|
|
|
|
“Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri iki ölkənin əlaqələrində yeni dövrün, yeni mərhələnin başlandığını göstərir".
Bunu 525.az-a Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Misir Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu gün iki ölkənin əlaqələri sürətlə inkişaf edir: “Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyib. Azərbaycan Misirlə BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edir. 1994-cü ildə ulu öndər Heydər Əliyev bu ölkəyə səfər edib və mühüm görüşlər keçirib. 2007-ci ildə cənab Prezident İlham Əliyev Misirə səfər edib. Əlaqələrimiz həmin dövrdən sürətlə inkişaf etməyə başlayıb. Cənab Prezidentin Misirə budəfəki səfəri də xüsusi önəm daşıyır. Məlum olduğu kimi bir müddət bundan əvvəl Misir Prezidenti Azərbaycanda səfərdə olub. Azərbaycan liderinin bu ölkəyə səfəri isə əlaqələrimizdə yeni dövrün, yeni mərhələnin başlandığını göstərir. İki dövlət arasında əlaqələr, əməkdaşlıq daha da güclənir, inkişaf edir".
Səfər zamanı mühüm sənədlərin imzalandığına diqqət çəkən C.Məmmədov deyib ki, iki ölkə iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün böyük potensiala malikdirlər: "Misirin əczaçılıq, nəqliyyat imkanları çox genişdir. Bütün bunlar bizə əlaqələrimizi daha da gücləndirməyə, möhkəmləndirməyə, yeni uğurlara imza atmağa imkan verir".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Fələstin məsələsində sərgilədiyi mövqe çox önəmli bir mövqe idi: "Cənab Prezident qətiyyətli şəkildə Fələstinin mövqeyini dəstəklədi. Hesab edirəm ki, bu, Azərbaycanı Fələstin məsələsində günahlandırmağa çalışanlara çox dəqiq və konkret cavab idi. Azərbaycan İsrail ilə bərabər Fələstinlə də əlaqələrini gücləndirir, diplomatik nümayəndəlik açıb, məktəb tikir. Biz 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olmaqla iki dövlət prinsipini dəstəkləyirik. Ölkəmiz Qoşulmama Hərəkatı çərçivəsində də daim Fələstinə öz dəstəyini verib, Fələstinlə bağlı məsələlərə çox həssas münasibət göstərib. Azərbaycan müharibənin dayandırılmasını, qırğına son qoyulmasını istəyir və Fələstin dövlətinin yaradılmasının birbaşa tərəfdarıdır. Biz prosesin BMT-nin müvafiq sənədləri əsasında tənzimlənməsini dəstəkləyirik. Bu mənada həmin açıqlama Azərbaycana qarşı iddialara və ittihamlara ciddi cavabdır”.
C.Məmmədovun fikrincə, bu səfər həm də İslam həmrəyliyinin gücləndirilməsi prosesinə öz töhfəsini verəcək: "İslam həmrəyliyinin gücləndirilməsi baxımından səfər xüsusi önəm daşıyırdı. Hər iki ölkə müsəlman ölkələridir, hər ikisinin çox böyük potensialı var. Bu imkan verir ki, mövcud potensialdan ən yaxşı formada istifadə edək və əlaqələrimizi yeni bir mərhələyə, yeni səviyyəyə qaldıra bilək.
Prezidentin Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünün əhəmiyyəti böyük idi. Əl-Əzhər Universiteti müsəlman dünyasının ən böyük, ən önəmli dini mərkəzlərindən biridir. Bu gün Azərbaycan da, Misir də İslam mədəniyyətinin, İslam dəyərlərinin qorunmasına, birlik və həmrəyliyin güclənməsinə töhfə verən dövlətlərdəndir. Bu məqam ölkələrimiz arasında əməkdaşlığın, birliyin, həmrəyliyin güclənməsinə təbii ki, öz töhfəsini mütləq verəcək. Bütün qeyd edilənlər bir daha onu göstərir ki, cənab Pezidentin səfəri əlaqələrimizdə yeni üfüqlər açan səfər oldu".
Pərvanə