|
|
|
|

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnamələrini təsdiqləməməsi, ölkəmizi səsvermə hüququndan məhrum etməsi açıq şəkildə qərəzli münasibətin göstəricisidir. AŞPA Fransa və Almaniyanın təhriki ilə qəbul etdiyi bu qərarla Azərbaycana münasibətdə böyük səhvə yol verdi. Çünki ölkəmiz 2001-ci ildən Avropa Şurasının üzvüdür və qurumun Parlament Assambleyasında təmsil olunur. Ötən müddət ərzində Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlıq qurmağa çalışıb, qurum qarşısındakı öhdəliklərini hər zaman vaxtında yerinə yetirib. Baxmayaraq ki, AŞPA Azərbaycana münasibətdə gözlədiyimiz mövqeni nümayiş etdirməyib. İşğal faktı, bir milyona yaxın insanımızın qaçqın və məcburi köçkün düşməsinə, illərlə ağır şəraitdə yaşamasına, bütün hüquqlarından məhrum edilməsinə adekvat reaksiya verməyib, Ermənistanı qınayan addımlar atmayıb. Əvəzində "insan haqları"nı, "siyasi məhbus" məsələsini daim əlində bayraq edib. Amma reallıq budur ki, ötən 23 il ərzində ölkəmizə qarşı bu qurumda ədalətsiz davranışlar olsa da, heç vaxt analoji addım atılmayıb.
İndi nə baş verdi ki, AŞPA-da belə bir əsassız, heç bir fakta söykənməyən qərar qəbul edildi. Əlbəttə ki, bu sualın cavabı aydındır və birmənalıdır: Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bölgədə nüfuz sahibinə çevrilməsini, müstəqil siyasət aparmasını Qərbdə həzm edə bilmirlər. Elə antiazərbaycan kampaniyası da İkinci Qarabağ müharibəsindən bu yana başlayıb, lokal antiterror tədbirlərindən sonra isə daha da güclənib. Fransa və Almaniya öz çirkin oyunlarına beynəlxalq qurumları ortaq etməklə, Azərbaycana qarşı sədd quracaqlarını, sanksiyaların tətbiqinə nail olacaqlarını düşünürdülər. BMT Təhlükəsizlik Şurasında bütün cəhdləri fiaskoya uğradıqdan sonra Fransa Avropa Parlamentində, ardınca öz Senatında ölkəmiz əleyhinə qətnamələrin qəbuluna nail oldu. Amma bu qətnamələr sadəcə kağız parçalarıdır. Azərbaycana hər hansı təsir gücünə malik deyillər. Bütün bu addımlarla Bakıya qarşı planlaşdırdıqları nəticələri əldə edə bilməyən Parisin rəhbərlik etdiyi antiazərbaycan qüvvələri növbəti "ümid" yeri kimi AŞPA-ya üz tutdular. Bu təşəbbüsün müəllifinin almaniyalı deputat Frank Şvabenin olması artıq hər şeyi deyir. Şvabenin fəaliyyəti hər zaman qərəzli olub, antiazərbaycan mahiyyəti daşıyıb. O, erməni lobbisinin maraqlarının müdafiəçisidir. Şvabe bu günlərdə "BBC Azərbaycanca"ya müsahibəsində bir daha ölkəmizə qarşı necə qərəzli olduğunu aydın nümayiş etdirib. İnsan haqlarından, qanunun aliliyindən danışan Şvabe, 30 il ərzində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarından, Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasından bir kəlmə də danışmayıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalda qalmasına, şəhər və kəndlərimizin, tarixi-mədəni irsimizin yerlə-yeksan edilməsinə susub. Şvabe qərəzlidir, riyakardır, bu, bəllidir, bəs AŞPA onun təhriki ilə niyə bu addımı atdı? Görünən odur ki, qeyd etdiyimiz kimi, Azərbaycanın bütöv olması, güclənməsi Qərbin yuxusun ərşə çəkib.
Xarici işlər naziri Ceyhun Bayramov bu mövzuda danışarkən eyni məqamları vurğulayıb: "Azərbaycana qarşı belə bir qərəzli münasibətin əsas səbəbi məhz ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Açıq deməliyik ki, ölkəmizdəki proseslərlə bağlı Avropa Şurası Parlament Assambleyasının müxtəlif rəyləri hər zaman mövcud idi. Azərbaycan nümayəndə heyəti də buna uyğun olaraq adekvat mövqe ifadə edirdi. Baş tutan müzakirələrdə hər hansı məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilməməsi halları da yaşanırdı. Ancaq bu, bir işçi prosesdir və bu proses 20 il ərzində davam edirdi".
