|
|
|
|

Öz sahəsində sevimli simalara çevrilmiş iki sənətkarın 70 yaşının tamam olması ilə əlamətdardır bu 16 yanvar günü. Hər ikisinin səsi xalqımızın qulağındadır və bu səslə onlar minlərlə insanın qəlbini fəth etməyi bacarıb; Ağalar Bayramov sevilən qiraəti ilə, Şamil Əhmədov şirin zənguləsi ilə Azərbaycan incəsənətinə xidmət edib.
Ağalar Xanlar oğlu Bayramov 1954-cü ildə Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb. 1972-1974-cü illərdə Göyçayda işləyən Ağalar 1974-cü il mayın 31-də Krasnoyarsk vilayətinə hərbi xidmətə yollanıb. 1976-cı ildə əsgərlikdən Ucara qayıtsa da, nənəsi vəfat etdiyindən 6 ay sonra Bakıya yollanıb.
1977-1979-cu illərdə Bakı Mədəni-Maarif Texnikumunda özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnən aktyor 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.
1980-ci ildə ailə quran aktyor 1985-ci ildə institutun "Aktyor sənəti" kafedrasında baş laborant, bir müddət sonra isə dekan müavini təyin olunub. Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi fəaliyyət göstərən qiraət ustası aktyorlara "Səhnə danışığı” fənnini tədris edir. Uzun illərdir Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışır. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Azərbaycanın görkəmli şairlərinin poetik nümunələrini öz qiraəti ilə təbliğ edən, yaşadan Ağalar Bayramov ümumxalq sevgisi qazanan sənətkarlardandır.
Xanəndə, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şamil Əhmədov əslən Cəbrayıldan olsa da, atası işlə əlaqədar Füzuli rayonunun Qaradağlı kəndinə köçdüyündən o, 1954-cü ildə həmin kənddə dünyaya göz açıb. Şamil Əhmədovun 6 yaşı olarkən ailəsi Beyləqan rayonunun Şahsevən kəndinə köçüb. 1970-ci ildə orta məktəbi həmin kənddə bitirən Şamil Əhmədov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və Ümumi Texniki Fənlər fakültəsinə daxil olub. Elə sənət yolu da oradan başlayıb. Ali məktəbə daxil olduğu il institutun ansamblına yazılıb, konsertlərdə çıxış edib. İnstitutu bitirdikdən sonra uzun illər Cəbrayılda mədəniyyət şöbəsində "Çinar" mahnı və rəqs ansamblında solist olub. 1972-ci ilin sonu,1973-cü ilin əvvəli Berlində keçirilən Ümumdünya Tələbə Festivalında iştirak edib. Azərbaycanın ali məktəblərinin içərisindən yeganə xanəndə tələbə kimi çıxış edərək həmin festivalın laureatı olub.
Şamil Əhmədov sonralar Cəbrayılda "Arazbarı" adlı ansambl yaradıb. "Arazbarı" Azərbaycan Dövlət Televiziyasında, indi Heydər Əliyevin adını daşıyan möhtəşəm Sarayda unudulmaz konsertlər verib. 1987-ci ildə Oktyabr inqilabının 70 illiyi münasibətilə dünyanın əksər dövlət və hökumət başçılarının iştirak etdiyi Kremlin qurultaylar sarayında Azərbaycandan dəvət olunmuş yeganə xanəndə kimi Şamil Əhmədov çıxış edib.
Şamil Əhmədov, eyni zamanda, əsl poeziya həvəskarıdır. Xüsusən, Ramiz Rövşən şeirlərinin vurğunu olan sənətkarın özünün də təsirli, diqqətçəkən şeirləri var. Necə deyərlər, unikal istedada malik Şamil Əhmədov 70 yaşında da şuxdur, enerjilidir.
Hər iki sənətkarı 70 illik yubiley münasibətilə ürəkdən təbrik edir, onlara cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Nadir YALÇIN



