|
|
|
|
Ermənistan hakimiyyəti tam olaraq Fransanın öz qərarlarını Parisin diktəsi ilə verməkdə davam etməkdədir. Təkcə son günlər baş verənlərə nəzər salanda, rəsmi İrəvanın müstəqil dövlət kimi deyil, sadəcə bir forpost kimi davrandığı aydın olur. Ermənistan müstəqillik qazandıqdan bu yana sadəcə sözdə müstəqil olub. Görünən odur ki, Nikol Paşinyan da eyni siyasi xəttə sadiq qalaraq, Ermənistanı digər güclərin marionetinə çevirməkdədir.
Məlum olduğu kimi, ötən həftə Baş nazir Nikol Paşinyan Fransada səfərdə oldu, ardınca isə bu ölkənin müdafiə naziri Sebastyan Lekornu ilk dəfə Ermənistana gəldi. Həmin səfərlər zamanı, eləcə də Paşinyanın "France 24" telekanalına müsahibəsində söylədiyi fikirlər onun Fransadan cəsarət aldığını deməyə əsas verir. Paşinyan illərlə Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyaya qarşı açıq bəyanatlar verərək, Moskvanı Ermənistan sakinlərini hakimiyyət çevrilişi etməyə çağırmaqda ittiham edib. Eyni zamanda o, bir müddət əvvəl Ermənistan Rusiya ilə bundan əvvəlki kimi hərbi-texniki əməkdaşlığı inkişaf etdirə bilməyəcəyini deməklə Qərbə doğru mesaj vermişdi.
Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurduğunu da bəyan edib. Onun sözlərinə görə, KTMT İrəvan qarşısında öz öhdəliklərini yerinə yetirməyib. Onu da yada salaq ki, ötən ilin noyabrında Paşinyan Ermənistanın KTMT-dən çıxmağa hazırlaşmadığını bildirmişdi. Bu bəyanatlar onu göstərir ki, İrəvanın KTMT-ni tərk etməsi artıq reallaşmaq üzrədir. Bundan sonra Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin gündəmə gətiriləcəyi də sirr deyil. Paşinyan bununla bağlı dəqiq cavab verməsə də, proseslər məhz buna aparır.
Qeyd edək ki, Gümrüdəki Rusiya hərbi bazası Moskva və İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası razılaşmaya əsasən yaradılıb. Burada Müstəqil Dövlətlər Birliyinin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyini yerinə yetirən 102-ci Rusiya hərbi bazası yerləşdirilib. Sonuncu dəfə isə 2010-cu ildə imzalanmış müqaviləyə görə, bazanın mövcudluğu 2044-cü ilə qədər uzadılıb. Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots beynəlxalq hava limanından çıxarılması da tələb olunur. Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Bu məsələ Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanlığı Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir. Belə qənaət hasil olur ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması yaxın günlərdə reallaşa bilər.
Qeyd edək ki, Kreml Ermənistan KTMT-i ilə bağlı qərarından təəssüfləndiyini bildirib. Prezident Vladimir Putin hesab edir ki, KTMT-dən çıxmaq Ermənistanın maraqlarına cavab vermir.
Ermənistanın kənar qüvvələri bölgəyə gətirməkdə məqsədi Fransanın planını icra edərək regionda gərginlik yaratmaq, Rusiyaya meydan oxumaqdır. Ermənistan hakimiyyətinin son addımları region dövlətlərini də narahat edir. Moskva hələ ki, gözləmə mövqeyindədir, yəni səbir edir, amma cavab mütləq olacaq. Ermənistanın Fransa ilə əlbir addımları, Paris tərəfindən silahlandırılması təbii ki, sülh prosesinə də mənfi təsir edir. Amma Azərbaycanın bundan hər hansı qorxusu yoxdur. Çünki Bakı artıq bəyan edib ki, təhdid hiss etsə, tərəddüd etmədən məhv edəcək.
Fransanın indiki halda Ermənistanın təhlükəsizliyinə necə qarantiya rolunda çıxış edəcəyi də sual olaraq qalır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanda Rusiyanın 5 min nəfərlik kontigenti olan hərbi bazası var, hərbi hava qüvvələri Rusiyaya tabedir, Ermənistan sərhədlərini 4 min Rusiya sərhədçisi qoruyur.
