|
|
|
|

Bu günlərdə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü mühüm əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrildi. Zirvə görüşü Türk dövlətlətinin birliyini, həmrəyliyini, gücünü bir daha bütün dünyaya nümayiş etdiridi. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Zirvənin sonunda imzaladıqları Qarabağ Bəyannaməsi və qəbul edilmiş qərarlar şübhəsiz ki, Türk dünyasının həmrəyliyini və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Bəyannamədə türk dünyasının regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu qeyd olunub. Türk dövlətlərinin regionda və dünyada qlobal ticarətin və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla, müvafiq nəqliyyat infrastrukturunun və səmərəli trans-regional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Onu xüsusi qeyd etmək lazımdır ki, bu Zirvənin Azərbaycan dövləti və bütün azərbaycanlılar üçün böyük mənəvi əhəmiyyət kəsb edən azad edilmiş Şuşa şəhərində keçirilməsi və Türk dövlətləri liderlərinin iştirakı onların ölkəmizə növbəti dəstəyinin ifadəsi kimi də qiymətləndirilməlidir. Şimali Kipr Türk Cümhuriyəti liderinin və Macarıstanın Baş nazirinin bu sammitdə iştirakı bəzi Avropa dairələrində qıcıq yaratsa da, bu, heç nəyi dəyişmir. Çünki türk dünyası öz birliyini gücləndirməkdə qətiyyətlidir.
Azərbaycan Prezidentinin dediyi kimi, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: "Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır".
Prezident İlham Əliyev vurğulayıb ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir: "Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir".
Bütövlükdə 200 milyondan artıq əhalisi olan Türk dünyası geniş coğrafi ərazini əhatə edir və əhəmiyyətli enerji ehtiyatlarına, nəqliyyat kommunikasiyalarına və müasir müdafiə imkanlarına malikdir. Türk Şurasının 2021-ci il noyabr toplantısında yaradılan Türk Dövlətləri Təşkilatı səviyyəsinə yüksəldilməsindən bugünədək müxtəlif istiqamətlər üzrə 30-a yaxın təşəbbüs irəli sürülüb. Bu gün onların ardıcıl şəkildə həyata keçirilməsi üçün imkanlar mövcuddur. 2023-cü ildə TDT-yə üzv dövlətlər arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 27,3 faiz artaraq 42 milyard dollara çatıb. Quruma daxil olan dövlətlərin ümumi ÜDM-i hazırda 1.5 trilyon dollar təşkil edir.
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı "525"ə deyib ki, Şuşa növbəti dəfə Azərbaycanın təşəbbüsü ilə Türk dövlətlərinin toplaşdığı mühüm məsələləri müzakirə etdiyi məkan oldu: "Bildiyimiz kimi, əvvəlki dövrlərdə də Şuşada dəfələrlə müxtəlif tədbirlər keçirilib. Xüsusilə də son tədbirin əsas məqsədi Türk dövlətlərinin birliyinin, həmrəyliyinin daha da gücləndirmək və Türk dövlətlərini beynəlxalq bir gücə və təşkilata çevirməkdir. Əslində bu gün dünyada çox ciddi proseslər gedir, bu gün biz artıq beynəlxalq təşkilatların öz rolunu oynaya bilmədiyini dünyada gərginliyin və münaqişələrin artığını görürük və bu mənada Azərbaycanın növbəti dəfə belə bir tədbirə ev sahibliyi etməsi, növbəti dəfə belə bir təşəbbüslə çıxış etməsi olduqca vacib və önəmli bir məsələ kimi qiymətləndirilməlidir".