AŞPA-nın gətirdiyi "arqumentlərə" nəzər salanda da bunun Azərbaycana qarşı xüsusi hazırlanmış plan olduğu açıq görünür. Məsələn, "insan haqları", "seçkilərə AŞPA-nın dəvət olunmaması" və s. əlbəttə ki, hamısı bəhanələrdir. Əsas səbəbi artıq qeyd etdik. Bura həm də Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması planlarının alt-üst olmasını əlavə etmək lazımdır.
Təbii ki, Azərbaycanın AŞPA-nın seçkilərə dəvət olunması kimi öhdəliyi yoxdur, seçkini izləyən əsas institut olan ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosudur ki, bu qurum da seçkiləri müşahidə edəcək. Buna görə də AŞPA-nın seçki ilə bağlı iddiası bəhanədən başqa bir şey deyil.
Başqa bir məqam, Qarabağdan 100 mindən çox erməninin guya zorla qovulması barədə iddialar da onların riyakarlığının nəticəsidir. Birincisi, Qarabağda 100 min erməni yaşamayıb. İkincisi, onlar ərazini zorla deyil, çox rahat şəkildə, bütün hüquqları təmin olunmaqla tərk ediblər. Üçüncüsü, Azərbaycan dövləti onların Qarabağda qalıb, ölkə vətəndaşı olaraq yaşamaları üçün dəfələrlə çağırış edib. Amma əgər bu insanlar getməyi seçiblərsə, onları zorla saxlamaq təbii ki, mümkün deyil. Bu, heç düzgün də olmazdı.
AŞPA nümayəndələrinin Laçın yolu vasitəsilə Qarabağa buraxılmaması barədə iddiaları da məqsədli şəkildə irəli sürülüb. Bakı bu məsələdə tamamilə haqlıdır.
Azərbaycanın "yerinə yetirmədiyi" öhdəliklər dedikdə ilk növbədə "LGBT hüquqlarının qorunması" nəzərdə tutulur. Məsələn, Azərbaycan orta məktəblərdə LGBT mövzusunu tədris etməlidir və s. Azərbaycan öz milli mentaliteti, əxlaqi dəyərlərinə zidd olan bu "dəyərlər"i qəbul edə bilməz. Azərbaycan cəmiyyətinə bu cür yad "dəyərlərin" çirkinliklərin gətirilməsi mümkün deyil. Çünki hər bir xalqın öz dəyərləri var ki, bunlar minilliklər boyu formalaşıb və onları digər cəmiyyətlərə məxsus yad dəyərlərlə əvəzləmək niyyəti ilk növbədə cəmiyyətlərin basqısı ilə qarşılanır. Ona görə Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb.
Beləliklə, AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti yekun qərarı gözləmədən bu qurumla əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı bildirib ki, Avropa Şurası Parlament Assambleyasındakı AŞPA Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz davranışı suallar yaradır. AŞPA reallığı, həqiqəti qəbul etmək istəmir. Əslində, bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu Azərbaycan nümayəndə heyətinin bəyanatında da görmək olar. Bəyanatda konkret olaraq vurğulanıb ki, Azərbaycana qarşı əsassız ittihamların səsləndirildiyi bir məkanda işləmək mümkün deyil.
Deputat əlavə edib ki, AŞPA bir çox dəyərlərdən uzaq olan quruma çevrilib: "Bəzi avropalı parlamentarilər azərbaycançılığa, türkçülüyə, İslama qarşı açıq-aşkar hörmətsizlik edirlər. Azərbaycanda keçiriləcək prezident seçkilərinə müdaxilə edib ölkəmizdə demokratik şəkildə fəaliyyət göstərən institutlara kölgə salmaq istəyirlər. Ermənistanın təcavüzkar siyasətinə qarşı 20 ildə bir dəfə də olsun fikir bildirməyən, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyən təşkilat, yüz minlərlə qaçqın və köçkün azərbaycanlını görməzdən gəlib, onların problemləri ilə məşğul olmayıb və bu gün bizə qarşı ədalətsiz mövqe sərgiləyir. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməzlər. Bizimlə kimsə təhdid dilində danışa bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurur. Azərbaycanı qınayırlar ki, niyə Avropa Şurasını ölkədə keçirilən seçkiləri müşahidə üçün dəvət etməyib. Çox doğru edib, çünki AŞPA 23 ildə bir dəfə də olsun obyektiv mövqe tutmayıb, daim ermənipərəst mövqe tutub. Ona görə də seçkilərə müşahidəçi qismində dəvət edilməyib".



