|
|
|
|

Yanvarın 6-da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Mikayıl Müşfiqin xatirə günü qeyd olunub. Müşfiq öncə Bakıda yerləşən heykəli önündə yad edilib. Tədbirin təşkilatçısı və aparıcısı olan Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə şairin həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan ədəbiyyatı tarixindəki rolundan bəhs edib.
Yasamal RİH başçısının müavini Təravət Muradova çıxışında qeyd edib ki, Müşfiqin hər bir sətri ayrıca bir fəlsəfədir, onun hər yazısında insanın dünəni, bu günü, gələcəyi poetik notlarla tərənnüm edilib. T.Muradova bildirib ki, dövlət tərəfindən son illərdə Müşfiqlə bağlı görülən tədbirlər vətəndaşlarımız tərəfindən təqdir olunur.
Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə çıxışında qeyd edib ki, Müşfiq poeziyası başdan-başa musiqidir. O bildirib ki, "Oxu tar" şeiri milli musiqimizin qorunub saxlanılması naminə dəyərli addım olub.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev vurğulayıb ki, hər bir azərbaycanlının ürəyində sonsuz bir məhəbbətlə anılan Mikayıl Müşfiq həyata şair olaraq gəlib, şair olaraq ömür sürüb, bəşəriyyətin, insanlığın xilası naminə cəsarətlə mücadilə edib.
Yusif Seyfəlov, Reyhan İsmayılzadə və digər tədbir iştirakçıları da Müşfiqin parlaq yaradıcılığı, nakam taleyi barədə fikirlərini bölüşüblər.
Jurnalist-qiraətçi Rəsmiyyə Heybətağa qızı şairin "Küsmərəm", 20 nömrəli məktəbin şagirdi Sibel Eyvazlı "Küləklər" şeirini (rusca) tədbir iştirakçılarına ərməğan ediblər.
Müğənnilər - Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin solisti Nicat Cəfərzadə "Sahilə gəl", İslamə Abdullayeva "Yaşa könül" mahnıları ilə tədbirə xüsusi rəng qatıblar.
Daha sonra tədbir iştirakçıları şairin ata-baba yurdu Xızının Sayadlar kəndinə, Müşfiq ocağına yola düşüblər. Müşfiqin Xızıdakı abidəsi önündə təşkil olunan tədbirdə şairlər Ofelya Babayeva, Nəcməddin Mürvətov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Möhsün Bağırov, polkovnik Arzu Babayev, Dilbər Axundzadənin yadigarı Leyla Axundzadə, rəssam Minayə Feyzullayeva və başqaları çıxışlarında Müşfiq yaradıcılığının məziyyətlərindən söz açıblar.
Xızı RİH-nin əməkdaşı Fətulla Əliyev Müşfiq ocağı ilə bağlı görülən tədbirlərdən söz açıb.
Sonda Qafar Əsgərzadə "Kitabxana" Könüllülər İctimai birliyi tərəfindən layiq görülmüş fəxri fərmanları Adil Sadıxova, Fətulla Əliyevə, İman Məcidova, Firuzə Qasımovaya təqdim edib.
Azadə ƏSGƏRZADƏ



