|
|
|
|

Fransada prezident Emmanuel Makronun elan etdiyi növbədənkənar parlament seçkilərinin ikinci turu başa çatdı. Nəticələr solçu liderlərin hesablamalarının özünü doğrultduğunu göstərdi. Belə ki, “Yeni Xalq Cəbhəsi” səslərin çoxunu qazanaraq parlamentdə əsas qüvvəyə çevrildi.
Yada salaq ki, Makronun rəhbərlik etdiyi “İntibah” partiyası iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə 15,2 faiz, Marin Le Penin qurucusu olduğu Milli Birlik isə daha yüksək nəticə - 31,50 faiz səs alıb. Bundan sonra Makron parlamenti buraxmaq barədə qərar verdi. Onun bu qərarının riskli olduğu Avropa İttifaqında açıq şəkildə bildirilirdi. Eyni zamanda ölkə daxilində də erkən seçki qərarı dəstək almamışdı.
Seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçirilib. Fransa parlamenti 577 deputatdan ibarətdir. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Fransada seçkilər majoritar sistem üzrə iki turda keçirilir - namizədlər partiya siyahıları ilə deyil, 577 dairə üzrə seçilir. Amma heç bir blok mütləq çoxluğu əldə edə bilməyib. Belə ki, solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gələrək 182 yer qazanıb. Fransa Daxili İşlər
Nazirliyinin məlumatına görə, ikinci yerdə 168 yerlə Fransa prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyasıdır.
Jordan Bardellanın “Milli Birlik” partiyası isə parlamentdə 143 yer tutaraq üçüncü olub.
Bununla yanaşı, “Respublikaçılar” partiyası 45 yer qazanıb. Daha 39 yeri isə seçkinin digər iştirakçıları tutub. Seçkinin nəticələrini şərh edən “CNN” telekanalı qeyd edib ki, bu, heç bir partiyanın mütləq səs çoxluğu (289 yer) qazana bilmədiyi mənasına gəlir.
Onu da vurğulayaq ki, seçkilərin birinci turunda ifrat sağçılar qələbə qazanmışdı. Birinci turdan sonra 200 nəfərin namizədliyini geri götürməsi “Milli Birlik” partiyasının mütləq çoxluqdan uzaqlaşdırılmasına, makronçuların isə daha artıq yer qazanmasına təkan vermiş oldu.
İndi Fransada Baş nazir Qabriel Attalın istefası və “Yeni Xalq Cəbhəsi”ndən namizəd irəli sürülməsi gözlənilir. Sol blokun lideri Jan-Luk Melanşon tərəfdarlarına müraciətində Fransa Prezidenti Emmanuel Makronun seçkilərdə məğlubiyyətini etiraf etməli olduğunu bildirərək, ölkənin hazırkı Baş naziri Qabriel Attalı istefaya çağırıb. O, həmçinin solçu koalisiyaya yeni kabinet formalaşdırmağa icazə verilməli olduğunu vurğulayıb. Qalib koalisiyanın lideri bəyan edib ki, prezident hansısa yolla indiki vəziyyətdən üstün olmağa çalışmamalıdır.
Makronun koalisiyası ilə ittifaqı istisna edən siyasətçi deyib ki, solçular yeni hökumətdə öz siyasi proqramlarını həyata keçirməyə hazırdırlar. Prezident Makronun onları hakimiyyətə buraxacağı və ya alternativ çoxluq tapmağa çalışacağını isə yaxın zaman göstərəcək. İstənilən halda, makronistlərin qanunverici orqanda əhəmiyyətli təsirini itirməsi faktı dəyişmir.
Birinci turun qalibi ifrat sağçı “Milli Birlik” üçüncü yerlə kifayətlənsə də, yeni çağırışın aşağı palatasında deputat sayını xeyli artıra bilib. Bu, fransız millətçiləri üçün tarixi nəticə hesab olunur. Yeri gəlmişkən Jordan Bardella, ikinci turdan əvvəl namizədlərin bir-birinin lehinə geri çəkilməsinin partiyasının hakimiyyətə gəlməsinə mane olduğunu deyərək, bunu pisləyib.
28 yaşlı keçmiş Baş nazir namizədi tərəfdarlarına deyib: “Milyonlarla fransızı öz ideyalarının həyata keçirilməsini görmək imkanından məhrum etmək ölkənin gələcəyi üçün məqbul ssenari ola bilməz. Emmanuel Makron institutlarımızın iflicinə görə məsuliyyəti şüurlu şəkildə öz üzərinə götürməklə ölkəni qeyri-müəyyənliyə və qeyri-sabitliyə doğru sövq edib".
“Milli Birlik” liderləri üçüncü yeri məğlubiyyət hesab etməkdən imtina edirlər, onlar bunu “təxirə salınmış” qələbə adlandırırlar. Bildirirlər ki, 2027-ci ildə keçiriləcək prezident seçkilərində uğur qazanmaq şansları var.
Qabriel Attal isə iyulun 26-da açılışı olacaq Olimpiya Oyunlarına istinad edərək, istefasından asılı olmayaraq, tələb edildiyi müddətdə öz vəzifələrini yerinə yetirəcəyini söyləyib.
