|
|
|
|

Qərbin antiazərbaycan qüvvələrinin ölkəmizə qarşı qərəzli münasibəti davam edir. Fransanın və Almaniyanın təhriki ilə Avropa Şurası Parlament Assambleyası (AŞPA) da bu kampaniyada yer aldı. Əslində Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etməklə həm də bu dairələrin əsl simasını ifşa etdi. Ölkəmiz hər zaman beynəlxalq güclərin ikilistandartları, riyakarlığı ilə üzləşib. Amma Qarabağ münaqişəsi müddətində onlar sifətlərini müəyyən qədər gizlətməyi, neytral görünməyi bacarıblar. Azərbaycanın böyük qələbəsindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrini məhz Bakının öz gücü ilə yerinə yetirməsindən sonra həmin dairələr də açıq şəkildə ölkəmizə total hücumlara başladılar. Aydın oldu ki, onların məqsədi ərazi bütövlüyü pozulmuş, şəhər və kəndləri xarabalığa çevrilmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünü olan Azərbaycan görmək istəyirlər, ölkəmzin zəfərini, regionda əsas nüfuz sahibi olmasını, müstəqil xarici siyasət kursu həyata keçirməsini heç cür həzm edə bilmirlər.
Fransanın fitnəsinə, açıq şəkildə beynəlxalq hüququ pozan addımlarına Avropanın bir sıra digər dövlətləri və təşkilatları da dəstək verdi. Amma Azərbaycan məhz haqlı olduğu, beynəlxalq hüquqa uyğun davrandığı üçün bu güclərlə mübarizə apara, onların bütün təzyiqlərini dəf edə bilir.
Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbuluna nail ola bilmədi. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi başlayandan dəfələrlə bu quruma müraciət etmişdi. Ardınca öz çirkin niyyətinə Avropa İttifaqında, Avropa Parlamentində nail olmağa çalışdı. Azərbaycanın Avropa İttifaqı ilə səmərəli əməkdaşlığı, Aİ Şurasının prezidenti Şarl Mişelin Bakı-İrəvan sülh danışıqlarında uğurlu vasitəçiliyi Parisi narahat edirdi. Və təəssüf ki, Aİ də Fransanın pozucu siyasətinə alət oldu. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borellin qırmızı xətti keçən açıqlamaları, Fransa Senatının ölkəmizlə bağlı sonuncu qərəzli qətnaməsi və s. addımlar göstərir ki, bütün bunlar əlaqəli şəkildə aparılır. Görünən odur ki, son diplomatik uğursuzluqlar fonunda Fransa kənara çəkilərək Almaniyanı irəli verib. Məhz buna görə də AŞPA-da təşəbbüslə almaniyalı deputat Frank Şvabe çıxış edib. Tarixən bu ölkələr rəqib olsalar da, müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Yada salaq ki, Türkiyəyə qarşı yaradılmış "Daşnaksütyun" da Osmanlıdakı alman və fransız məktəblərində formalaşıb. Bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında da Almaniyanın iştirakı istisna deyil.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Almaniya təmsilçisi, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabenin təşəbbüs əsasında ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Onların səbəb deyə göstərdikləri boş bəhanələrdir. Yəni insan haqlarından sadəcə sui-istifadə edirlər. Əsas səbəbləri isə Azərbaycana qarşı qətnamədə görmək mümkündür. Yada salaq ki, ötən il oktyabrın 12-də "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı reallığı əks etdirməyən, heç bir fakta əsaslanmayan, yalanlarla dolu olan qətnamə və tövsiyə sənədi qəbul edilmişdi. Qətnamə onun qərəzli olduğunu açıq şəkildə göstərir: "Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Assambleya özünün "Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz gediş-gəlişin təmin edilməsi" adlı 2508 (2023) saylı qətnaməsində Laçın dəhlizi boyunca azad və təhlükəsiz hərəkətin olmamasını müəyyən edib və Azərbaycan rəhbərliyinin on aya yaxın davam edən bu vəziyyətin humanitar və insan hüquqları nöqteyi-nəzərindən çox ciddi nəticələrini qəbul etməməsindən sarsılıb. Bundan başqa, Assambleya özünün "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı 2517 (2023) saylı qətnaməsində və 2260 (2023) saylı tövsiyələrində Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında Dağlıq Qarabağın bütün erməni əhalisinin Ermənistana qaçması və "etnik təmizləmə" iddialarının ortaya çıxmasına səbəb olan hərbi əməliyyatını pisləyib".
