|
|
|
|

Ukrayna, Moldova, Gürcüstan – postsovet məkanının bu üç dövləti hazırda eyni taleni yaşayır. Hər üç müstəqil dövlət separatizmdən əziyyət çəkir, ərazilərində separatçı qurumlar, tanınmayan “respubliklar” yaradılıb.
Ukraynada vəziyyət məlumdur. İki ilə yaxındır ki, ölkə Rusiya ilə müharibə aparır. Ötən iki il ərzində Ukrayna beynəlxalq güclər tərəfindən cəlb edildiyi bu müharibədə hər hansı uğur qazana bilməyib, itirdiyi əraziləri geri qaytarmayıb, üstəgəl, müharibə ölkəni darmadağın edib, iqtisadiyyatını çökdürüb, çox sayda insan itkisinə səbəb olub. Və bu dağıdıcı müharibənin sonu da görünmür. Ukrayna ərazisində Donetsk və Luqansk “respublika”ları yaradılıb, həmçinin Rusiya Krımı ilhaq edib.
Moldovaya gəlincə, bu ölkə də separatizmdən əziyyət çəkir. Ərazisində tanınmamış “Dnestryanı respublika” mövcuddur ki, bu da Moldovanın suverenliyi üçün açıq təhdiddir.
Nəhayət, Gürcüstan və ərazisində Ukrayna kimi mövcud olan iki tanınmayan “respublika” - Abxaziya və Cənubi Osetiya.
Adıçəkilən hər üç ölkənin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəcəyinə dair hələ ki, ümid azdır. Bunları xatırlatmaqda əlbəttə ki, məqsədimiz var. Təəssüf ki, uzun illərdir separatizmdən əziyyət çəkən hər üç ölkə separatizmə qarşı susdu, Azərbaycanın haqq səsinə səs vermədi. Söhbət ondan gedir ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizlə bağlı verilən qərəzli qərarda, yəni nümayəndə heyətimizin etimadnamələrinin təsdiqlənməməsində bu üç ölkənin deputatları Azərbaycanı müdafiə etmədilər. Əslində, Azərbaycanı müdafiə etmək həm də onların öz haqq işlərini müdafiə etmələri demək olacaqdı. Çünki Azərbaycan məhz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən, ərazisində separatizmə son qoyduqdan sonra beynəlxalq qurumlarda, eyni zamanda Qərbdə təzyiqlərə, çirkin kampaniyalara məruz qalıb.