Fransada növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinin elan edilməsindən sonra vəziyyət gərginləşib. Dinc başlayan aksiya polisin müdaxiləsindən sonra qarşıdurmaya çevrilib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və rezin dəyənəklərdən istifadə edib.
“Reuters” agentliyinin yazdığına görə, seçkilərin nəticələri Prezident Emmanuel Makrona ağır zərbə olub. Fransa Prezidenti son nəticədə parçalanmış parlament sindromu əldə edib, bu isə ölkənin Avropa İttifaqında və onun hüdudlarından kənarda mövqeyini zəiflədəcək, həmçinin daxili gündəlikdə duran məsələlərin həllində çətinliklər yaradacaq.
“Capital Economics” nəşri qeyd edib ki, parçalanmış parlament Fransanın Aİ büdcə qaydalarına riayət etməsində lazım olan büdcə kəsirlərini qüvvəyə mindirmək sahəsində hansı bir hökumət üçün çətin olacaq.
Onu da vurğulayaq ki, Fransa Milli Assambleyasına seçkilərin ikinci turunda bu ölkənin dənizaşırı ərazilərini təmsil edən iki namizəd parlamentə seçilib. 40 ildə ilk dəfə olaraq Yeni Kaledoniyada müstəqillik tərəfdarı olan lider Fransa Milli Assambleyasında mandat qazanıb. 1989-cu ildə öldürülən Kanak lideri Jan-Mari Tjibaounun oğlu Emmanuel Tjibaou 1986-cı ildən bəri Milli Assambleyada mandat qazanan ilk müstəqillik tərəfdarı olub.
Digər seçki dairəsində qalib isə Parisə loyal olan namizəd Nikolas Metzdorfdur.
Məğlubiyyətə baxmayaraq, Fransa lideri istefa vermək niyyətində deyil. O, prezidentlik müddətini tam başa vuracağını (2027-ci il) bəyan edib.
Xarici ekspertlər hesab edirlər ki, beşinci Respublika təlatüm dövrünə qədəm qoyur. Prezident və Baş nazirin müxtəlif siyasi qüvvələri təmsil etməsi Fransa üçün yeni deyil, lakin hər hansı bir partiya üçün inamlı çoxluğun olmaması görünməmiş bir hadisədir. Makronun bir neçə variantı var, o cümlədən, texniki kabinetin formalaşdırılması və bir ildən sonra təkrar seçkilərə gedilməsi, yaxud alman ssenarisinə uyğun mülayim sağ və sollarla koalisiya danışıqlarına gedilməsi. Bu arada Yelisey Sarayı lazımi qərarlar qəbul etməzdən əvvəl yeni parlament fraksiyalarının yaradılmasını və son güc balansının müəyyənləşdirilməsini gözləyəcəyini açıqlayıb.
Serji Universitetinin əməkdaşı və “Institut Brennus” Assosiasiyasının təsisçisi Eduard Husson hesab edir ki, Makron parlamentdə mütləq çoxluq olmadığı halda onun istefasını tələb edən siyasi qüvvələrin artan təzyiqi ilə üzləşə bilər. O, Fransa liderinin ölkədə qiyam qorxusunu da xatırladıb:
"Makronizmin bir xarakterik xüsusiyyəti var - bu, Beşinci Respublika üçün qeyri-adi nisbətlərdə tətbiq edilən həm sözdə, həm də fiziki zorakılıqdır".
Nümunə olaraq tarixçi 2018-2019-cu illərdə “Sarı jiletlilər”in etirazlarının sərt şəkildə yatırılmasını göstərib. Onun sözlərinə görə, hadisələr zamanı onlarla insan öldü və daha çox insan isə zərər çəkdi.
Rusiyalı politoloqlar isə proqnoz edirlər ki, ölkədə qeyri-sabit hakimiyyət olacaq və siyasi cəhətdən zəifləyəcək.
“Fransa parlamenti üç hissəyə bölür, burada hər hansı bir hökumət blok xarakteri daşıdığı üçün zəif və qeyri-sabit olacaq. İstənilən halda Fransa bu seçkilərdən siyasi cəhətdən zəifləyərək çıxacaq”, - hərbi ekspert Boris Rojin deyib.
O həmçinin qeyd edib ki, Fransa prezidenti faktiki olaraq respublikanın qarşısında duran strateji problemlərin həlli perspektivindən məhrumdur.
Politoloq Malek Dudakova görə, “makronistlər tənəffüs edirlər – Britaniyadakı mühafizəkarlar kimi onlar da tam məğlubiyyətdən qaça biliblər. Amma qarşıdakı bir il onları xaos, bölünmüş parlament və qeyri-funksional azlıq hökuməti gözləyir. Yalnız 2025-ci ilin iyununda yeni seçkilər keçirilə bilər”.
Gözlənildiyi kimi, Fransadakı erkən seçkilər Makronu xilas edə bilmədi, əksinə, onun məğlubiyyəti və çətin vəziyyətə düşməsi ilə nəticələndi. Proqnozlar yaxşı heç nə vəd etmir, Makron sonunun başlanğıcına qədəm qoyub.