Şərhə ehtiyac qalmasa da, qeyd edək ki, birincisi, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. İkincisi, bu, Azərbaycanın daxili işlərinə müdaxilə, onun beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə qarşı çıxmaqdır.
"Etnik təmizləmə" iddiasına gəlincə, bu da yalandır. Qarabağı tərk edən ermənilər özləri, rəsmi İrəvan belə bununla bağlı hər hansı fikir səsləndirməyib. BMT-nin araşdırmasında da bu, təsdiq olunmayıb, bu barədə bir fakt belə yoxdur. Azərbaycana qarşı daha bir irad ölkənin AŞPA qarşısında "öhdəlikləri" yerinə yetirməməsidir. Bu "öhdəliklər"də əsas yeri LGBT hüquqlarının qorunması tutur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir. Sonda eyni cinslərin nigah hüququnun tanınmasını da yəqin ki, tələb kimi qoya bilərlər.
Təbii ki, Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu "dəyərlər"i qəbul edə bilməz. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb.
Qərbi qıcıqlandıran daha bir məqam Azərbaycan xalqının bütün bu təzyiqləri dəf edən Prezident İlham Əliyevə verdiyi tam dəstəkdir. Aparılan seçki kampaniyasını izləyən Qərb dairələri bir daha İlham Əliyevə olan dəstəyin şahidi olublar.
Parlament Assambleyası öz qərarını 7 fevralda Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirsə də, bu, sadəcə, onun öz davranışına bəraət qazandırmaq üçün əl atdığı bəhanələrdir. Birincisi, Azərbaycanın AŞPA-nın seçkilərə dəvət olunması kimi öhdəliyi yoxdur, əsas seçki izləyən institut olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu seçkiləri müşayiət edəcək.
İstənilən halda, baş verənlər açıq şəkildə onu göstərir ki, Azərbaycanın Qarabağdan imtina etməməsi, öz ərazisində ikinci erməni dövlətinin yaranmasına göz yummaması, öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi, ölkəmizin milli mentalitet və əxlaqımıza zidd "dəyərlərdən" imtina etməsinə cavab olaraq Fransa, Almaniya kimi ölkələr ABŞ-ın dəstəyi ilə təzyiqləri gücləndirməyə cəhd edirlər.
Təbii ki, bu təxribatlar Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa İttifaqının roluna böyük zərbə oldu, eyni zamanda bütün bunlar tərəfləri sülh gündəliyindən uzaqlaşdırmaq deməkdir.
Paralel şəkildə ölkəmiz əleyhinə kampaniya COP-la bağlı da aparıldı. Belə ki, Almaniya və Fransa ABŞ-ın da dəstəyi ilə Azərbaycanın COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumuna ev sahibliyi etməsinə imkan verməmək üçün əlindən gələni etdilər. Almaniya və Fransa səfirləri Ümumdünya Şəhərlər Forumunun Bakıya verilməsinin qarşısını almaq üçün BMT İnsan Məskənləri Proqramı - BMT -Habitata təzyiqlər göstərdilər, Eynisini COP-29-la bağlı da etdilər, amma heç bir nəticə olmadı.
