|
|
|
|

Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı məsələ gündəmdədir. Baş nazir Nikol Paşinyan bu barədə bir neçə dəfə anons edib, dəyişikliklərin zəruri olduğunu bildirib. O, bir neçə gün əvvəl ölkənin İctimai Radiosuna müsahibəsində deyib ki, Ermənistanın 1990-cı ildə Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir: "Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, onda müharibə olacaq və heç vaxt sülh olmayacaq".
Paşinyan, həmçinin qeyd edib ki, dövlətlə vətəndaşlar arasındakı münasibətlərdəki çatları aradan qaldırmaq və onlar arasında genetik əlaqəni bərpa etmək üçün ölkəyə yeni Konstitusiya lazımdır. Onun sözlərinə görə, Konstitusiyanın dəyişdirilməsi mövzusu həm "məxməri inqilab", həm də 2020-ci il müharibəsindən sonra qaldırılıb. Yeni dördüncü respublika üçün yeni konstitusiyanın qəbulu təklifi var və xalqın qərarı prosesə legitimlik verəcək.
Ermənistan rəhbərliyi bir neçə dəfə Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, amma qeyd edildiyi kimi, bu ölkənin Konstitusiyasında, digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları qalır. Belə olan halda, əlbəttə ki, yekun sülh müqaviləsinin imzalanması, eləcə də dinc qonşuluq münasibətlərinin qurulması, regionda sabitliyin olması mümkün deyil. Ermənistan qanunvericiliyində bu kimi müddəların qalması yeni müharibə deməkdir.
Paşinyan da bunu etiraf edib, Müstəqillik Bəyannaməsindəki bəzi bəndləri sülhə əsas maneə adlandırıb.
Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli "Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, "soyqırımına" məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə "soyqırımı" kimi tanınmasına çağırış edilir.
1995-ci il iyulun 5-də refe-rendum yolu ilə qəbul olunmuş Konstitusiyasının preambulasında isə Müstəqillik Bəyannaməsinə istinad olunur.
Baş nazir vurğulayıb ki, hazırkı Konstitusiya 1995-ci ildə qəbul edilib və bir neçə dəfə dəyişdirilib. Eyni zamanda, onun fikrincə, heç vaxt vətəndaşın razılığı ilə və onun iradə ifadəsi şəraitində, yəni referendumla islahat aparılmayıb.
Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edən zaman bu məsələyə toxunub. Dövlət başçısı deyib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
Mövzunu "525"ə şərh edən təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, bu ilin birinci yarısında Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını ehtimal edirdik: "Amma Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, eyni zamanda Ermənistan cəmiyyətinin Azərbaycanla sülhə hazır olmadığına görə bu məsələlərin bu ilin birinci yarısında həyata keçirilməsi sual altındadır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları faktiki olaraq onların rəsmi sənədlərində, yəni Konstitusiyanın, preambulasında Müstəqillik Bəyannaməsində hələ də qalır. Konstitusiya dəyişikliyi tələbi ilə Azərbaycan tərəfi çıxış etsə də, təəssüf ki, bu məsələyə Ermənistan rəhbərliyi hələ də qəti cavab vermir. Eyni zamanda, Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr də bunun əksinə mövqe bildirirlər".
İ.İsmayıl deyib ki, həmin sənəddə Azərbaycan ərazisinə olan iddialar hələ də qaldığına görə sabah sülh müqaviləsi imzalananda bu, mübahisəli predmetə çevriləcək və legitimliyi olmayacaq: "Legitimlik olmayandan sonra isə iki ölkə arasında hər zaman müharibənin baş verməsi də tamamilə mümkündür. Deyə bilərik ki, Qərb də bu məsələni Paşinyan hakimiyyətindən müəyyən dərəcədə tələb edir. Çünki Qərbin iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında əsas hədəfi Rusiyanın Cənubi Qafqazda təsirini azaltmaq, ümumiyyətlə, Rusiyanı tamamilə Cənubi Qafqazdan çıxarmaqdır. Ona görə də Paşinyan hakimiyyətinə müəyyən vədlər verilir. Yəni vizasız rejim, Qarabağdan köçən erməni sakinlərə guya ki, maliyyə yardımı ayıracaq və s. Konstitusiya dəyişikliklərinə getmək üçün müəyyən vədlər verirlər ki, yaxşı olacaq".
Ekspert xatırladıb ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşdə bəyan etdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür: "Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Yəni Azərbaycanla Ermənistan arasında de-yuri olmasa da, de-fakto bir sülh var və əvvəllər olduğu kimi, indi faktiki olaraq dövlət sərhədində və digər yerlərdə hər hansı təxribatlar olmur. Amma de-yuri sənədin, yəni sülhün sənədləşdirilməsi bölgənin sabitliyi, inkişafı üçün olduqca vacibdir. Cənab Prezident özü də bildirdi ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarına bundan ötrü son qoymaq lazımdır. Bunun üçün də Konstitusiyada dəyişiklik etmək lazımdır. Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi və Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı maddə olduğuna görə sülh vəziyyəti hər an pozula bilər. Ona görə də Ermənistanın Konstitusiyasında öz əksini tapmış, bu maddələrin çıxarılması xüsusi olaraq vurğulanır. Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımadığı digər sənədlər də var. Amma əsas bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Cənab Prezident onu da qeyd etdi ki, bu iddialara son qoyularsa, Ermənistan Konstitusiyasına və digər hüquqi sənədlərə müvafiq dəyişiklik edilərsə, sülhə nail olmaq mümkündür. Təəssüf ki, biz hələ Ermənistan tərəfdən konkret bir mövqe görmürük. Onlar "bu, mütləq ediləcək" kimi ifadə səsləndirmir. Daxili auditoriya da buna hazır deyil. Düzdür, Paşinyan deyir ki, 4 ay ərzində bunu həyata keçirəcək, lakin böyük şübhələr var. Çünki Ermənistanda siyasi qüvvələr - fərqi yoxdur istər Qərbyönümlü, istər Rusiyayönümlü olsun - bu məsələyə qarşıdırlar. Və təbliğatı, antipaşinyan mövqeyini məhz bu məsələnin üzərində qururlar ki, guya, Paşinyan Azərbaycan Prezidentinin, yaxud konkret olaraq Azərbaycan dövlətinin istəklərini, tələblərini həyata keçirir. Bu məsələ artıq Ermənistanda hakimiyyət uğrunda mübarizənin tərkib hissəsinə çevrilib. Bəzən də elə məsələlər qoyurlar ki, guya Konstitusiya dəyişikliklərini aparmaq üçün Azərbaycan güzəştlərə getməlidir. Hansı güzəştlərə, biz guya anklav kəndlərdən imtina etməliyik, Qarabağ ermənilərinin geri qayıtması üçün beynəlxalq təminata icazə verməliyik və s. Bunlar Azərbaycanın maraqlarına uyğun olmayan şərtlərdir. Özləri də bilirlər ki, biz bu şərtləri qəbul edən deyilik".
Milli Məclisin deputatı Rasim Musabəyov isə "525"ə bildirib ki, Konstitusiya ilə bağlı dəyişikliklər daxili vəziyyətdən asılı olacaq: "Əslində Paşinyan ənənəvi hoqqabazlıqla məşğuldur. Ancaq onun o Konstitusiyada, qanunvercilikdəki məhdudiyyətlər əslində onun sülh müqaviləsi imzalaması və Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımasına elə bil ki, səlahiyyəti çatmır. Ona görə də zəhmət çəksin, öz Konstitusiyasını qaydaya salsın".



