|
|
|
|

Fransa prezidenti Emmanuel Makronun yarıtmaz siyasət artıq öz "bəhrəsini" verməkdədir. Makron həm daxili, həm xarici siyasəti ilə tam bir fiaskoya uğrayıb. Məhz onun hakimiyyəti müddətində Fransa beynəlxalq aləmdə öz nüfuzunu itirib, bir sıra dövlətlərlə münasibətləri kəskin pisləşib. Eyni zamanda ölkə daxilində vətəndaşların narazılıqları pik həddə çatıb. Fransızlar Makronun sosial siyasətinə etiraz olaraq mütəmadi aksiyalar keçirirlər. Bu mənada 2018-ci ildən başlamış "sarı jiletlilər" hərəkatını yada salmaq lazımdır. Yanacağın qiymətinin artmasına və digər sosial problemlərə etiraz olaraq başladılan aksiyalar sonradan "sarı jiletlilər" hərəkatına çevrildi. Bu hərəkata ölkənin bütün təbəqələrindən olan vətəndaşlar qatılmışdı. Bahalaşmaya qarşı başladılan aksiyalarda sonrakı mərhələdə etirazçılar Makronun istefasını tələb etdilər. "Sarı jiletlilər" hətta digər ölkələrə - Belçika, İspaniya, Niderland, İtaliyaya da sıçramışdı.
Amma ötən müddət ərzində Makron hakimiyyəti ölkədə daxili problemlərin, sosial tələblərin həlli üçün heç bir addım atmadı. Əvəzində digər ölkələrin daxili işlərinə burnun soxmaqda davam etdi. İllərlə Afrikada müstəmləkə siyasətini aparan, bu dövlətlərin təbii sərvətlərini çapıb-talayan, insanlarını yoxsul vəziyyətə salan, bir sözlə, qitəni fəlakətə, aclığa, xəstəliklərə düçar edən Fransanın artıq bu siyasəti də ifşa olunur. Fransa Afrikadan qovulur və proses davam etməkdədir. Görünən odur ki, Fransa hakimiyyəti kolonializm təfəkküründən əl çəkmək niyyətində deyil. Eyni zamanda dənizaşırı ərazilərdə də Fransa yeni müstəmləkəçiliyinə qarşı mübarizə davam edir və Paris burada da mövqelərini itirməkdədir.
Makron hakimiyyətinin Cənubi Qafqaza nüfuz etmək, Afrikada əlindən çıxan mövqelərini bu regionda əvəzləmək kimi planları da puç oldu. Çünki regionun əsas gücü, söz sahibi olan Azərbaycan Fransanın Cənubi Qafqazı öz oyunlarının, ssenarilərinin meydanına çevirməyə imkan vermədi. Məhz buna görə də Makron hakimiyyəti Azərbaycana qarşı ən iyrənc üsullara belə əl atdı, casus şəbəkəsi formalaşdırmağa qədər irəlilədi. Casus şəbəkəsinin Azərbaycanda ifşa olunması isə Paris üçün növbəti ağır zərbə oldu.
Makronun yarıtmaz siyasəti, başından böyük iddiaları artıq Fransada hökumət böhranının yaranmasına səbəb olub. Bir neçə gün əvvəl Baş nazir Elizabet Born istefa verdi. Bu, hakimiyyətdə olduğu 7 il ərzində istefa vermiş 4-cü baş nazirdir. 62 yaşlı Elizabet Born 2022-ci ilin yazından baş nazir idi. Yeddi ildə 4 baş nazirin istefası Makron hakimiyyətinin apardığı siyasətinin uğursuzluğunu, hökumət daxilindəki fikir ayrılıqlarını göstərir.
Bu istefa ilə bağlı bir sıra səbəblər, versiyalar irəli sürülməkdədir. Məsələn, "Euronews" yazır ki, gənc Qabriel Attalın Fransada hökumət başçısı vəzifəsinə təyin edilməsi Emmanuel Makron tərəfindən ifrat sağçıların artan populyarlığına qarşı çıxmaq cəhdi kimi qəbul edilir. Xarici media Attalın Makronun ümidi olduğunu yazır.
Bəs ölkə tarixində ən gənc Baş nazir Qabriel Attal kimdir və onun idarəçiliyi Makron hakimiyyəti üçün nə vəd edir?
