Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın cəmiyyətimizdə hər addımbaşı hiss olunması azərbaycanlıların təməl əxlaqi davranışı halını alıb desək, yanılmarıq.
Gəncənin yetirmələri olan qəhrəman şəhidlərimizin ailələrinə həssas münasibət də bu şəhərin ictimai həyatının başlıca nişanələrindəndir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunan konsert və yaradıcılıq gecələrinin daimi tamaşaçıları sırasında şəhid ailələrinin də olmasını duymaq qürurvericidir. Uzun müddətdir ki, şəhərin, eləcə də filarmoniyanın rəhbərliyinin həssas münasibətinin nümunəsi kimi, onlara həmin tədbirlər üçün biletlər göndərilir.
Gəncə Dövlət Filarmoniyasında davam edən “Muğam gecələri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli, professor Mənsum İbrahimov konsert proqramı ilə çıxış edib. Proqrqmdan sonra şənətkar konsertdə iştirak edən tələbələri ilə birgə gəncəli şəhidlərin yaxınları ilə məxsusi görüşərək, söhbət edib. Bu görüşdə xatirə fotoları çəkdirmək də unudulmayıb.
Bu dəyərli konsertə qatılan şəhid ailələri üzvləri də xalq artistimizə ürək sözlərini, Gəncə filarmoniyasının bu ənənəsi üçün minnətdarlıqlarını çatdırıblar.
“Artıq filarmoniyadakı bütün konsert və görüşlərə qatılır, yaddaqalan anlar yaşayırıq. Bu konsert üçün də 70 şəhid ailəsinə bilet yollayıblar. Gəncənin yerli hakimiyyətinə və bu incəsənət ocağına ən xoş hisslərimizi bildiririk, sağ olsunlar”, - deyə, şəhid atası Miryunis Seyidzadə “525-ci qəzet”ə bildirib.
Qeyd edək ki, “Muğam gecələri” silsiləsindən Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə təşkil olunan konsertin tamaşaçıları sırasında şəhər rəhbəri Niyazi Bayramov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri olublar.
Zakir Muradov, Gəncə