|
|
|
|

Azərbaycanın öz ərazi bütövlüyün və suverenliyini tam bərpa etməsi bəzi xarici qüvvələrin yuxusunu ərşə çəkib. Onlar xeyli müddətdir ki, ölkəmizə qarşı müxtəlif planlar qurur, qarayaxma kampaniyaları aparırlar. Eyni zamanda bu qərəzli qüvvələr öz təsirləri altında olan bir sıra beynəlxalq qurumlarda ölkəmiz əleyhinə qətnamələrin qəbuluna, hətta sanksiyaların tətbiqinə çalışırlar. Bu çirkin oyunlar İkinci Qarabağ müharibəsindən bu yana davam edir.
Təəssüf ki, Avropa Paramentindən sonra indi də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan əleyhinə fəaliyyətə başlayıb. AŞPA-nın qış sessiyasının açılış günü, yəni yanvarın 22-də Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təşəbbüsü irəli sürülüb. Səbəb kimi isə guya insan haqları, qanunun aliliyi, Qarabağdan “erməni sakinlərin zorakılıqla çıxarılması”, AŞPA həmməruzəçilərinin Azərbaycana səfərinin azı 3 dəfə baş tutmaması, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsi göstərilib.
Bu, AŞPA-nın açıq şəkildə ölkəmizlə bağlı ikilistandartdan çıxış etdiyini, hətta ondan da irəli gedərək riyakarlığını göstərir. Əslində bu təsisat Azərbaycana münasibətdə heç vaxt ədalətli, dürüst olmayıb və öz prinsiplərini yerinə yetirməyib. Azərbaycan quruma üzv olduğu 2001-ci ildən bu yana sözün əsl mənasında döyüşüb. Öz həqiqətlərini, işğal faktını, qaçqın-köçkün problemini, Ermənistanın törətdiyi cinayətləri çatdırmaq və qəbul etdirmək üçün dayanmadan mübarizə aparıb. Amma qərəzli qüvvələr bütün bunları görmək istəməyib. Əvəzində ermənipərəst, islamofob qüvvələr ondan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Bu təşkilat ötən müddət bir üzv dövlətin digər üzv dövlət tərəfindən ərazilərinin 20 faizinin 30 ilə yaxın işğalda qalmasına, həmin əraziləri dağıdıb yerlə-yeksan etməsinə, narkotik, silah ticarətinin, terrorçuların yuvasına çevirməsinə heç bir reaksiya verməyib. Baxmayaraq ki, bununla bağlı faktlar dəfələrlə təqdim edilib. Həmin AŞPA 1 milyona yaxın insanın 30 il yurd həsrəti çəkməsinə susub, Ermənistana heç bir təzyiq etməyib. Amma insan haqlarını özünün təməl prinsipi elan edib. Onda sual olunur, insan haqları AŞPA üçün nə deməkdir? Təzyiq vasitəsi, qərəzi nümayiş etdirmək üçün alətmi?

