|
|
|
|

Avropa İttifaqı son vaxtlar Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqe sərgiləməkdədir. Bu qurumun ayrı-ayrı rəsmilərinin bir sıra məsələlərlə bağlı dəqiqləşdirmə aparmadan ölkəmizə münasibətdə verdikləri əsassız bəyanatları dediyimizi sübut edir. Başqa sözlə, Azərbaycanla çox yaxşı münasibətlərə malik olan Aİ, hazırda Fransanın yolu ilə gedərək, erməni lobbisinin və diasporunun təsiri altında addımlar atmaqdadır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə vasitəçilik missiyasını üzərinə götürən quruma, xüsusilə Aİ Şurasının prezidenti Şarl Mişelə Azərbaycan cəmiyyətində böyük etimad var idi. Brüssel platforması uğurlu bir format olaraq irəliləyirdi. Amma Aİ və onun rəhbərliyində təmsil olunan Mişel Fransanın təsiri ilə öz yanaşmasını dəyişdi, bununla da etimadı itirmiş oldu.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin Azərbaycan əleyhinə səsləndirdiyi, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlarını yaxşı xatırlayırıq.
İndi isə onun sözçüsü - Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Peter Stano əsassız iddia ilə çıxış edib.
O deyib: “Avropa İttifaqı Azərbaycana Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir”.
Aİ rəsmilərinə, o cümlədən, Stanoya bir sıra məsələləri xatırlatmaq lazım gəlir. Baxmayaraq ki, onlar reallıqları yaxşı bilirlər, amma qərəzli olduqları, Azərbaycanın regionda güclənməsini, müstəqil xarici siyasət aparmasını, öz tərəfdaşlarını kimlərinsə diktəsi ilə deyil, öz maraqlarına uyğun olaraq seçməsi qıcıq yaratmağa başlayıb.
Məlumdur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi regionda yeni reallıqlar yaradıb. Aİ- dəki qərəzli qüvvələr isə bununla barışa bilmirlər və belə çirkin vasitələrə əl atırlar. Azərbaycan ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında qalıb. Bu, təkcə işğal deyil, həm də dünyanın indiyədək şahidi olmadığı bir vandallıq, vəhşilik idi. 30 illik işğal dönəmində həmin ərazilərimizdə bir yaşayış yeri, bir salamat tikili qalmamışdı. Ermənilər şəhər və kəndlərimizi yerlə-yeksan edib, tarixi və dini abidələrimizi, məscidlərimizi darmadağın edib, təhqirə məruz qoymuşdular. Yüz minlərlə insanı öz yurd yerindən qovub, onlara qarşı soyqırımı, qətliam törətdilər. Ərazilərimiz həm də kütləvi şəkildə minalarla çirkləndirildiyi üçün bu gün də insanlarımızın ölümünə, öz sağlamlıqlarını itirməsinə səbəb olur. Eyni zamanda bu, qayıdışı gecikdirir. Azərbaycan dövləti təkbaşına, heç bir kömək, dəstək olmadan bütün bunların öhdəsindən gəlir. Həm azad olunmuş əraziləri tikir-qurur, həm də minalardan təmizləyir.
Aİ bununla bağlı ötən 30 ildə və indi bir dəfə də olsa “narahatlıq” ifadə etməyib. Ölkəmizin suveren ərazilərinin Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasına biganə yanaşıb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə və insanlıq əleyhinə cinayətlərə susub. Əvəzində, Ermənistana dəstək verib. İndi isə hansısa mifik “ərazi bütövlüyünün pozulmasından” danışırlar.
Məlumdur ki, Ermənistan konstitusiyasında Qarabağa qarşı iddia hələ də qalır. Aİ bunu əlbəttə ki, bilir, amma susurlar. Çünki ikili standartdan, xristian təəssübkeşliyindən qurtula bilmirlər.
Ortada dağıntılar, işğal, deportasiya və soyqırımına dair real faktlar var, bunları görməmək, qeyri-real, “mifik” “hallara”ə görə Azərbaycana “xəbərdarlıq” etmək əlbəttə ki, qərəzin üst səviyyəsidir.

Bu, ikili standartlar siyasəti və “səlibçi” fəlsəfəsinin göstəricisidir, fakt budur ki, xristian ermənilərin bütün cinayətlərinə göz yumulur.
