Bu günlərdə yazıçı İradə Aytelin “NESO” adlı sənədli romanı işıq üzü görüb.
525.az xəbər verir ki, “Tovuz" Xeyriyyə Cəmiyyətinin maddi dəstəyi ilə çap olunan kitab DSX-nın Horadiz Sərhəd Dəstəsinin Bölük komandiri, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə iştirak etdikdən sonra 2021-ci il, 16 iyun tarixində Laçın rayonunun Cicimli kəndində şəhadətə yüksəlmiş Baş Leytenant Nəsibov Elməddin Süleyman oğlunun ömür və döyüş yollarından bəhs edir.
Kitabın adı barədə müəllif belə deyir: “Baş Leytenantın uşaqlıq arzusu olub xalq tərəfindən tanınmaq, sevilmək. Kiçik yaşlarından yaşadığı küçənin, oxuduğu orta məktəbin divarlarına “NESO” (Nəsibov Elməddin Süleyman oğlu) yazırmış. Bu isə onun ad-soyadını bildirməklə, bir növ şəxsi imzası olub. Kitabımı “NESO” adlandırmaqla şəhidimizin imzasını yaşatmağa çalışdım...”
Xatırladaq ki, bundan əvvəl müəllifin on bir kitabı işıq üzü görüb - "Sevgidən doğulan işıq" (şeirlər), "Bir cüt qızılgül" (sənədli roman), "Çiçək açan dərdlərim" (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr), "Bağışla" (şeirlər), "Seyfəli şəhidləri" (oçerklər), “Leytenant Məcidov” (sənədli roman).