Əlcəzairdə Liviya sərhədinə yaxın səhra bölgəsində itən 14 nəfərin cəsədi tapılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Əlcəzair mərkəzli qeyri-hökumət təşkilatı Axtarış və Xilasetmə Dərnəyinin "Facebook" hesabından edilən açıqlamada Liviya ilə həmsərhəd İlizi əyalətində səhrada itən 12-si Suriya vətəndaşı olan 14 nəfərin ölü olaraq tapıldığı bildirilib.
Belkubur bölgəsində tapılan yaşları 10-57 arasında olan 14 nəfərin cəsədi İlizi vilayətinin Burc Ömer İdris bölgəsindəki meyitxanaya aparılıb.
Suriyanın Əlcəzair səfirliyindən verilən yazılı açıqlamada səhrada cəsədi tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib.
Məsələ ilə bağlı Əlcəzair rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Bildirilib ki, Əlcəzairin mərkəzi və cənub bölgələrindəki səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb.
Qeyd edək ki, Əlcəzairin cənub əyalətləri qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.
Malik Atilay