Bugünlərdə növbəti dəfə Bakıya gələn tanınmış güneyli yazar, naşir Səid Muğanlı redaksiyamızın qonağı olub. Səid Muğanlı Cənubi Azərbaycanın Muğan bölgəsində dünyaya gəlib. Tehran və Qum şəhərində “İslami elmlər və islam fəlsəfəsi üzrə” doktorluq müdafiə edib. İranda “Yaşmaq”, “Dilmanc”, “Günəş”, “Birlik” jurnallarında çalışıb. Şairin indiyədək bir neçə şeir və ərəb poeziyasından tərcümə kitabı İranda işıq üzü görüb. Bundan başqa naşirlik fəaliyyəti ilə də məşğul olan S.Muğanlı indiyədək 150-yə yaxın kitab tərtib və nəşr edib ki, bunların da 50-yə qədəri Azərbaycan ədəbiyyatına aiddir. S.Muğanlı hazırda islam fəlsəfəsi üzrə bir fondda çalışmaqla yanaşı “Yaşmaq” nəşriyyatında həm İran, həm Azərbaycan yazıçılarının kitablarını nəşr edir. Yazar bu yaxınlarda İranda fars dilində Azərbaycanın tanınmış yazıçılarının hekayələrindən ibarət “10 sentyabr” toplusunu tərtib edərək nəşrinə nail olub. Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin eyniadlı hekayəsi ilə adlandırılan topluda Xalq yazıçıları Anar, Sabir Əhmədli, Maqsud İbrahimbəyov, yazıçılar Afaq Məsud, Saday Budaqlı, Əkrəm Əylisli, Şərif Ağayar, Murad Köhnəqalanın hekayələri də yer alıb. “Əmrud Yayınevi”ndə çap olunan kitabı fars dilinə Məhmud Məhdəvi tərcümə edib. Naşir həmçinin bu yaxınlarda İran hökumətindən Xalq yazıçısı Anarın “Vahimə”, Afaq Məsudun “Üzü işığa” romanları və hekayələrinin, Mirəli Seyidovun “Bayram düşüncələri” əsərinin Azərbaycan dilində əski əlifba ilə çapına icazə almağa da müvəffəq olub.
Müsahibimiz qəzetimizin oxucuları ilə səfər təəssüratlarını, ədəbiyyat məsələləri, ədəbi zövqləri ilə bağlı düşüncələrini bölüşüb.
Bakıya ilk dəfə 6 il bundan əvvəl gəlmişəm
O vaxt Qafqaz Media Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən jurnalistika kurslarına qatılmışam. Sonra üç il dalbadal yay aylarında Azərbaycana gəldim. Bakının belə sürətli inkişafı sözün yaxşı mənasında məni təəccübləndirir, sevindirir. 6 il bundan əvvəl gəzdiyim küçəni bu dəfə gələndə tapa bilmədim. Sürətli tikinti, quruculuq işləri aparılır. İsmayıllıda, Şəkidə də olmuşam. Şəkini çox sevdim. Arzu edirəm ki, bütün şəhərlər Bakı kimi inkişaf etsin. Yollar çox gözəl təmir edilib. O vaxt Şəkiyə gedəndə yollarda çox əziyyət çəkmişdik. Ancaq bu dəfə Biləsuvardan bura gələndə gördüm yollar çox rahatdı, gözəldi. Arzu edirəm ki, bu inkişaf təkcə tikinti sahəsində deyil, daha çox zavodların fabriklərin açılmasında da özünü göstərsin. Yeni tikilmiş gözəl binalar da bizi sevindirir, ancaq nostalji hisslər doğurduğu üçün Bakıya gələndə daha çox qədimlik ruhunun olduğu yerlərdə-köhnə küçələrdə, əski dalanlarda, İçərişəhərdə gəzməyi çox sevirəm. Köhnəlik bizə maraqlıdır, ruhumuza doğma gəlir. Çünki orada qədim əcdadlarımızın, ulu babalarımızın izi var. Təbrizə gedəndə də orada daha çox köhnə, dolanbadolan küçələri gəzmək mənə xoş olur. Bakıya hər gələndə Fəxri Xiyabanı ziyarət edirəm. Orada böyük şairlər, yazıçılar, alimlər uyuyur. Fikrimcə,
Fəxri Xiyaban sadəcə məzarlıq deyil, böyüklərin muzeyidir...