Əlliyə yaxın dövlətin təmsil olunduğu AŞPA niyə azərbaycanlıların pozulan haqlarını bir dəfə dilinə gətirməyib? Azərbaycan torpaqlarının işğalına son qoyduqdan, öz ərazisində separatizmin kökünü kəsdikdən sonra isə dil çıxarıb. Nədir AŞPA-nı narahat edən? Azərbaycana qarşı qərəzli davranış bu təşkilata nə qazandıracaq?
Birincisi, onu qeyd edək ki, AŞPA-nı da digər Avropa strukturları kimi məhz Azərbaycanın bütövlüyü narahat edir. Çünki bu qurum da digərləri kimi maraqlı idilər ki, Azərbaycan Qarabağ problemi ilə əbədi yaşasın və hər dəfə keçirilən sessiyalara bu problemlə gəlsin. Guya AŞPA problemlə maraqlanır görüntüsü yaradıb, baş qatsın. Amma olmadı. Digərləri kimi onların da xəyalları yumşaq desək, suya düşdü. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra daha da güclənib, daha böyük nüfuz sahibi olub, regionda yeni reallıqlar yaradıb. Ölkəmizə qarşı çıxış edənləri həm də Bakının apardığı müstəqil xarici siyasət kursu narahat edir. Yanvarın 22-də qəbul edilmiş qərar da məhz bunun nəticəsidir.
AŞPA-da Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına yönəlmiş prosedurun təşəbbüskarının qurumdakı sosial-demokratlar qrupunun rəhbəri, almaniyalı deputat Frank Şvabbenin olması da artıq hər şeyi deyir. Görünən odur ki, bütün bu çirkin oyunların başında Fransa dayanır. Eyni zamanda, Fransa və Almaniya tandem şəklində çıxış edir və bir sıra hallarda Paris öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır.
Bu gün Fransa xarici siyasətdə tam bir fiaskoya uğrayıb. Makronun başından böyük iddiaları, hegemonluq arzuları Fransanı ardıcıl uğursuzluqlara düçar etməklə yanaşı, nüfuzdan düşməsinə gətirib çıxarıb. Azərbaycana qarşı da çirkin niyyətləti, hətta casus planı ifşa olunan Makron hakimiyyəti Almaniyanı qabağa verib. Şvabbenin təşəbbüsünü beş dövlətdən 30 deputat dəstəkləyib. Qaydalara görə, Monitorinq Komitəsi öz rəyini təqdim etdikdən sonra Assambleya ya səlahiyyətləri təsdiq edəcək, ya təsdiqləməyəcək, ya da nümayəndə heyəti üzvlərinin Assambleyanın və onun orqanlarının fəaliyyətində iştirak və ya təmsilçilik hüququndan məhrum edilməsi və ya təmsilçilik hüququndan məhrum edilərək səlahiyyətlərini təsdiqləyəcək. Azərbaycan nümayəndə heyətinin üzvləri qərar qəbul edilənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olacaqlar, lakin onlar etimadnamələrinin yoxlanılması ilə bağlı heç bir səsvermədə iştirak etməməlidirlər.
Göründüyü kimi, bu qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, qeyd etdiyimiz kimi, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Eyni zamanda regionda 30 ildən sonra yaranan sülh üçün imkanlara zərbə vurmaqdır.
Böyük Britaniyanın AŞPA-da nümayəndə heyətinin üzvü İan Liddel-Granger da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini təklif edən həmkarlarının qərarını pisləyib və onu səhv adlandırıb. Bunun müsbət təsiri olmayacağını deyərək, belə qərarlar vermək üçün çox ehtiyatlı olmağa çağırış edib.
Məsələnin digər tərəfi budur ki, nə Ermənistan rəhbərliyi, nə Qarabağı könüllü tərk edən ermənilər “zorakılığa məruz qaldıqlarını” söyləyirlər. Onlar könüllü şəkildə öz fərdi seçimləri əsasında Azərbaycan ərazisini çox rahat şəkildə, bütün hüquqları təmin olunmaqla tərk ediblər. Ona görə də bu cür yalanlar əlbəttə ki, nifaq salmağa, nifrət yaratmağa xidmət edir.
Nəhayət, AŞPA-nın Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etməsinə toxunaq. Bu gün AŞPA birmənalı şəkildə əhəmiyyətsiz bir quruma çevrilib, tam nüfuzdan düşüb. Səbəb də məhz bu cür ikilistandartlı oyunları, öz prinsiplərinə qarşı çıxaraq heç bir fakta əsaslanmayan bir sıra dövlətlərin təsiri altında qərəzli qərarlar verməsidir.
AŞPA Azərbaycana qarşı da böyük səhvə yol verir. Azərbaycan vaxtilə məhz Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞPA-ya üzv olmuşdu. Amma zaman göstərdi ki, AŞPA riyakar yanaşma sərgiləyir, ötən illər ərzində nəinki işğalçı Ermənistanın səs hüququnun məhdudlaşdırılması haqda düşünüb, heç bir təzyiq də etməyib. Artıq Qarabağ problemi həll olunub. Hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. AŞPA bu qərarı qəbul edəcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətinin dayandırılması daha adekvat olacaq. Eyni zamanda Bakının İnsan Haqları üzrə Avropa Məhkəməsinin yuridiksiyasından çıxa bilməsi də müzakirə mövzusu ola bilər. Reallıq budur ki, Azərbaycanın hazırda Avropada hər hansı təsir imkanları olmayan Avropa Şurasına, AŞPA-ya ehtiyacı yoxdur. Çünki Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrilib.
Milli Məclisin deputatı Vüqar İskəndərov mövzu ilə bağlı bildirib ki, bəzi qüvvələr Azərbaycanın qələbəsini həzm edə bilmirlər: “2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ötən ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində isə respublikamızın suverenliyi bərpa edildi. Bu, təkcə Azərbaycanın deyil, ümumilikdə Türk dünyasının tarixinə yazılan bir qələbədir. Lakin görünən odur ki, bu qələbə, daha dəqiq desək, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbi, Birləşmiş Ştatları və Avropanın “erməni sevgisi” virusuna yoluxan bəzi ölkələrini ciddi şəkildə narahat edib”.

O bildirib ki, Azərbaycana qarşı bəzi Qərb ölkələri ilə yanaşı, beynəlxalq qurumlar da bu kampaniyada yer alıb: “Avropa Şurası Parlament Assambleyası isə bu sırada sırf ermənisifətliliyi ilə daha qabarıq formada fərqlənir. Hər halda AŞPA-da Azərbaycanın səsini dondurmaq təşəbbüsü belə deməyə əsas verir. Anlaşılan Avropanın “erməni sevgisi” virusuna yoluxan siyasətçiləri Azərbaycana təzyiq etmək üçün indi də AŞPA qalxanından istifadə etmək istəyirlər. AŞPA-da “Azərbaycanın səsini dondurmaq” təşəbbüsünü irəli sürənlər bu qaranlıq, çirkin niyyətlərini “insan hüquqları” bəhanəsi ilə pərdələməyə çalışırlar: “Amma hər kəsə gün kimi aydındır ki, bunun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Yuxarıda da qeyd etdiyimiz kimi, tarixi Zəfərimizi Qərbin bəzi siyasətçiləri, dövlət adamları və beynəlxalq qurumlar həzm edə bilmirlər. Amma onların bütün cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycan necə ki, vahid halda, birlik olaraq torpaqlarını işğaldan azad etdi, eləcə də xarici hücumlara sinə gərəcək”.
Deputat deyib ki, Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulmasının, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir: “Bildiyimiz kimi, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə Avropa Şurasına üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərinin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA bu illər ərzində üzvü olan bir ölkənin (Ermənistan) digərinin (Azərbaycan) ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib”.
Pərvanə