AŞPA-da almaniyalı deputat Frank Şvabenin təklifləri əsasında ölkəmiz əleyhinə qəbul edilən qərar da məhz bundan irəli gəlir. Çünki səbəb kimi göstərilənlər arasında Laçın dəhlizi ilə bağlı məqamın, mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsinin yer alması, guya erməni sakinlərin zorakılığa məruz qalmasını iddia etmək onun açıq şəkildə qərəzini göstərir.
Məlumdur ki, erməni sakinlər köç zamanı hər hansı təzyiqə, zorakılığa məruz qalmayıblar. Köç prosesi bütün dünyanın gözü qarşısında baş verib. Və bu, erməni sakinlərin fərdi seçimləri olub.
İkincisi, ötən il oktyabr ayının əvvəlində Qarabağa səfər etmiş BMT missiyası yaydığı bəyanatında da bildirmişdi ki, Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar zamanı Xankəndidə və digər yerlərdə mülki infrastruktura, məktəblərə, xəstəxanalara heç bir ziyan dəyməyib. Bəyanatda vurğulanırdı ki, yerli əhali ilə (Qarabağda qalan erməni əsilli şəxslər) söhbətlərdə onlardan hər hansı şikayət daxil olmayıb. Bununla yanaşı, antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir zərərin dəymədiyini Ermənistan Baş naziri Nikol Paşinyan belə təsdiqləmişdi. Ümumiyyətlə, ərazini tərk etmiş ermənilər Azərbaycanın ünvanına hər hansı şikayət bildirmirlər. Belə olan halda, AŞPA kimi qurumların riyakarlığı bir daha üzə çıxır.
Dövlətlərin ərazi bütövlüyü, suverenliyi Azərbaycan üçün qırmızı xətdir. Bakı hər zaman ərazi bütövlüyü pozulmuş dövlətlərə, o cümlədən, Ukraynaya, Gürcüstana, Moldovaya özünün güclü və birmənalı dəstəyini göstərib. Bu mövqeni beynəlxalq təşkilatlar çərçivəsində də daim səsləndirib. Eyni zamanda, Ukraynada müharibə başlayandan bəri bütün dəstəyini göstərib, dəfələrlə ən zəruri vasitələrin yer aldığı humanitar yardımlar edib.
Gürcüstana gəlincə, eyni dəstəyi vurğulamaq lazımdır. Bu gün Bakının müəllifi olduğu mühüm əhəmiyyət daşıyan layihələr məhz Gürcüstan ərazisindən həyata keçirilir. Həmçinin, bu ölkənin çətin anlarında da Azərbaycan öz maddi və mənəvi dəstəyini göstərib. Moldovaya münasibətdə də Bakının mövqeyi eynidir.
Bundan çıxış edərək o qənaəti səsləndirə bilərik ki, Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin AŞPA-da keçirilmiş səsvermədə nümayiş etdirdikləri mövqe ölkələrimiz və xalqlarımız arasında formalaşmış münasibətlərin ruhuna zidddir. Bunu Azərbaycana, həmin münasibətlərə arxadan vurulan zərbə də adlandırmaq olar. Aydındır ki, Azərbaycan aktiv diplomatiya potensialına malikdir və GUAM-a sədrliyi dövründə bu potensialdan istifadə edərək təşkilata yeni nəfəs verə biləcəyi şübhəsizdir. Lakin həmin ölkələrin belə davranışı Azərbaycanı bir daha düşünməyə vadar edə bilər.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı “525”ə şərhində deyib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı sərgilənən mövqe əlbəttə ki, xoş deyil: "Hər kəs bilir ki, Azərbaycan əslində separatizmdən əziyyət çəkib. İnsan haqları məsələsində Ermənistan daim azərbaycanlıların hüquqlarını pozub və bütün dünya ictimaiyyəti bunu görürdü. AŞPA əlbəttə ki, bundan çox yaxşı məlumatlıdır. Sadəcə olaraq bu, bir siyasi gedişdir. Azərbaycan dövlətinə bir təzyiqdir. Belə görünür ki, bu təzyiqin altında eyni mərkəzdən olan qüvvələr dayanır. Çünki biz ötən həftə həm Avropa İttifaqında, həm AŞPA da eyni anda Azərbaycana qarşı təzyiqin nəticəsini gördük”.

Politoloq deyib ki, xüsusilə GUAM ölkələrinin nümayəndə heyətlərinin AŞPA-da səsvermə zamanı iclasda iştirak etməməsi və Azərbaycanın lehinə səsverməmələri onu göstərir ki, onlara da xəbərdarlıq edilib: “Amma Azərbaycan hər zaman ərazi bütövlüyü, separatçılıqla bağlı, ümumiyyətlə bütün mövzularda həmin ölkələri dəstəkləyib, onların tərəfində olub. Rəsmi Bakı açıq dəstək verərək, bəyanatlar səsləndirib, beynəlxalq təşkilatlarda keçirilən səsvermələrdə iştirak edib. Təəssüflər olsun ki, bu ölkələr Azərbaycanla bağlı eyni mövqeni sərgiləmədilər. Əlbəttə ki, bu, artıq onu deməyə əsas verir ki, heç də bütün dövlətlər suverenliklərini qoruyub saxlaya bilmədilər. Adları suveren, müstəqil dövlət olsa da, onlar ciddi şəkildə və kifayət qədər Qərbin təsirləri altındadırlar. Buna görə nümayəndələrinin iclasda iştirakına imkan vermədilər. Bu, bir tarixdir, bir praktikadır. Əlbəttə, bizim ictimaiyyətimiz də gördü ki, kim açıq şəkildə Azərbaycana dəstək verdi, kim isə iclaslarda iştirak etməkdən qaçdı və bununla da öz mövqelərini nümayiş etdirdilər. Mövqesizlik isə yaxşı bir hal deyil, hər bir halda bütün münasibətlərdə mövqe nümayiş etdirmək lazımdır”.
Pərvanə



