|
|
|
|

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində "Şuşa qalası" broşürlər seriyasının təqdimatı keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, Şuşa şəhərinin tarixini və maddi-mənəvi dəyərlərini əhatə edən 10 mövzuda, Azərbaycan və ingilis dillərində, orijinal tərtibatda çap edilmiş broşürlərin müəllifi Qarabağ tarixinin tanınmış tədqiqatçısı, yazıçı-publisist, "Şuşa" qəzetinin redaktoru Vasif Quliyevdir.
Qeyd olunub ki, "Şuşa qalası" broşürlər seriyasının nəşri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair l Dövlət Proqramına uyğun olaraq Dövlət Komitəsinin icra etdiyi məlumatlandırma, təbliğat-izahat və təşviqat tədbirləri çərçivəsində nəşr edilib.
Təqdimat mərasimində Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli, "Xalq qəzeti"nin baş redaktorunun müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tədqiqatçı-jurnalist Elşad Qoca, "Vətən səsi" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elşən Əliyev çıxış edərək, "Şuşa qalası" broşürlər seriyasının nəşrini yüksək qiymətləndirib, Qarabağ tarixinin tədqiqi sahəsində Vasif Quliyevin uzunmüddətli fəaliyyətindən danışıb, onun dəyərli yaradıcılıq işinin Böyük Qayıdışa layiqli töhfə olduğunu qeyd ediblər.
Ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılmasında, müəllif kimi "Şuşa qalası" broşürlər seriyasının hazırlanmasında iştirakına görə Vasif Quliyevə Dövlət Komitəsinin təşəkkürnamə plaketi təqdim olunub.
Müəllif yaradıcı əməyinə verilən dəyərə görə minnətdarlıq bildirib, doğma Qarabağın, əziz Şuşanın tarixini əlli ildən artıq müddətdə araşdırdığını və bu işdən zövq aldığını deyib.
Xatırladaq ki, "Şuşa qalası" seriyasına "Şəhərin yaranması" ("Foundation of the city"), "Məhəllələr və küçələr" ("Neighborhoods and streets"), "Toponimlər" ("Toponyms"), "Tarixi-memarlıq abidələri" ("Historical and architectural monuments"), "Flora və fauna" ("Flora and fauna"), "Müqəddəs məkanlar" ("Holy places"), "Karvansaralar, hamamlar, bazarlar" ("Caravanserais, bathhouses, bazaars"), "Sənətkarlıq" ("Craftsmanship"), "Ticarət" ("Trade") və "Bulaqlar" ("Springs") adlı broşürlər daxildir.
"Şuşa qalası" seriyasından broşürlərin nəşrinin davam etdirilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş digər rayonlar haqqında məlumatlandırıcı broşürlər də tezliklə ictimaiyyətə təqdim olunacaq.



