|
|
|
|

Fransa özünün müstəmləkə siyasətini davam etdirərək, əsarətində saxladığı xalqları əzməklə, onların bütün hüquqlarını tapdalamaqla məşğuldur. Dünyaya insan haqları dərsi keçən bir ölkənin bu gün özü insan haqlarının düşməninə çevrilib. Tarix boyu xalqların azadlıq, müstəqillik arzularını boğan, soyqırımlar, kütləvi qətliamlar törədən Fransa 21-ci əsrdə də müstəmləkəçilikdən, neokolonolizm siyasətindən əl çəkmək istəmir. Digər ölkələrdə separatizmi dəstəkləyən, dövlətləri guya "azsaylı xalqların azadlığını əlindən almaqda" günahlandıran Fransa özü tarixən ona heç bir aidiyyəti olmayan, fərqli coğrafiyada yerləşən əraziləri işğal edərək, xalqların müstəqillik istəklərini və haqlarını pozmaqda davam edir. Həmin xalqlar illərdir ki, mübarizə aparsalar da, Paris tərəfindən təzyiqlərə məruz qalırlar, liderlərinə qarşı sui-qəsdlər həyata keçirilir. Fransa hakimiyyətinin bu məsələdə riyakarlığını göstərən ən bariz nümunə elə Azərbaycandır. Öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən ölkəmizə qarşı Paris artıq xeyli müddətdir kampaniya aparır, separatizmə aşkar dəstək verir. Fransa imperalist siyasət aparır, fərqli coğrafiyalarda bu siyasətini davam etdirməyə çalışır. Belə olan halda, onun insan hüquqlarından, demokratiyadan danışmağa heç bir haqqı yoxdur.
Bu ölkənin dənizaşırı vilayətlər şək
lində idarə etdiyi xalqlar onillər ərzində azadlıq mübarizəsi aparsalar da, Paris onları silah gücünə ram edir.
Avropanın öz daxilində yerləşən, coğrafi və digər cəhətlərinə görə İtaliyaya yaxın olan Korsika adasının da uzun illərdir davam edən azadlıq çağırışları Fransa hakimiyyəti tərəfindən boğulmaqdadır.
Onların bütün haqları əlindən alınıb. Korsikalılara öz doğma dillərində danışmaq, mədəniyyətlərini, ümumiyyətlə, milli kimliklərini inkişaf etdirmələri yasaqlanıb.
Fransanın imperialist düşüncə tərzi imkan vermir ki, Korsikanın yerli qanunverici orqanında - parlamentdə yerli ana dilindən istifadə edilsin. Hansı ki, bununla bağlı Korsika parlamenti Parisə müraciət də ünvanlamışdı, amma gözlənildiyi kimi rədd cavabı verildi.
Fransa məhkəməsi Korsika parlamentində Korsika dilinin istifadə edilməsinin konstitusiyaya zidd olduğunu bildirən qərar verib.
Amma korsikalılar öz mübarizələrindən əl çəkmək niyyətində deyillər. Yeni müstəqillik hərəkatı da bunu göstərir. Makron hakimiyyəti bu hərəkatı yatırmaq üçün repressiyalara əl atır, fəalları həbs edir. Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı bir neçə gün əvvəl Bastiya kommunasında polis idarəsi qarşısında aksiya keçirərək, iki fəalının həbsinə etiraz edib. Etirazlara Bastiya bələdiyyəsinin üzvləri, o cümlədən, bələdiyyə sədri Pyer Savelli, onun müavini Pol Tyeri və gender bərabərliyinə cavabdeh olan bələdiyyə müşaviri Lauda Guidiçelli də qatılıb.
"Nazione" hərəkatının daha əvvəl yaydığı açıqlamada vurğulanıb: "Biz liderlərimizin həbs edilməsini ən sərt şəkildə qınayırıq: qapılar sındırılıb, evlər dağıdılıb, ataları uşaqlarının gözü qarşısında yerə yıxaraq saxlayıblar".
Həmçinin, polisin fəallardan birinin evinə vəhşicəsinə daxil olması, qapıları sındırmasına dair fotolar da yayılıb.
"Corse Matin" nəşri yazıb ki, "Nazione" hərəkatının Baş Assambleyasının təsis edilməsinə Fransa dövləti təxribatla cavab verdi. Bu həbslər Fransanın öz xalqı uğrunda mübarizə aparan korsikalılara qarşı 254 illik repressiyasının bir hissəsidir. "Nazione" təxribatlara cavab verəcək!
Korsika İşçiləri İttifaqı (Sindicatu di i Travagliadori Corsi - STC) da "Nazione" hərəkatını dəstəklədiyini bəyan edib: "Paris repressiyaların səviyyəsini artırmaqla Korsikadakı ab-havanı zəiflətmək istəyir. Ölkəmizdə davamlı sülhün bərqərar olması üçün bu çirkin manipulyasiyalara dərhal son qoyulmalıdır".
Qeyd edək ki, bu günlərdə Korsika Milli Azadlıq Cəbhəsinin (FLNC) üzvləri son 10 ildə ilk mətbuat konfransı keçirərək, Fransa hökumətinin təqdim etdiyi muxtariyyətin Korsika xalqına müstəqillik vəd etmədiyini bildiriblər. Onlar son illər adada çox sayda fransızın məskunlaşdığını vurğulayaraq, bunun demoqrafik tarazlığı planlı şəkildə pozmağa yönəldiyini və gəlmələrin sayını artırmağa xidmət etdiyini bildiriblər. Korsikalı fəallar Fransa ilə hər hansı ortaq talelərinin olmadığını vurğulayıblar.