Erməni politoloq Hayk Xalatyan hesab edir ki, Paşinyan Kremli ilk addımı atmağa məcbur etmək üçün rusofob isteriyasını qızışdırır. O yerli mediaya deyib ki, Rusiya Ermənistanı müttəfiq kimi qəbul etməyi dayandırıb və ölkə ilə müttəfiqlik münasibətlərinin pozulması perspektivi ilə barışıb. Xalatyan əlavə edib ki, Rusiyada belə bir anlayış var ki, Qərb Ermənistandan Rusiyanın Cənubi Qafqazdakı maraqlarına qarşı silah kimi istifadə edir, lakin Moskva köhnə narazılıqlara baxmayaraq, bu münasibətləri normallaşdırmağa hazırdır, çünki Ukraynadakı müharibə şəraitində onun ikinci gərginlik mənbəyinə ehtiyacı yoxdur.
Erməni politoloqun fikrincə, hazırda sual yaranır ki, qırılmaya doğru son addımı ilk olaraq hansı tərəf atacaq: "Moskva nəticələrə görə bütün günahı onun üzərinə atmaq üçün Paşinyan rejiminin KTMT və Avropa İqtisadi İttifaqından çıxmaq istiqamətində ilk qəti addımı atmasını gözləmək istəyir. Paşinyan da öz növbəsində Kremli ilk addımı atmağa məcbur etmək üçün rusofob isteriyasını körükləyir. İsteriyanın dərəcəsi hər gün artır. Bu arada, məhz bu günlərdə rejimin təbliğatı Fransanın Ermənistanda Rusiyanın mövcudluğunu əvəz etməsi ideyası ətrafında təbliğat alovunu fəal şəkildə şişirdir. Fransa da nüvə dövlətidir və Rusiyanın bu yaxınlara qədər oynadığı rolu Ermənistan üçün oynamaq istəyir. Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəri və müdafiə silahlarının növbəti partiyasının çatdırılması fonunda gərginlik artır. Döyüş şəraitində fransız və hind silahlarının istifadəsinə gəlincə, peşəkarlardan SU-30 təyyarəsi ilə bağlı vəziyyətin təkrarlana biləcəyinə dair saysız-hesabsız xəbərdarlıqlar var. Bu həyəcan Fransanın müdafiə nazirinin Ermənistana ilk səfəri və müdafiə silahlarının növbəti çatdırılması fonunda daha da artır".
Erməni politoloq Rusiya-Ermənistan münasibətlərinin əvvəlki məcraya qaytarılmasının mümkünlüyünə də toxunub. Onun fikrincə, Rusiyadan Ermənistana baxnada hakim rejiminin təkcə antixalq və antirusiya mahiyyəti deyil, həm də erməni xalqının hakim elitanın siyasətinə müqavimət göstərmək üçün heç bir addım atmaması da görünür. Məlumdur ki, onlar yalnız kömək istəyənlərə və özləri nəsə edənlərə kömək göstərirlər".
Erməni Milli Konqresinin sədr müavini, politoloq Levon Zurabyan deyib ki, bu kritik mərhələdə uğursuzluqlarımızın, məğlubiyyətlərimizin, səhvlərimizin kökündə nəyin dayandığını anlamaq vacibdir: "Nəhayət, böhran içində olduğumuzu, ciddi təhlükəsizlik problemləri ilə üzləşmiş məğlub dövlətimiz olduğunu dərk etməliyik. Onsuz da çox şey itirmişik, son nəslin əsas uğuru olan Qarabağı itirdik. İndi dərin böhrandayıq. Heç kim bizə hörmət etmir, biz çox zəifik, təhlükələr üst-üstə yığılır.
Siyasi təhlillərimiz "ruslar bizə xəyanət etdi, fransızlar bizi sevir, biz isə fransızları sevirik, türklər bizə nifrət edir" səviyyəsindədir, ən vacib sualı tamamilə unuduruq: hara gedirik. Bu sualı unutduğumuza görə də bizi uğurla manipulyasiya edirlər".
Levon Zurabyan vurğulayıb ki, həll yollarını tapmaq üçün ilk növbədə daxilə baxmaq, nəyi səhv etdiyimizi anlamaq, bəlkə də böhranın səbəbinin strateji düşüncənin olmaması olduğunu etiraf etmək lazımdır: "Bizdə 90-cı illərdəki kimi strateji hesablamalar sistemi yoxdur. Hər kəsin böhran içində olduğumuzu qəbul etməsinə ehtiyacımız var. Hakimiyyət isə cəmiyyətin bu reallığa gəlməsinə imkan vermir, ona görə də bu böhrandan çıxmaq bizim üçün çətindir. Biz təfəkkürümüzdə əsaslı inqilab etməliyik, resursları saymalıyıq ki, real məqsədləri formalaşdıra bilək, bu məqsədlərin uğurla həyata keçirilməsi üçün zəmin yaradaq".