Attal 1989-cu il martın 16-da Paris yaxınlığındakı Klamar şəhərində anadan olub. Atası vəkil İv Attal tunisli yəhudidir, pravoslav xristian olan anası Mari de Kurise isə Fransaya Odessadan köçmüş mühacir ailəsindəndir.
Qabriel Attal Paris Siyasi Elmlər İnstitutunun məzunudur, siyasi fəaliyyətinə Sosialist Partiyasından başlayıb. Səkkiz il əvvəl Makronun yaratdığı "Marş-Respublika" hərəkatının iştirakçısına və gələcək dövlət başçısının yaxın silahdaşına çevrilib.
Baş nazir vəzifəsindən əvvəl təhsil naziri olub.
O, ölkə tarixində təkcə ən gənc baş nazir kimi qalmayacaq, həm də cinsi oriyentasiyasına görə "ilkə" imza atıb. Attal ilk məlum olan homoseksual hökumət başçısıdır. Belə ki, Qabriel Attar yeniyetməlik illərində müğənni Coys Conatanla "yaxın münasibətdə" idi, nazir təyin olunduğu zaman Avroparlamentin deputatı Stefan Sejurne ilə vətəndaş nikahında olub. İctimaiyyət Attarın qeyri-ənənəvi cinsi oriyentasiyası barədə ilk dəfə 2018-ci ildə onun keçmiş sinif yoldaşı, hazırda siyasi fəal və hüquqşünas Xuan Brankonun açıqlamasından sonra xəbər tutub.
Hökumət sözçüsü kimi fəaliyyət göstərdiyi zaman onun adı COVİD-19 pandemiyası zamanı məşhur oldu. Makronun yaratdığı İntibah Partiyasının baş katibi postunu tutur. Elə siyasi analitiklər də hesab edirlər ki, yeni baş nazirin qarşısındakı əsas vəzifə hakim İntibah Partiyasının Avropa Parlamentinə cari ilin iyununda keçiriləcək seçkilərdə uğurunu təmin etməkdir.
Onu da yada salaq ki, baş nazir vəzifəsinə namizədlər sırasında Fransanın müdafiə naziri Sebastyan Lekornyun, daxili işlər naziri Jerald Darmanen, maliyyə naziri Bryuno le Mer və kənd təsərrüfatı naziri Jülen Denormandinin də adları səsləndirilib. Yeri gəlmişkən, Lekornyun bir müddət əvvəl Ermənistanın silahlandırılması ilə bağlı açıq bəyanatlar verib, eyni zamanda erməni həmkarı Suren Papikyanla hərbi sahədə sazişin imzalayıb.
Qabriel Attal barədə danışarkən bir məqamı da unutmaq olmaz. Bu siyasətçini xarici media həm də hicab və abayanın düşməni kimi təqdim edir. Belə ki, o, məktəb direktorlarının iclasında təhsil müəssisələrində təkcə hicab və niqab deyil, həm də ənənəvi müsəlman qadın geyimi olan abayanın geyinilməsinə qadağa qoyulduğunu elan etmişdi.
Müsəlman Hüquqları üzrə Fəaliyyət Assosiasiyası (Action Droits des Musulmans) nazirin bu qərarına etiraz etdi, lakin Fransa Dövlət Şurası qərarı konstitusiyaya uyğun olaraq təsdiqlədi.
Onu da xatırladaq ki, Makron Yeni il münasibətilə müraciətində ölkəni "yenidən silahlandırmaq" layihəsini həyata keçirmək üçün Attalın enerjisinə arxalandığını bildirib.
"Yenidən silahlanma" ifadəsini iqtisadiyyatın, sənayenin, texnologiyanın və ictimai xidmətlərin gücləndirilməsi mənasında bir neçə dəfə işlədib.
Görünən odu ki, Makron iyunda keçirilməsi planlaşdırılan Avropa Parlamenti seçkilərinə qədər mərkəzçi partiyasının mövqeyini gücləndirməyə çalışır. Ötən il aparılan və kəskin etirazlar doğuran pensiya və miqrasiya islahatlarına baxmayaraq, ölkəyə rəhbərlikdə davam edir. Makronun bütün ümidlərini bəslədiyi Attalın onun "xilaskarı" olacağı ehtimalı sıfra bərabər olsa da, qarşıdakı zaman daha doğrusunu göstərəcək.



