|
|
|
|

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir. Görünən odur ki, Borell antiazərbaycan mövqeyindən əl çəkmək niyyətində deyil. Çünki Aİ-nin xarici siyasətinə rəhbərlik edən bu şəxs əslində Qərbdə Azərbaycan əleyhinə olan qüvvələrin sifarişlərini yerinə yetirir. Bu qüvvələrin başında isə Fransa gəlir. İndiyədək Borell dəfələrlə Azərbaycanla bağlı heç bir əsası olmayan iddialar səsləndirib. Bununla o, həm Aİ-Azərbaycan əlaqələrinə, həm də Bakı-İrəvan sülh prosesinə ziyan vurur.
C.Borrelin yanvarın 22-də səsləndirdiyi növbəti uydurmaları da dediklərimizi təsdiqləyir. Yada salaq ki, həmin gün Aİ-nin Xarici Əlaqələr Şurasının iclasından sonra Borrel jurnalistlərə deyib ki, Avropa İttifaqı Azərbaycanın Ermənistana qarşı "ərazi iddialarından" narahatdır: "Azərbaycanın son vaxtlar ərazi iddiaları ciddi narahatlıq doğurur. Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir və bu, qurumun Azərbaycanla münasibətlərində ciddi nəticələrə səbəb olacaq. Biz razılaşdıq ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün davamlı sülhə və danışıqlara qayıtmalıdır".
Bu açıqlama hər şeyi deyir, Borrelin qərəzini, yalan danışdığını açıq şəkildə göstərir. Yəni bu adam söylədiyi uydurmalarla özü-özünü ifşa edir, ermənidən çox erməni olduğunu, sifarişlə hərəkət etdiyini gizlədə bilmir.
Azərbaycanın Ermənistana qarşı guya, ərazi iddiasının olması təbii ki, Borrelin danışdığı yalandır. Rəsmi Bakı dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Həmçinin məlumdur ki, Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bir neçə dəfə təsdiqləyiblər.
Ümumiyyətlə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi Bakı üçün mühüm əhəmiyyət kəsb edir.
İkincisi, Borrel məhz Ermənistanın Konstitusiyasında, Müstəqillik aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının olduğunu bilməmiş deyil. Belə olan halda, onun bu söylədiklərinin adı riyakarlıqdır.
Rəsmi Bakı artıq Aİ nümayəndəsinin iddialarına cavab verib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi ölkəmizin legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.
"Ali nümayəndə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır", - deyə XİN rəsmisi bildirib.
Açıqlamada o da vurğulanıb ki, Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq. Bu o deməkdir ki, Bakı ilə heç kim təhdid və diktant dili ilə danışa bilməz.
Azərbaycan qalib dövlətdir, öz torpaqlarını 30 ildən sonra işğaldan azad edib, hansı ki, həmin Avropa İttifaqı, Avropa Şurası, bu gün ölkəmizə qarşı min oyun quran Qərb illərlə bu işğala, təcavüzə göz yumub. Bir milyona yaxın insanın faciəsinə, pozulmuş hüquqlarına səssiz qalıb. İndi məhz Azərbaycanın bölgədə yaratdığı yeni vəziyyətdən faydalanmağa çalışırlar. Məqsədləri heç də Ermənistanla Azərbaycan arasında qalan məsələlərin həllinə, sülh sazişinin imzalanmasına nail olmaq deyil. Məqsədləri odur ki, sülh adı altında prosesi bacardıqları qədər uzadıb, vasitəçi adı altında regiona nüfuz edib, öz maraqlarını təmin etsinlər. Əlbəttə ki, Azərbaycan vasitəçisiz danışıqların tərəfdarı olsa da, qarşı tərəfə də bunu təklif etsə də, prosesə kömək etmək istəyənlərə heç vaxt etiraz etməyib. Amma bu kömək adı altında pozuculuq olmamalıdır. Necə ki, bunu Aİ-nin nümunəsində gördük. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistanla arasında aparılan normallaşma prosesini Fransa pozdu. Təbii ki, burda Qərbin digər güclərinin də rolu oldu. Ai isə bunun üçün necə deyərlər, münbit şərait yaratdı.
Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət aparır və hansısa qüvvələrin təsiri ilə hərəkət etmir. Elə İrəvanla vasitəçi olmadan danışıqlar təklifini irəli sürməsi də bundan irəli gəlir. Ermənistan sözdə sülhdən danışsa da, əməldə Qərbdəki pozucu qüvvələrin təsirindən çıxa bilmir və sülh gündəliyinin irəli aparılmasında addım atmır. Təbii ki, bundan da özü zərər görür.
Politoloq Zaur Məmmədov hesab edir ki, Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar ondan xəbər verir ki, hazırda Qərbdə ölkəmizlə bağlı açıq şəkildə sifariş yerinə yetirilir. Bu, Avropanın müxtəlif ölkələrində Cənubi Qafqaz proseslərində Ermənistanı dəstəkləyən bir qrupun sifarişidir. Onun sözlərinə görə, həm sorosçular, həm də Qərbdəki müəyyən dairələr Avropa İttifaqı, AŞPA, Avropa Parlamenti, həmçinin ABŞ-dakı bəzi qruplar Fransa, Almaniya kimi ölkələri önə verərək Azərbaycana qarşı ciddi şəkildə fəaliyyətə təşviq edirlər: "Onlar bu məsələlərə Rusiya və İran prizmasından da baxırlar. Amma xatırlatmaq yerinə düşər ki, 30 il ərzində Rusiya və İranın ən böyük dostu elə Ermənistan idi. Bu gün Nikol Paşinyan özünü Rusiyadan uzaq siyasət xətti yürüdən şəxs kimi qələmə versə də, əslində, vəziyyət mövcud reallığı əks etdirmir. Ona görə də Azərbaycanın hansısa ölkələrlə əlaqələrini əsas gətirərək, müxtəlif adlarla ölkəmizə qarşı təzyiq göstərən dairələrin bəhanələrinin və ittihamlarının heç bir əsası yoxdur".
Politoloq deyib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında vasitəçi olsa da, Fransanın qərəzli yanaşması səbəbindən Aİ-nin vasitəçiliyi faydasız hala gəldi, tərəflər arasında sülhyaratma prosesinə ciddi zərbə vuruldu: "Bundan əlavə, Laçına getməklə bağlı Avropa Şurası Parlament Assambleyasının əsassız iddialarını da xatırlayırıq ki, son yanaşmalar da Azərbaycana qarşı uzunmüddətli qərəzin davamıdır. Əgər AŞPA neytral münasibət sərgiləyirsə və obyektivdirsə, Azərbaycan ərazilərini minaladığı üçün nəyə görə indiyədək Ermənistana heç bir təzyiq göstərməyib?! Bu məsələ, əslində, daha böyük problemdir. Çünki hələ də azərbaycanlı dinc sakinlər minaların qurbanı olurlar. 2020-ci ildən bəri mina qurbanların sayı 340 nəfəri ötüb".
O deyib ki, Azərbaycana qarşı təzyiqlərin digər səbəblərindən biri Zəngəzur dəhlizi ilə bağlıdır: "Qlobal güclər ticarət yollarına nəzarət etmək uğrunda mübarizə aparırlar. Buna görə də həmin güclər düşünürlər ki, Azərbaycanın qərb rayonlarının Naxçıvanla birləşməsi reallaşarsa, bu, guya onların maraqlarına təhdid yaradaraq elə məhz onların Cənubi Qafqazdan, Avrasiyadan məhrum olmalarına səbəb olacaq. Amma rəsmi Bakının belə bir niyyəti yoxdur. Yaxın həftələrdə Azərbaycan-Avropa əlaqələrinin gərginləşməsi ehtimalı olsa da, ümumilikdə onlar başa düşəcəklər ki, tərəflər arasındakı münasibətləri korlamaq zərərlərinə ola bilər".



