Avropa Parlamenti növbəti dəfə rüşvət qalmaqalı ilə üzləşib. Ona görə növbəti deyirik ki, bu qurumda rüşvət və korrupsiya skandalları artıq adət halına çevrilib. Bu dəfə isə söhbət "Russiagate" işindən gedir. Belə ki, avroparlamentarilərə Rusiya təbliğatının "Avropanın səsi" saytı vasitəsilə irəlilədilməsinə görə rüşvət verilirmiş. Bununla əlaqədar olaraq Belçika polisi parlamentin ofisində axtarış aparır.
"Politico.eu" nəşri yazır ki, Belçikanın hüquq-mühafizə orqanları Avropa Parlamentinin əməkdaşlarının bu işdə aparıcı rol oynadıqlarına dair əlamətlər aşkarlayıblar.
Qeyd etdiyimiz kimi, bu, ilk hal deyil və görünən odur ki, sonuncu da olmayacaq. Yaxın bir neçə ildə baş verənlərə nəzər saldıqda, bu qurumun əslində korrupsiya mənbəyi olduğu öz təsdiqini tapır. 2022-ci ilin dekabrında polisin Avropa Parlamentinin sədr müavini, yunanıstanlı deputat xanım Eva Kaylin həbsi ilə nəticələnən əməliyyatı şok effekti yaratdı. Belçikanın federal müstəntiqləri Kayli də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğunu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi.
Həmin vaxt Belçikada nəşr olunan "Le Soir" qəzeti yazırdı ki, korrupsiya şəbəkəsi quran Eva Kayli bu işə sevgilisi Françesko Corcia və atası Pyer Antonio Panserini də qatıb. O və F.Corcia əvvəlcə "Ədalətsiz sülh olmaz" adlı qeyri-hökumət təşkilatı yaradaraq guya hüquq müdafiəsi ilə məşğul olmağa başlayıblar. Lakin bu təşkilatın əsas işi müxtəlif dövlətlərdən pul alıb E.Kayliyə ötürmək və bu pulun müqabilində həmin dövlətlərin maraqlarını müdafiə edən qərarların Avropa Parlamentində çıxarılmasına nail olmaqdan ibarət idi. Polisin apardığı axtarışlar zamanı Eva Kaylinin evindən 600 min avro, iş otağından isə 20 min avroya yaxın nəğd pul tapıldı. Bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Təbii ki, onların heç biri bu pulların mənbəyini izah edə bilmədilər.
Müstəntiqlər deyirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır ki, AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıblar.
Ötən ilin aprelində isə Avropa Parlamentində daha bir korrupsiya qalmaqalı yaşandı. Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında axtarış apardılar. Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiyadır və üzvləri ən çox yerə sahibdirlər.
Onda "Thueringer Allgemeine" qəzeti mənbələrə istinadən yazırdı ki, axtarış Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır.
Rüşvət və korrupsiya qalmaqallarında erməni lobbisinin də rolu diqqət mərkəzindədir. Brüsseldə oturan erməni iş adamı Kaspar Karampetyanın Avropa Parlamentindəki korrupsiya və rüşvət mexanizmlərində mühüm rol oynadığı iddia edilir. Erməni mafiyasının Belçikadakı əsas siması Kaspar Karampetyan eyni vaxtda Yunanıstan, Ermənistan və Lüksemburq vətəndaşıdır. Bu şəxs öz biznesini qanunsuz almaz qaçaqçılığı da daxil olmaqla, müxtəlif qeyri-leqal biznes fəaliyyətləri hesabına qurub. Adı mafiya əməllərində də hallanan Karampetyan Ermənistanın və özünün biznes maraqlarının müdafiəsi üçün avropalı məmur və deputatlara bu vaxtacan milyonlarla vəsait paylayıb.
Əlbəttə ki, sadalanan faktlar Avropa Parlamentində korrupsiya və rüşvətxorluq halları ilə bağlı polis tərəfindən aşkara çıxarılan bir neçə haldır. İctimaiyyətə məlum açıqlanmayan belə faktlar daha çox olduğu istisna deyil.
Avropa Parlamentindəki rüşvət qalmaqalı Avropa institutlarının nüfuzuna və şəffaflıq səviyyəsinə ciddi təsir göstərir. Korrupsiyaya bulaşmış, rüşvət müqabilində alınan sifarişi yerinə yetirən bir qurum heç vaxt məsələlərə ədalətli yanaşa, düzgün, qərəzsiz mövqe göstərib, obyektiv sənədlər qəbul edə bilməz. Necə ki, biz bunu Azərbaycanın timsalında illərdir ki, görürük.
İndiyədək həmin Avropa Parlamenti Azərbaycanla bağlı çox sayda qərəzli, heç bir əsası olmayan qətnamələr qəbul edib. Təkcə 2021-ci ildən bəri Avropa Parlamenti tərəfindən müxtəlif bəhanələrlə qəbul edilən qərəzlə dolu qətnamələrin sayı 8-dir. Bu gün ədalət hissini itirən, şəffaflıq anlayışı olmayan bir qurumun sənədlərinin də heç bir çəkisi, əhəmiyyəti ola bilməz.