|
|
|
|
Bu günlərdə "Qobustan" dərgisinin yay sayı çapdan çıxıb. Dərginin bu nömrəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) 90 illik yubileyi münasibətilə yazılmış məqalə və təbriklər yer alıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli "Azərbaycan Yazıçılar Birliyinin tarixi, taleyi, bu günü və sabahı" məqaləsində 90 illik tarixin mühüm məqamlarını özünəməxsus şərhləri ilə təqdim edib.
Uzun illər AYB-də çalışmış Xalq yazıçısı Elmira Axundova "Həyatımın xoşbəxt illəri" məqaləsində həm şəxsi xatirələrini, həm də birliyin keçdiyi tarixi mərhələləri bölüşüb.
Həmçinin "Qobustan" dərgisinin əməkdaşı Esmira Nəzərli "İllərin mənzərəsi" yazısında həm jurnalın 55, həm də birliyin 90 yaşı münasibətiylə düşüncələrini qələmə alıb.
Bu il yubileyləri olan AYB katibləri - Xalq yazıçısı Çingiz Abdullayev və şair Rəşad Məcidin yaradıcılığını incələyən təbrik məqalələri də dərginin bu sayında yer alıb.
Hər zaman yenilikləri ilə oxucuların görüşünə gələn "Qobustan" bu dəfə "Baş redaktor təqdim edir" rubrikasında Xalq yazıçısı Anarla "AYB - 90" mövzulu video-müsahibəni də dərginin konsepsiyasına uyğun olaraq ilk səhifədə QR kodda yerləşdirib.
Qeyd edək ki, bu günlərdə Elmlər parkında davam edən III Türk Dünyası Kitab və Ədəbiyyat Festivalı çərçivəsində "Qobustan" Türkiyə buraxılışı və AYB-90 saylarının təqdimat mərasimi olub.