Yaponiya və Cənubi Koreya liderləri Şimali Koreyanın Rusiya ilə son münasibətlərini “ciddi təhlükə” kimi qiymətləndiriblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin 24 ildən sonra keçən ay Şimali Koreyaya ilk səfəri region ölkələrini narahat edib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol və Yaponiyanın Baş naziri Kişida Fumio ABŞ-də keçirilən NATO Liderlər Sammitində iştirak ediblər.
Zirvəyə ittifaq üzvü olmayan “Hind-Sakit okean ölkəsi” statusu ilə qatılan Kişida və Yoon 35 dəqiqəlik görüşdə regional hadisələri müzakirə ediblər.
Görüş zamanı Yoon Şimali Koreyanın Rusiya ilə imzaladığı və “hərbi və iqtisadi əməkdaşlığı gücləndirəcək” tərəfdaşlıq müqaviləsinə toxunub.
Cənubi Koreya lideri bəyan edib ki, assosiasiya sazişi “qlobal təhlükəsizlik, eləcə də Şərqi Asiya regionu üçün ciddi narahatlıq yaradır”.
Kişida Yaponiya və Cənubi Koreya liderlərinin "strateji məsələlərdə möhkəm etimad və anlaşma münasibətlərinin" olmasının vacib olduğunu bildirib.
Rusiya və Şimali Koreya arasında inkişaf edən münasibətlərin “ciddi təhlükə” olduğu ilə razılaşan liderlər son zamanlar regional təhlükəsizlik problemlərini müzakirə ediblər.
Malik Atilay