|
|
|
|

Dünən Azərbaycan Mətbuat Şurasında (MŞ) Respublikanın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskərin 70 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. Tədbiri giriş sözü ilə MŞ sədri Rəşad Məcid açaraq bildirib ki, R.Əskər həm jurnalistikada, həm ədəbi yaradıcılıqda, həm də elmi müstəvidə sanballı və geniş fəaliyyət diapazonu ilə seçilən, əsl ziyalı statusu daşıyan dəyərli simadır. MŞ ömrünü yaradıcılığa sərf etmiş qələm adamlarının əməyinə hər zaman böyük dəyər verdiyi kimi, R.Əskərin də həyatının əlamətdar təqvim gününə həsr olunmuş toplantının təşkilini vacib sayıb.
Yubilyar qələm sahibinin bioqrafiyasındakı xarakterik məqamlara diqqət çəkən R.Məcid bildirib ki, R.Əskər yalnız Azərbaycanda deyil, eyni zamanda, bütövlükdə türk dünyasında adı fəxrlə çəkilən söz adamı, populyar elm xadimidir. MŞ sədri onun fədakar əməyinin müxtəlif nüfuzlu mükafatlara və dövlət təltiflərinə layiq görülməsini yüksək qədirbilənlik nümunəsi kimi dəyərləndirib və rəhbərlik etdiyi qurumun diplomunu R.Əskərə təqdim edib.
Toplantıda çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər - Bəbir Hüseynov, Rəhim Hüseynzadə və Mədət Məmmədov, yazıçı-publisist Fazil Abbasov, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, Şuranın icraçı katibi Əvəz Rüstəmov və başqaları R.Əskərin istər jurnalist, istərsə də elmi fəaliyyətinin misilsiz vətənpərvərlik örnəyi olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, qələm sahibinin indiyədək həyata keçirdiyi bütöv bir elmi institutun işidir. Çıxış edənlər R.Əskərə qarşıdakı müddətdə də yaradıcılıq şövqü və məhsuldarlığın davamını arzulayıblar.
R.Əsgər 70 illik yubileyinə, keçdiyi ömür yoluna yüksək dəyər verdikləri üçün toplantı iştirakçılarına təşəkkürünü bildirib.




