|
|
|
|

Son illər Azərbaycanla ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərdə yeni bir inkişaf dinamikası özünü göstərməkdədir. Tarixi köklərə, eyni zamanda qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin daha da inkişafında hər iki ölkə maraqlıdır. Şübhəsiz ki, münasibətlərin möhkəmlənməsində, əlaqələrin artmasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi vacib rol oynayır. Bu mənada BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ ilə geniş tərkibdə və təkbətək görüşü olub. Hər iki ölkənin liderləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə ediblər.
Prezident İlham Əliyev vurğulayıb ki, əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır.
Ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladan dövlət başçısı deyib ki, bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olub. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur.
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında Anlaşma Memorandumu, maliyyə, ekoloji nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", həmçinin bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və s. üzrə sənədlər imzalanıb. Əlbəttə ki, bu sənədlər gələcək əməkdaşlığın inkişafına təkan verəcək.
Onu da qeyd edək ki, Azərbaycanla BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Səfirliklərin açılması əlaqələrin tendensiyasına da öz təsirini göstərib.
Azərbaycan Prezidenti İlham Əliyev 2006-cı il noyabrın 20-21-də BƏƏ-yə rəsmi səfər edib. Bu səfər iki ölkə arasında əlaqələri daha da genişləndirib. Səfər zamanı müxtəlif sahələrdə, o cümlədən, iqtisadi, ticari və texniki əməkdaşlıq, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb.
Dövlət başçısının BƏƏ-yə növbəti səfəri bundan 2016-cı ildə reallaşıb. Səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən, energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və "Made in Azerbaijan" brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır.
Azərbaycan-BƏƏ əlaqələrindən danışarkən enerji sektorunu da xüsusi vurğulamaq lazımdır. Son illər ölkəmiz yaşıl enerji ilə bağlı da mühüm addımlar atıb. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. 2022-ci il martın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin oktyabrında Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi olub.
Prezident İlham Əliyev çıxışında iki ölkənin münasibətlərinin yüksək səviyyəsini qeyd edib: "Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var".
Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu Komissiyanın indiyədək 8 iclası keçirilib.
Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmində də artım müşahidə olunur. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsinin həcmi 94,62 milyon ABŞ dolları təşkil edib.
Onu da vurğulayaq ki, Azərbaycan dünyada sülh, dialoq tərəfdarı olaraq bütün ölkələrlə, o cümlədən, ərəb dövlətləri ilə mehriban münasibətlər qurub. Bu münasibətlər müxtəlif beynəlxalq platformalar, o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də inkişaf etməkdədir. Ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər.
Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Hələ 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir.
Xatırlatmaq yerinə düşər ki, BƏƏ-nin "Dar əl-Bir" Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi də əməkdaşlığımızın daha bir nümunəsidir. Səfər çərçivəsində dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşü bu ölkənin Azərbaycanla əməkdaşlığa verdiyi önəmin göstəricisi idi.
BƏƏ-nin Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları antiazərbaycan qətnaməsinə sərt şəkildə etiraz etməsini də yada salmaq lazımdır. Bir sıra dost dövlətlərlə yanaşı, BƏƏ-nin də, bu cür ədalətli mövqedən çıxış etməsi təqdir olunmalıdır.
Nəhayət, onu da vurğulayaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edildi. BƏƏ Prezidenti Bakıda bəyan etdi ki, ölkəsi COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. İki Prezident arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib: "Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq".
Görünən odur ki, Azərbaycan-BƏƏ əlaqələrinin gündəliyi çox genişdir. Bu ölkə Prezidentinin səfəri, eyni zamanda müvafiq gündəliyin həyata keçirilməsi ikitərəfli əlaqələrin inkişafına, güclənməsinə öz töhfəsini verəcək.



