|
|
|
|

İkinci Qarabağ müharibəsindən bu yana Qərbin, eləcə də Avropa strukturlarının Azərbaycana qarşı açıq qərəzi, beynəlxalq hüquq normalarına zidd addımları davam edir. Bu münasibətin kökündə o dayanır ki, Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edib, öz ərazisində separatizmə son qoyub. Hansı ki, həmin Qərb özü də separatizmlə mübarizə aparır. Ancaq eyni məsələdə, yəni separatizmlə bağlı fərqli mövqe nümayiş etdirmək bir daha Qərbin ikiüzlülüyünü, riyakarlığını göstərir.
Ölkəmizə qarşı davam edən bu çirkin kampaniyanın başında təbii ki, Fransa dayanır. Cənubi Qafqazda hegemonluq iddiasına düşən Makron hakimiyyəti məhz Azərbaycanı özü üçün maneə görür və buna görə də ölkəmizə qarşı əli çatan bütün vasitələrdən istifadə edir. Təəssüf ki, bir sıra dövlətlər, o cümlədən, Almaniya, eləcə də Avropa strukturları – Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Fransanın çirkin oyunlarının iştirakçısına çevrilib. BMT Təhlükəsizlik Şurasında təxminən 5 müraciəti iflasa uğrayan, Azərbaycan əleyhinə nəinki qətnamə, heç bəyanatın belə qəbuluna nail ola bilməyən Fransa, daha sonra Avropa Parlamentinə üz tutdu. Təbii ki, Azərbaycan Aİ-nin üzvü deyil və bu qurumun qarşısında heç bir məsuliyyət daşımır, belə olan halda onun parlamentinin ölkəmiz əleyhinə hər hansı addımı da yolverilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ötən ilin oktyabrında məhz Fransanın təşəbbüsü ilə qəbul edilmiş kağız parçası qərəzli idi, heç bir sübuta, fakta əsaslanmırdı. AP sadəcə olaraq Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etdiyinə görə “cəzalandırmaq” istədi. Amma bu cür kağız parçaları ilə Bakıya təzyiq edə bilməyəcəklərinə də əmin oldular.
AP kimi bu gün AŞPA da bir sıra Qərb dairələrinin əlində oyuncağa çevrilib. Fransa və Almaniya cütlüyünün riyakar planları iflasa uğradıqca, yeni çirkin oyunlara əl atırlar. Fransa və onun bu kampaniyada əsas müttəfiqinə çevrilən Almaniya öz mənfur planlarını AŞPA-ya da daşıdılar. Bu qurumda Azərbaycana qarşı baş verən son proseslər birmənalı şəkildə bu cütlüyün “əl işidir”. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifinin müəllifi də almaniyalı deputat Frank Şvabedir.

Məlum olduğu kimi, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etmədi. Nümayəndə heyətimiz yekun qərarı gözləmədən Parlament Assambleyasını tərk etdi. Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin ratifikasiya edilib-edilməməsi ilə bağlı müzakirələr təxminən iki gün davam etdi. 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla nümayəndə heyətimizin səlahiyyətlərinin tanınmaması barədə qərar qəbul olundu. Azərbaycan nümayəndə heyəti yekun qərarı gözləmədən bəyanat verərək qurumu tərk etdi.
Strasburqda qurumun binasından verilən bəyanatın “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir”, fikri ilə başlaması o deməkdir ki, heç kim Azərbaycanın qururu ilə oynaya, onun müstəqilliyinə, suverenliyinə hörmətsizlik göstərə, dil uzada bilməz. Bəyanatda haqlı olaraq vurğulanıb ki, 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik: “Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”.
O da vurğulanıb ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də bu çirkin kampaniyanın tərkib hissəsidir.
Nümayəndə heyətimizin bəyanatında vurğulandığı kimi, dünyada heç kim, o cümlədən, o zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb.
Yada salaq ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı iddialardan biri Qarabağın erməni əsilli sakinlərinin guya bölgədən zorakılıqla köçürülməsi ilə bağlıdır. Əslində bunun və digər iddiaların yalan olduğunu sübut etməyə belə ehtiyac yoxdur. Çünki erməni sakinlər öz istəkləri ilə və çox rahat şəkildə, bütün hüquqları qorunmaqla bölgəni tərk ediblər. Onları heç kim buna məcbur etməyib, əksinə, Azərbaycan hakimiyyəti erməni sakinlərin qalmasını və onların Azərbaycan vətəndaşı bütün hüquqlarının qorunacağını dəfələrlə bəyan edib. Amma təbii ki, onları məcburi saxlamaq da doğru deyildir. İkincisi, ötən il oktyabrda Qarabağa səfər etmiş BMT missiyası öz bəyanatında Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar zamanı Xankəndidə və digər yerlərdə mülki infrastruktura, məktəblərə, xəstəxanalara heç bir ziyan dəymədiyini, zorakılıq faktlarının olmadığını açıqlayıb. Antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir zərərin dəymədiyini hətta Ermənistan Baş naziri Nikol Paşinyan da təsdiqləmişdi. Belə olan halda, AŞPA-nın riyakarlığını, qərəzini sübut etməyə ehtiyac qalmır. Digər iddialar da – onların nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verilməməsi, “siyasi məhbus”, fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətinin dəvət edilməməsinin də heç bir əsası yoxdur. AŞPA 30 il erməni işğalına, azərbaycanlıların zorakılığa, etnik təmizləməyə məruz qalmasına, qaçqın-köçkün probleminə, tarixi-mədəni irsimizin məhv edilməsinə susub.
Azərbaycan işğala son qoyduqdan sonra regiona gəlmək istəyən AŞPA-nın məqsədi təbii ki, ölkəmiz əleyhinə hesabat hazırlamaq, faktları təhrif etmək olub.
Prezident seçkilərinə gəlincə, Azərbaycan bu məsələdə həmişə şəffaf və açıq olub, bütün müvafiq qurumlara dəvətlər göndərib. “Siyasi məhbus” məsələsi isə hər zaman AŞPA-nın əlində ölkələrə qarşı təzyiq vasitəsi olub.

Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirir: “Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir.
Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi AŞPA da “sıfır cəmli” oyun oynayır. Qafqazda dayanıqlı sülhə nail olmaq üçün isə həmin qurumların “uduş-uduş” (win-win) strategiyasına ehtiyac var idi.
Azərbaycan post-sovet məkanında münaqişəyə cəlb olunan ölkələr arasında öz ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var: Rasizm”.

Deputat Ceyhun Məmmədov bildirib ki, son vaxtlar Avropa Şurasının, Avropa İttifaqının Azərbaycana qarşı qərəzli və ikili standartları ən pik həddə çatıb. Onun sözlərinə görə, son addımlar, qərarlar bu qərəzi açıq-aydın göstərirdi: "Həm Cozep Borrelin açıqlamaları, həm Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın ünvanına səsləndirilən fikirlər, Azərbaycanla bağlı qəbul edilən qərarlar ölkəmizin bu istiqamətdə qərarlar qəbul etməsini zəruri edirdi. Biz müstəqil, qürurlu dövlətik, bu ittihamları heç zaman qəbul edə bilməzdik. Ona görə də Azərbaycan haqlı olaraq öz qəti mövqeyini bildirdi. Bu qurum daxilində fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırdı".
Deputat deyib ki, Avropa İttifaqı, AŞPA Fransanın, Almaniyanın alətinə çevrilib: "Azərbaycana qarşı bu qurumlar tərəfindən davamlı olaraq əsassız qərarlar qəbul edilir, addımlar atılır. Biz özümüzə hörmət edən dövlətik, istənilməyən yerdə olmarıq. Nə vaxtadək məsələrə bu cür yanaşılacaq, Azərbaycan qurum çərçivəsində fəaliyyətini dayandıracaq və bu məsələlərə qəti etirazını bildirəcək".
Deputat Könül Nurullayeva isə deyib ki, Azərbaycan 2001-ci ildən bəri AŞPA-ya üzv olduğu vaxtdan özünü etibarlı tərəfdaş kimi aparıb. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət davam edir.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışacaqlarını zənn edirdilər: “Lakin Azərbaycan nümayəndə heyəti çox haqlı qərar verdi – bu qərəzli qurumla əməkdaşlığı dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. AŞPA artıq mövcud olmayan coğrafi anlayışdan - Dağlıq Qarabağ ifadəsindən istifadə etməklə destruktivlik nümayiş etdirir. Etnik ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsilə bağlı həqiqəti təhrif etməyə çalışır. Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın göz qarşısında sərgilənirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi.
Qərəzli təklifin almaniyalı deputat Frank Şvabe tərəfindən səslənməsi isə təsadüfi deyil. Fransa və Almaniya bu gün Azərbaycan əleyhinə tandem şəklində çıxış edir. Bəzi hallarda Fransa öz məkrli niyyətlərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Bir daha aydın görünür ki, AŞPA Almaniya və Fransanın əlində oyuncaqdır.
Biz bu cür qeyri-ciddi təşkilatla əməkdaşlıq edə bilmərik. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun ölkəmizə qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra edə bilməz”.
Pərvanə