Qəzza zolağında mülki əhalinin ölümü ilə bağlı da Aİ-nin mövqeyi səlibçilikdən fəlsəfəsindən xəbər verir.
Avropa İttifaqının "qərəz marafonu"na qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko da qoşulub. Səfir Mixalko ermənilərin vəhşiliklərinin, ərazilərimzi məruz qoyduqları urbisid, kultursid və ekosid cinayətlərinin şahididir. Azad olunmuş ərazilərdə səfərdə olub. Eyni zamanda minaların qurbanı olan insanları görüb, yurd həsrəti ilə yaşayan insanları görüb, öz torpağına qayıdan insanların sevincinə şahidlik edib. Amma belə görünür ki, həm də gördüklərinə göz yumub. Əks halda Azərbaycanla bağlı qərəzli iddialar səsləndirmək əvəzinə məhz bu sadaladığımız məqamlara toxunardı.
Mixalkonun bu əsassız iddiasına elə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial şəbəkəsində cavab verib: "Bu əsassız və məsuliyyətsiz iddiadır! Yaxşı olardı ki, səfir bir sıra Aİ ölkələrinin məhkəmə sistemlərindəki ədalətsizliyə və amansız rəftara diqqət yetirsin".
O həmçinin, Azərbaycanın qabaqcıl dünya praktikasına əsaslanmış məhkəmə sisteminə müdaxilənin yolverilməz olduğunu qeyd edib.
Bu gün Aİ ölkələrində, xüsusən Fransada, Almaniyada məhkəmə sistemindəki çatışmazlıqlar, polis zorakılığı pik həddə çatıb. Təkcə adıçəkilən bu iki ölkədə deyil, digər Avropa ölkələrində, o cümlədən, Belçikada, Niderlandda etiraz aksiyaları zamanı dinc nümayişçilərə qarşı ən qəddar üsullardan, hətta qadağan olunmuş vasitələrdən istifadə edilir. Etizazçıların üzərinə atla gedilməsini də, zərərli qazlardan istifadəni də, ölümcül döyülməni də, saxlanma zamanı polis tərəfindən insanlara zorakılığın tətbiqini də məhz Avropa ölkələrində görmüşük və görməyə davam edirik. Amma həmin Avropada hər şeyə icazə var. Digər ölkələri isə bu cür məqamlardan istifadə edib təzyiq altında saxlamağa çalışırlar.
İkincisi, Avropa ölkələrində, Qərbdə islamofobiya və antisemitizm dəhşətli dərəcəyə çatıb. İslamofobiya zəminində cinayətlərin sayı ildən-ilə artmaqdadır. Amma Avropada bu istiqamətdə heç bir addım atılmır. Əksinə, hökumət səviyyəsində bütün bunlara rəvac verilir. Bu günlərdə Fransada “hicab və abay düşməni” kimi tanınan Qabriel Attalın Baş nazir kürsüsünə gətirilməsi də dediyimizin bir sübutudur.
Avropa ölkələrində bir çox xalqlara, o cümlədən, yəhudilərə qarşı antisemitizm halları sürətlə artmaqdadır.
Nəhayət, miqrantlara qarşı vəhşi münasibət, onlarla insan kimi davranmamaq, qanunvericiliyin sərtləşdirilməsi, miqrantlara qarşı zorakılıq hallarının artması da Avropanın iç üzünü göstərir. Bütün bu qısa nümunələr Avropanın əsl simasını, mahiyyətini ortaya qoyur. Bu gün dünyada hegemonluq etmək istəyən Fransa kimi bəzi Avropa dövlətləri anlayırlar ki, onların öz hegemonluqlarını saxlamaq üçün istifadə etdikləri insan haqları, azadlıqlar, məhkəmə sistemindəki qüsurlar və s. iddiaları artıq puç olub. Avropanın öz maraqları var və onların maraqlarını təmin etməyən, onlara boyun əyməyən dövlətlərə qarşı belə ucuz vasitələrdən istifadə edirlər. Azərbaycana qarşı isə belə oyunların, planların keçməyəcəyinə yüz faiz əmindirlər. Çünki İkinci Qarabağ müharibəsindən bu yana ölkəmizə qarşı bu cür planlar, kampaniyalar dəf edilib. Ona görə də Aİ-dəkilər Azərbaycanın əhəmiyyətini düzgün qiymətləndirib, bu cür oyunlardan əl çəksələr, qazanan da elə özləri olacaqlar.
Pərvanə