Deputat deyib ki, Prezident çıxışında çox önəmli məsələlərə toxunub: "Bu gün Türk dövlətlərinin əməkdaşlığı üçün çox böyük imkanları var. Azərbaycan və Türkiyə olduqca mühüm kommunikasiya xətlərinin üzərində yerləşir və yükdaşımaları üçün çox geniş imkanlar mövcuddur. Azərbaycan iqtisadi potensialını da daha da gücləndirir. Orta Asiya respublikaları öz məhsullarını Azərbaycan ərazisindən keçirməklə dünyanın müxtəlif bölgələrinə göndərə bilirlər. Və bu da olduqca vacib və mühüm məsələlərdən biridir. Digər məsələlərdən biri isə məlum olduğu kimi, Şuşa bu gün İslam mədəniyyətinin paytaxtıdır və ondan əvvəl Türk dünyasının paytaxtı idi. Bu gün Azərbaycan xalqı hər il 8 noyabrı Zəfər Günü kimi qeyd edir. Türk liderlərinin bura gəlməsi burada görülən işləri görməsi və eyni zamanda Ermənistanın törətdiyi vəhşiliklər ilə yaxından tanış olması da çox önəmlidir. Bu gün Azərbaycan Şuşanı, Qarabağı yenidən qurur, yenidən dirçəldir və bu tədbir bir daha onu göstərir ki, Şuşa Azərbaycanındır, Qarabağ Azərbaycandır və Azərbaycan bu əraziləri azad etdikdən sonra qısa bir zamanda burada böyük quruculuq və abadlıq işlərinə başlayıb. Bu sammit həm də Türk dünyasının birliyinin, həmrəyliyinin göstəricisidir, müxtəlif vəziyyətlərdə müxtəlif şəraitlərdə türk dövlətlərinin bir-birinin yanında olduğunun göstəricisidir.
Bu gün biz Türk dünyasının daha sürətli formada inkişaf etdiyini birləşdiyini və gücləndiyini açıq aydın görürük və bütün bunlar da ona əsas verir deməyə ki, Türk dünyası yaxın müddətdə böyük bir gücə və böyük bir potensiala çevriləcək və bu bizə imkan verəcək ki, biz qarşımıza qoyduğumuz hədəf və məqsədlərə nail olaq".
Millət vəkili Musa Quliyev də Türk Dövlətləri Təşkilatının Azərbaycanın təşkilatçılığı ilə Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünü tarixi hadisə adlandırıb. Onun sözlərinə görə, bu, istər Şuşanın, istərsə də türk dövlətlərinin tarixi üçün çox əlamətdardır: "Bu görüşün Şuşada keçirilməsi də görüşün əhəmiyyətini artıran məqamlardan biridir. Əvvəla, Şuşa tək Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət mərkəzidir. Eyni zamanda üç il bundan öncə Türkiyə ilə Azərbaycan arasında Şuşa bəyannaməsi də iyunun 15-də məhz bu şəhərdə imzalanıb".
Deputat bildirib ki, görüşdə imzalanan bəyanat Şuşa bəyannaməsinin davamıdır, o bəyannamədən doğan bu günün tələbi və sabaha çağırışdır: "Bu görüş türk dünyasının birliyini daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda dünyaya bəyan edildi ki, Şuşa, Qarabağ bütövlükdə tək Azərbaycanın deyil, türk dünyasının ən əziz məkanlarından biridir və ayrılmaz parçasıdır. Tədbirdə həm Macarıstanın, həm də Şimali Kipr Türk Respublikasının iştirakı və onların türk dövlətləri birliyinə məşvərətçi üzv kimi qəbul olunması ilə bağlı bəyannamədə xüsusi bəndin göstərilməsi də çox ciddi irəliləyişdir. Bununla həm TDT-nin sırası genişləndirilir, həm də münasibətlər daha da sıxlaşır.
Şuşada baş tutan görüş artıq bütün dünyaya səs salıb. Burada keçirilən tədbir, edilən çıxışlar, verilən bəyanatlar cənab Prezidentin ayrı-ayrı türk dövlətləri rəhbərləri ilə görüşlərində səsləndirilən fikirlər hazırda dünya politoloji məkanlarında diqqətlə öyrənilir və araşdırılır. Bu da faktdır ki, artıq TDT dünyada öz mövqeyini gücləndirir və artıq bir çox birliklər bu təşkilatla hesablaşmalı olurlar. Bəzi hallarda isə konkret olaraq Avropa dairələrinin qısqanclığını müşahidə edirik. Şübhəsiz ki, TDT hər hansı dövlətə və quruma qarşı deyil, heç kəsə təhlükə yaratmır. Bəyanatda da göstərildiyi kimi, kökü, dini, dili bir olan xalqları daha da bir araya gətirir".



