Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi ilə əlaqədar, onun irsini tədqiq və təbliğ edən bir sıra azərbaycanlı və xarici alim, media orqanı və ictimai qurumlara fəxri diplomlar təqdim olunub. Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin təqdim etdiyi fəxri diploma layiq görülənlər sırasında, "Yeni Müsavat" qəzeti, "Ədəbiyyat qəzeti", "Moderator.az" saytı ilə bərabər, "525-ci qəzet" də var.
Mərkəzin sədri, professor Nəsiman Yaqublu "525-ci qəzet"i bu münasibətlə təbrik edib: "525-ci qəzet" Rəsulzadənin əsərlərinin təbliğ edilməsində mühüm rol oynayıb. Vaxtilə, hər şənbə "525-ci qəzet" Rəsulzadənin iki cilddə çap olunan əsərlərindən parçaları və professor Şirməmməd Hüseynovun Rəsulzadə barədə yazılarını yayımlayırdı. Oxucular "525-ci qəzet"in vasitəsilə Rəsulzadənin əsərləri ilə tanış olurdular. Mənim də Rəsulzadənin həyat və yaradıcılığından, milli mücadiləsindən bəhs edən məqalələrim vaxtaşırı "525-ci qəzet"də çap olunub. Ümumiyyətlə, "525-ci qəzet" Rəsulzadə irsinə qarşı hər zaman diqqətcil olub. Ona görə də Rəsulzadə fəxri diplomu ilə təltif edilməyə, Rəşad Məcid başda olmaqla, qəzetin kollektivinin mənəvi haqqı var. "525-ci qəzet"in əməkdaşlarını Rəsulzadə fəxri diplomu münasibətilə səmimi-qəlbdən təbrik edirəm".
NADİR