Prezident yerli televiziya kanallarına müsahibəsində bu məqama toxunaraq deyib ki, dırnaqarası ənənəvi dostlarımız hər iki tədbirdə bizə əngəl törətməyə çalışırdılar, COP29-da, necə deyərlər, daha gizli formada: "Çünki burada, eyni zamanda, bölgədə sülhə doğru bir addım nəzərdə tutulurdu və bu addıma qarşı getmək, əlbəttə ki, heç kimə şərəf gətirməzdi. Ona görə pərdəarxası fəaliyyət daha çox özünü göstərmişdi və Dünya Urban Forumu ilə bağlı açıq şəkildə bizə qarşı kampaniya gedirdi. Səsvermə ərəfəsində bir çox ölkələrə təzyiqlər göstərilirdi ki, amanın günüdür, Azərbaycana səs verməyin. Ancaq orada da iflasla üzləşdilər və bu iki tədbirin keçirilməsi, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu böyük dərəcədə artıracaq".
Bəli, bütün cəhdlər uğursuz oldu və "səlib yürüşü" çərçivəsində AŞPA-da "insan hüquqları" bəhanəsi ilə Bakıya təzyiq etməyə qərar verənlər də yumşaq desək, məyus oldular. Çünki Azərbaycan onları qabaqladı, nümayəndə heyətimiz son iclasa qatılmadı və bəyanat səsləndirərək qürurlu şəkildə islamofob, antiazərbaycan qurum ilə münasibətləri kəsdi.
Milli Məclisin deputatı Musa Quliyev hesab edir ki, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin qərarı düzgündür: "AŞPA son illərdə özünün etibarını və ona olan etimadı tamamilə itirmiş bir quruma çevrilib, Fransa və Almaniyanın baş rol oynadığı absurd teatr olub. AŞPA-nın Azərbaycana şübhə ilə yanaşmasına heç bir əsas yox idi. Biz Avropa Şurasına daxil olarkən əsas məqsədimiz və ümidimiz Azərbaycan torpaqlarının işğal edilməsini AŞPA-nın pisləməsi idi. Həmçinin, AŞPA-dan Ermənistanı işğalçılıq siyasətindən əl çəkməyə çağırmasını, demokratiya və insan hüquqlarının qorunmasına dəstək verilməsini gözləyirdik. Lakin keçən illər ərzində bir dəfə belə AŞPA-dan torpaqlarımızın azad olunmasına dəstək verilməsini görə bilmədik".
Deputat deyib ki, müxtəlif azlıqların haqlarını yüksək şəkildə qoruduqlarını bəyan etdikləri halda, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünün öz ata-baba yurdlarından didərgin düşməsini bir dəfə belə dilinə gətirməyən yenə də AŞPA-dır: "Buna görə də AŞPA-dan ədalət gözləməyimizə gərək yox idi. Xüsusilə Avropanın bir çox dövlətlərinin müxtəlif siyasi qurumları 2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra əsl simalarını göstərməyə başladılar. Antiazərbaycan, antiislam xüsusiyyətləri özünü açıq şəkildə göstərməyə başladı və onların ermənipərəst siması özünü büruzə verdi. 2023-cü ildə isə AŞPA ümumiyyətlə özünü Qafqazda tamamilə Ermənistan tərəfdarı və onun ən yaxın silahdaşı kimi aparmağa başladı. Əslində isə bu təşkilat hər zaman özünün tərəfsizliyi ilə seçildiyini bəyan edir. Buna görə də hesab edirik ki, AŞPA bu illər ərzində erməni işğalını gizli, sonra isə aşkar şəkildə dəstəkləyən bir təşkilatdır və onlarla əməkdaşlığımızın heç bir faydası yoxdur".
M.Quliyevə görə, Azərbaycan nümayəndə heyəti də çox doğru olaraq sərt bir bəyanatla AŞPA-nı ifşa etmiş oldu və əməkdaşlığımız qeyri-müəyyən müddətə qədər dayandırıldı: "Bu isə AŞPA üçün "soyuq duş" effekti olacaq. Onların Azərbaycan nümayəndə heyətinin bəyanatından sonra qərarı isə "arxadan atılan daş topuğa dəyər" misalını xatırladır. Hesab edirəm ki, AŞPA-ya çox ciddi şəkildə yenilənmə lazım olacaq".