Tarixə qısa nəzər salanda da aydın olur ki, Korsikanın Fransaya heç bir aidiyyəti yoxdur. Hələ 1755-ci ildə uzun illər davam etmiş azadlıq mübarizəsindən sonra Paskal Paoli tərəfindən əsası qoyulmuş müstəqil Korsika Respublikası mövcudluğunun ilk illərində bir sıra tarixi siyasi "ilk"lərə imza atmışdı. Həmin il qəbul edilən Konstitusiya maarifçilik dövrünün prinsiplərinə uyğun hazırlanmış və müasir tarixdə ilk demokratik Avropa Konstitusiyası hesab olunur. O, icra, qanunverici və məhkəmə hakimiyyətini ayırır, qadınlar da daxil olmaqla, bütün ailə başçılarının ümumi seçki hüququnun əsasını qoyur.
Yenicə azadlığına qovuşmuş Korsika Respublikası qısa bir müddətdə öz hökumətini təşkil etmiş, özünün dövlət bayrağını təsdiq etmiş, ədliyyə sistemini və ordusunu yaratmışdı. Lakin cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal edib, Korsikanı özünün müstəmləkəsi elan etdi. Elə o zamandan etibarən korsikalılar öz azadlıqları uğrunda mücadilə aparır, lakin hələ də Fransa işğalından xilas ola bilmirlər. Korsikalılar 200 ildən çox davamlı olaraq azadlıq mübarizəsi aparan, lakin azadlığına qovuşa bilməyən nadir xalqlardandır. İki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs olunur, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar. Fransa həbsxanalarında saxlanlan korsikalı siyasi məhbuslara qarşı mənəvi-psixoloji təzyiqlərlə yanaşı, onlara sui-qəsdlər də təşkil olunur.
Korsika təmsilçisi Jean-Marc Rodriguez bir müddət əvvəl Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda konfransda bu faktları təsdiqləyərək deyib ki, Fransa illər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada beynəlxalq cinayətlər törədib. O qeyd edib ki, Korsikada müstəqillik istəyənlər ya həbs edilir, ya da öldürülür: "Mənim Vətənimdə azadlıq üçün cəsarətlə mübarizə aparan qəhrəmanlar var. Ancaq həmin şəxslərin adı bizim tarix kitablarımıza əlavə olunmayıb. Fransa öz koloniyalarında xalqların dilini, mədəniyyətini ləğv etmək, bizim millətçilik hisslərimizi məhv etmək istəyir. Repressiyalar Korsika xalqı üçün adi hala çevrilib. Fransa illər boyu bizə yalan vədlər versə də, Korsikada hakimiyyətə sadəcə Fransanın müəyyən etdiyi adamlar gəlir. Səsvermə və demokratiya Fransanın uzaq olduğu anlayışlardır. Bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirik".
Ərazisi 8,7 min kvadratkilometr, əhalisinin sayı 350 min nəfər olan, "Gözəllik adası" adlandırılan, Napoleon Bonapartın vətəni, Fransadan milli-etnik xüsusiyyətlərinə görə tamamilə fərqlənən Korsika öz azadlıq uğrunda mübarizəsini bütün təzyiqlərə, repressiyalara baxmayaraq davam etdirir.

Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı "525"ə şərhində deyib ki, Korsika xalqı haqlıdır: "Fransa vaxtilə Korsikanı borc əvəzinə müstəmləkə ərazisi kimi özünə götürüb. Korsikanın əhalisi demək olar ki, italiyanlardır, dilinə, mədəniyyətinə, tarixinə görə oxşarlıq çoxdur. İndi Korsikanı süni şəkildə miqrantlarla doldurublar və deyirlər ki, çoxluq Fransa ilə qalmaq istəyir. Korsika dilinə qadağalar qoyub, muxtariyyəti məhdudlaşdırıb. Ümumiyyətlə, Fransanın qanunvericiliyinə görə onlar heç bir azlıq tanımırlar. Ancaq başqa ölkələrə tövsiyələr verə bilirlər. Azərbaycana deyirlər ki, Qarabağ ermənilərinə az qala müstəqillik verilməlidir. Yəni bu, Fransanın tamamilə ədalətsiz, imperiapərəst və yekəxana mövqeyidir. Onun böyük bir zərərin çəkir. Təkcə Korsika deyil, Dominika adalarında, Yeni Kalendoniyada da eyni hallar baş verir və təkrarlanır. Həmin ərazilərdə də miqrantları yerləşdirib və referendum keçirib deyir ki, yox, əksəriyyət Fransadan ayrılmaq istəmir. Halbuki yerli əhali süni şəkildə azlıqda qalır".
Deputat hesab edir ki, Korsikada etirazlar davam edəcək. Eyni zamanda o, Azərbaycanın bu məsələdə ədalətli mövqe tutduğunu və Fransanı qınadığını deyib. Əlavə edib ki, Qoşulmama Hərəkatındakı dövlətlər də Fransanın bu davranışını heç də müsbət qəbul etmirlər.



