidir.
Onu da vurğulamaq lazımdır ki, Vaşinqtonun bu qərəzli siyasəti xeyli müddətdir ki davam edir. Görünən odur ki, Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsini bir çox dövlətlər, o cümlədən, ABŞ həzm edə bilmir. İndiyədək Bakıya təzyiq üçün bir sıra addımlar atan ABŞ, öz istəyinə nail olmadığı üçün belə qondarma hesabatlardan təsir vasitəsi kimi istifadə edə biləcəyini düşünür. Dövlət katibinin köməkçisi Ceyms O'Braynın ölkəmiz əleyhinə qərəzli bəyanatlarından sonra Vaşinqton yanlış siyasətini anlayaraq Bakı ilə dialoqun bərpası üçün bir sıra addımlar atdı. ABŞ dövlət katibi Entoni Blinken ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı oldu, sonra O'Brayn Bakıya səfər etdi. Amma təəssüf ki, ABŞ Azərbaycana qarşı səhvləri davam etdirir.
Görünür, ABŞ Dövlət Departamenti də artıq erməni lobbisi və ermənipərəst dairələrin təsir altındadır. Bu yanlış addımlar Bakı-Vaşinqton münasibətlərinə ciddi zərər verir. Ona görə də xarici siyasət xəttini müəyyən edənlər onu yenidən nəzərdən keçirməlidirlər.
Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı bildirib: "İkili standartlara söykənərək Azərbaycanı izləmə siyahısına daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən, niyə göz yumurdu?" O, Füzuli rayonunda 1683-cü ildə inşa edilən Şah Abbas məscidinin 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrildiyini vurğulayıb: "Şah Abbas məscidi tarixiliyi ilə seçilən adidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb. Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil. Ermənistanın işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. İkili standartlara söykənərək Azərbaycanı izləmə siyahısına daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası, görəsən, ölkəmizin dini və tarixi abidələrinin dağıdılmasına niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə bir neçə gün əvvəl pravoslavlar ən vacib xristian bayramlarından birini - Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri qeyd etdilər: bu hesabat "müəllifləri"nin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir".
Deputat Aydın Mirzəzadə isə bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı əsassız fikirləri qəbuledilməzdir: "Azərbaycan dünyada tolerant, dini baxışların sərbəst fəaliyyət göstərdiyi bir ölkə kimi tanınır. Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, bütün səmavi dinlər açıq şəkildə fəaliyyət göstərir, tərəfdarları dini bayramlarını keçirir, dövlət rəsmiləri həmin bayramlarda iştirak edirlər. Dini zəmində ölkəmizdə hər hansı bir konflikt yoxdur, insanlar sərbəst şəkildə öz dini inanclarını yerinə yetirirlər. Belə olan halda ABŞ Dövlət Departamentinin hesabatı əlbəttə ki, qəbuledilməzdir".
Deputat bildirib ki, ABŞ-nin Azərbaycanda böyük heyəti olan səfirliyi fəaliyyət göstərir. İstənilən məsələ ilə bağlı müvafiq dövlət qurumu, həmçinin ictimai təşkilatlarla sərbəst fikir mübadiləsi apara bilərlər: "Azərbaycana qarşı əsassız rəyin yayılması qətiyyən Azərbaycan-ABŞ münasibətlərinə müsbət təsir edə bilməz. İki ay öncə ABŞ dövlət katibi köməkçisinin Azərbaycanla bağlı qərəzli çıxışı münasibətlərimizdə soyuqluq yaratdı. Amma ABŞ-nin təşəbbüsü ilə bunun aradan qaldırılması üçün belə bəyanatlar verən şəxs Azərbaycana səfər etdi və münasibətlərin normallaşmasında ABŞ-nin maraqlı olduğunu göstərdi. İndi isə belə bir rəyin yayılması ABŞ-da müəyyən dairələrin Azərbaycanla olan münasibətlərin daim gərginləşməsində maraqlı olduğunu göstərir. Hesab edirəm ki, ABŞ rəsmi dairələri bu məsələyə diqqət etməlidirlər".
A.Mirzəzadə vurğulayıb ki, Azərbaycan bu gün demokratik dəyərlər üzərində müstəqil dövlətdir və öz suveren hüquqlarını beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirir. Azərbaycan beynəlxalq birlikdə aktiv fəaliyyəti ilə seçilən dövlətlərdəndir.
O deyib ki, ümumilikdə ABŞ kimi dünya siyasətində böyük rol oynayan dövlət öz müstəqilliyini qoruyan və beynəlxalq normaları gözləyən ölkələrə qarşı münasibətlərdə həssas olmalıdır: "ABŞ Azərbaycan kimi bir dövlətlə münasibətlərin yaxşı olmasına çalışmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan da hər zaman ABŞ-la münasibətlərə xüsusi diqqət edib. Bu münasibətləri ABŞ-də müəyyən dairələrin korlamaq cəhdlərinin qarşısı hər iki ölkə tərəfindən qəti şəkildə alınmalıdır".