Ən sevdiyim şair Bəxtiyar Vahabzadə olub. O həm də bizim qəhrəmanımız idi. Az qala bütün şeirlərini əzbər bilirdik. Onda kitablar bizə kirill əlifbasında gələrdi. Oturub bircə-bircə şeirləri əski əlifbayla köçürərdik. Rəsul Rza, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk sevimli şairlərimizdən idi.
Bu səfərim zamanı bir çox dünya klassiklərinin, tanınmış müasir yazarların, Nobel mükafatçılarının xeyli kitablarının tərcümə olunduğuna şahid olduq. Bu, məni çox sevindirdi. Orda nəşr edə bilmədiyimiz kitabların burda tərcüməsi, çapı bizi çox sevindirir. Onlardan bəzilərini almışam. Orada dostlar görüb çox sevinəcək. Bu, bizim üçün çox maraqlıdı. Nə fərqi var, bizdə olmayan kitabları burdan alıb oxuyarıq. Lazım olsa, bəzi əsərləri icazə alıb orda nəşr elərik. Amma təəssüf ki, burada kitablar bizdəkindən xeyli bahadır.
Gözlərin, gözlərin,
Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirini az qala hamımız əzbər bilirik. Bizdə bir qrafist-dizayner var, onun bir kəlamını tez- tez xatırlayıram. O deyir ki, Azərbaycan poeziyası yerin üstünə aiddi, daha çox yerəl şeirdi, fars poeziyası isə insanı göyə aparır, göylərin şeiridir. Əslində bununla o, bu poeziyaları müqayisə eləmir, bir-birindən üstün, yaxud aşağı olduğunu nəzərdə tutmur. Sadəcə vurğulamaq istəyir ki, fars şeirini oxuyanda adam yerdən üzülür. Məsələn, fars ədəbiyyatının görkəmli nümayəndələrindən Furuğ Fərruxzadı oxuyanda çox heyrətlənirəm. Fars ədəbiyyatında bir çox kişilərin deyə bilmədiyini o deyib, yazıb. Çox qabaqcıl şairə idi. Onunla nəsildaş olan Rəsul Rza, Mədinə Gülgün, Söhrab Tahir isə elə yazıblar ki, insan yer üzündə özünü həyata daha yaxın hiss edir. Bunu fərq də adlandırmazdım. Bunlar hər bir poeziyanın özünəməxsus özəlliyidir. Əslində fars şeirlərində bu ənənə qədimdən var. Məsələn, Hafiz qəzəlləri adamı sanki göylərə qaldırır. Rəsul Rzanın şeirləri isə daha realistdir. Hər ikisi özlüyündə çox gözəldir, maraqlıdır. Şəhriyarın yaradıcılığı isə bu baxımdan xüsusilə maraqlıdır. Şəhriyarın fars dilində yazdığı şeirlər, qəzəllər daha çox hafizanədir, yəni göylərə ucaldır, “Heydərbabaya salam” isə daha yerəldir, realdır, həyatın özündəndir.
“Heydərbabaya salam” sözlə yaradılan mükəmməl rəsm əsəridir
Buradakı təsvirlər çox canlıdır. Fars ədəbiyyatında yaxşı nəsr nümunələri var, amma dünya miqyasında daha çox fars poeziyası tanınır. Mən həm fars və həm Azərbaycan şeirinə vurğunam. Arzu edirəm ki, bizim istedadlı yazarlarımız bir-biri ilə yaxından tanış olsunlar, burda bir çox güneyli şairlərin kitabı nəşr olunub, bunların sayı daha da artsın. Düşünürəm ki, Azərbaycanın və İranın yazıçıları siyasətə qarışmadan ədəbi əlaqələri genişləndirməlidirlər. Yaxşı olardı ki, mətbuatda çıxış edək, yaradıcı gənclərimiz qarşılıqlı şəkildə bir-birini daha yaxından tanısınlar. Arzulayardıq ki, burada güneyli yazarların kitabları daha geniş şəkildə nəşr edilsin, təbliğ olunsun. Bəlkə də bunları etmək şimallı qardaşlarımıza bir az da zəhmət olar. Amma belədi də, necə deyərlər, qardaş qardaşın yolunda zəhmət çəkər (gülür). Sonda “525-ci qəzet”in rəhbəri Rəşad Məcid başda olmaqla, kollektivinizə minnətdarlığımı bildirirəm və qəzetiniz vasitəsilə Azərbaycan xalqına xoş arzularımı çatdırıram.